Həkim: "Uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür"
"2021-ci ildə klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb".
AYNA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib.
Həkim bildirib ki, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1,5 faizini təşkil edir: "Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28 faiz), mərkəzi sinir sisteminin şişləri (18-20 faiz) və limfomalara (12-14 faiz) daha çox rast gəlinir. Digər bədxassəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faizdir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və s.) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür".