Pandemiyadan sonra dünya seçim qarşısında qalacaq

Dünya

04.04.2020 - 17:50

Dünyanı seçilmiş siyasətçilər deyil də, xüsusi xidmət orqanları idarə etməyə başladılar...

 

Pandemiyadan sonra Dünya seçim qarşısında olacaq – Bəşəriyyət ya daha sıx inteqrasiya olub mənasız problemlərdən, süni qarşıdurmalardan, axmaq hərbi rəqabətdən əl çəkəcək, ya da tam tərsi, hər ölkə öz içinə qapanaraq problemləri təkbaşına çözməyə, sərhədləri qapatmağa, güclünün haqlı olduğu, zəifin əzildiyi, hüququn tapdalandığı bir dönəmə girəcək.

 

İnsanlığın son 100 ildə bir neçə gözəl təşəbbüsü olub – Unversal İnsan Haqları Konsepsiyası, azad və rəqabətli bazarın vacibliyi, hüququn üstünlüyü, demokratiyanın genişlənməsi, amma indi görünən odur ki, Bəşəriyyətin bu qazancları təhlükə altına düşüb. Qərbdə ciddi liderlik böhranı yaşanır, bunun səbəbləri haqqında illər öncə yazmışdım: Son 50 ildə ABŞ və Avropada biznes təşəbbüskarlığı daha cəlbedici oldu deyə ağıllı, bilikli, yüksək savadlı insanlar dövlət işi və siyasətdən aralı düşdülər. Siyasətdə olmaq daim diqqət mərkəzində olmaqdır – şəxsi həyatın yox, daim özün kimi deyil də, başqalarının səni görmək istədiyi kimi davranmalısan, bundan başqa “politkorrektlik fetişizmi” yarandı deyə getdikcə daha az insan siyasətdə səmimi olmağa başladı. Nüfuzlu Universitetləri çox yüksək göstəricilərlə bitirən gənclər biznesə üz tutdular, ya böyük şirkətlərədə çalışıb yüksək maaş aldılar, ya da öz bizneslərini qurdular. Dövlət işində, siyasətdə həm maaş az, həm məsuliyyət çox, həm də məhdudiyyətlər boğazacandır deyə bacarıqlı insanlar, əsl liderlik keyfiyyəti olan şəxslər bu sahələrdən uzaq düşdülər. Nəticədə Dünya Siyasətinə içiboşlar, ya da xüsusi xidmət orqanlarının nümayəndələri doluşdular. Faktiki olaraq Dünyanı seçilmiş siyasətçilər deyil də, xüsusi xidmət orqanları idarə etməyə başladılar - o pərdəarxası güclərin isə prioritetləri tam başqadır.

 

Daha bir məsələ odur ki, uzun illərdir ki, əsasən, Avropada “texniki” hökumətlər önə çıxdı, texnokratlar üzdə oldu – bunun pis tərəfi odur ki, həmin şəxslərin siyasi öhdəlikləri olmur deyə, siyasi məsuliyyətləri də azdır: Seçki, təkrar seçilmək dərdi yoxdur deyə vətəndaşlar qarşısında məsuliyyətləri də azaldı – nəticədə Dünya siyasəti demokratik çoxluğun diktəsindən (sözün yaxşı mənasında) çıxdı. 


Nə isə, düşünmək üşün çox sayda mövzu var – Dünyaya yeni fəlsəfə, yeni Liderlik konsepsiyası lazımdır. Növbəti keyfiyyətli demokratik dalğa gəlməsə Dünya uzun illər təhlükəsizlik əndişəsi ilə 100 ilik pozitiv qazanclarını geri “qusmağa” başlayacaq...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert