Yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan üç nəfər xilas edilib, yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazitə batmış iki nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.