Parlamentdə narazılıq: haqsız rəqabət və təyyarə biletlərinin qiyməti deputatları narahat edir

Cəmiyyət

20.10.2023 - 20:17

Qüdrət Həsənquliyev: “Bu gün Azərbaycanda iqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir”

Siyavuş Novruzov: “Naxçıvan blokadada olduğuna görə, təyyarə xərcləri dövlət büdcəsi tərəfindən ödənilməlidir”

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edilib, yeni qanun layihələri müzakirə olunub. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılmalıdır.

Millət vəkili vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəni həm də iqtisadiyyatı Ermənistanla müqayisədə güclü olduğu üçün qazanıb: “Mərhum Prezident Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu gün Azərbaycanda iqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Haqsız rəqabətin formalarından biri inhisarçı fəaliyyətdir ki, bu da Rəqabət Məcəlləsində əksini tapmayıb. Hesab edirəm ki, dövlətin mülkiyyətində olanlar özəlləşdirilməli, parçalanmalıdır ki, onların bazarda payı 35 faizdən çox olmasın”.

“Bununla yanaşı, Azərbaycanda Cinayət Prosessual Məcəlləyə dəyişiklik edilməlidir. Bu cür cinayətlərlə Vergi Xidməti məşğul olmalıdır. Əgər iqtisadi sferada cinayət tərkibi olarsa, bu məlumatlar hüquq mühafizə orqanları tərəfindən aidiyyəti qurumlara göndərilməlidir. Qaçaqmalçılıqla bağlı cinayət işləri Dövlət Gömrük Komitəsinə göndərilməlidir. Rusiyada artıq belə addım atılıb. Bizdə də bu addımın atılması iqtisadiyyatın inkişafına səbəb ola bilər”, - deyə Həsənquliyev vurğulayıb.

Müzakirədən sonra qanun ikinci oxunuşdan keçib.

İclasda həmçinin “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Müzakirə zamanı deputat Siyavuş Novruzov Naxçıvana uçuşlarla bağlı təklif səsləndirib. Millət vəkili bildirib ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına həll edilməlidir: “Bu gün təyyarəyə biletin qiymətinin baha olması deputatları narahat edir. Müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də bizi narahat edən amildir. Biz AZAL-da görüşdə bu məsələləri qaldırdıq. Mən Naxçıvandan deputat seçilmişəm, gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon manat dotasiyanın 20-25 faizi bilet məsələsinə aid edilir. Qalan bütün yük AZAL-ın üzərinə düşür”.

“Hesab edirəm ki, Naxçıvan blokadada olduğuna görə, təyyarə xərcləri dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar indi qaydasına düşüb, ancaq yerdəyişmələr olur", - Novruzov bildirib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu