Orta Dəhlizlə Türk İttifaqına doğru: dördüncü mərhələ başlayır

Siyasət

13.03.2024 - 18:05

BMTM-nin şöbə müdiri: “Tokayevin səfərinə 2040: Türk Dünyası Vizion Sənədi”nin yerinə yetirilməsində bir addım kimi baxmalıyıq"

Martın 11-də Azərbaycana dövlət səfəri edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki gün davam edən səfəri zənginliyi ilə yadda qaldı. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev Tokayevlə məhdud tərkibdə görüşüb. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Bununla yanaşı, Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

Eyni zamanda, İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Qazaxıstan lideri Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə birlikdə Qarabağda da olub, yenidənqurma işləri ilə tanış olub, açılışlarda iştirak edib.

Türk Dövlətləri Təşkilatına daxil olan Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri, verilən bəyanatlar, imzalanan sənədlər çox əhəmiyyətli qiymətləndirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev Tokayevin Azərbaycana səfəri ilə bağlı AYNA-ya müsahibəsində deyib ki, belə bir səfər çox vacib idi:

- Bu səfəri vacib edən bir neçə səbəb var. Birincisi, son dövrdə geosiyasi dəyişikliklər çərçivəsində Orta Dəhlizin əhəmiyyəti artıb. Burada Azərbaycan və Qazaxıstan Orta Dəhlizdə kritik rol oynayır. Çünki Orta Dəhlizin ən zəif halqası Xəzər dənizindən nəqliyyatda yük daşınmasıdır. BMT-nin nəqliyyat sahəsinə aid komitəsinin hazırladığı  report var idi ki, o reporta görə Orta Dəhlizdə bir çox məsələ həllini tapıb, sadəcə Xəzərdə yük daşınmasının artırılması üçün qarşılıqlı əməkdaşlıq önəmlidir. Ötən il Qazaxıstanla Azərbaycan arasında gəmilərin istehsalı ilə bağlı razılaşma oldu. Bu mənada, əgər Qazaxıstanla Azərbaycan arasında Transxəzər keçidi ciddi şəkildə inkişaf etdirilərsə, bu, Orta Dəhlizdə işlərin daha da sürətləndirilməsi ilə nəticələnəcək.

Tokayevin səfərini vacib edən amillərdən ikincisinə də dəyişən geosiyasi dəyişikliklər aspektindən baxmaq lazımdır. Çünki dünyada güc boşluğu var və həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada böyük dövlətlərin liderliyi axtarışı mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazın, Qazaxıstan isə Mərkəzi Asiyanın lider dövlətidir. Hər iki bölgənin lider dövləti bir araya gələrək bir çox sahələrdə əməkdaşlıq qərarı verib. Bununla bağlı ortada siyasi iradə var.

Ən maraqlı məqam isə odur ki, Tokayev Bakıya səfərindən az əvvəl Azərbaycan mediasına müsahibə verdi və orada qeyd etdi ki, Qazaxıstan uraniumu ixrac etmək üçün Azərbaycanla əməkdaşlıq edəcək. Bu, çox vacib məsələdir.

- Bunu vacib edən nədir?

- Qazaxıstanla Fransa arasında uraniumun ixracı məsələsində anlaşma sənədi imzalanıb. Məlumdur ki, Fransa Azərbaycana  qarşı sərt siyasət həyata keçirir. Hətta bəzi fransız siyasətçilər Azərbaycana qarşı sanksiyalar tətbiqini təklif edirlər. O zaman Azərbaycan Prezidenti sual vermişdi – Fransa Qazaxıstan uraniumunu haradan aparacaq?! Həqiqətən də bu sual aktualdır: Qazaxıstan uraniumunu daşımaq üçün alternativ yol var ki, Paris Bakıya qarşı sərt siyasət həyata keçirir? İndi aydın olur ki, Qazaxıstan uraniumun daşınması ilə bağlı Azərbaycanın rolunu artırmış oldu.

Son illərdə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Qırmızı dənizdə baş verənlər vəziyyəti qəlizləşdirir. Ötən il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınması üçün Bakı ilə Astana arasında müqavilə imzalandı və neftin miqdarı artırıldı. Eyni zamanda, neftin ixracının mərhələli şəkildə artırılması razılaşdırılıb. Həmçinin Bakı-Supsa kəməri ilə Qazaxıstan neftinin ixracı üçün görüşlər, müzakirələr davam etdirilir. Yəqin ki, bu barədə də razılaşma olacaq. Qazaxıstan uraniumunun Azərbaycan üzərindən satışının təşkili istiqamətində razılaşma əldə edildi. İndi Qazaxıstan iqtisadiyyatı üçün strateji mənbələr Azərbaycan vasitəsilə dünya bazarına çıxarılacaq. Bu, özlüyündə böyük siyasi etimad deməkdir.

- Bakıda eyni zamanda, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ilk iclası da keçirildi. Bunun əhəmiyyətini necə qiymətləndirmək olar?

- Şura ilə bağlı ən çox gözlənti ticarət əlaqələrinin artırılması istiqamətindədir. Çünki həm Qazaxıstanla Azərbaycan arasında, həm də Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasındakı ticarət həcmi siyasi münasibətlərin səviyyəsinin çox altındadır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının üzvləri arasında ticarət həcmi artırılmalıdır. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının baş tutması bu sahəyə öz töhfəsini verəcək.

- Belə səfərlər və qarşılıqlı etimad Türk Dövlətləri Təşkilatının ittifaqa çevrilməsinə hansı təsirləri göstərir?

- Çox böyük müsbət təsirləri var. Xatırladım ki, Türk Dövlətləri Təşkilatı ilə bağlı İstanbulda “2040: Türk Dünyası Vizion Sənədi” qəbul olunub. Bu sənəddə iki istiqamət var – birincisi, inteqrasiya , ikincisi, birlikdir. Hələlik türk dövlətlərinin təşkilatı var, amma münasibətlərin sıxlaşması ittifaqın yaranmasına hesablanıb. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin bəyanatlarına diqqət yetirsək görərik ki, “inteqrasiya” ifadəsi tez-tez təkrarlanır. İnteqrasiya isə birlik, ittifaq deməkdir. Bu ölkələr ona görə inteqrasiya etmək istəyirlər ki, iqtisadi siyasət, xarici siyasət, təhlükəsizliklə bağlı siyasət, enerji, nəqliyyat siyasəti kordinasiyalı şəkildə həyata keçirilsin. 1992-ci ildə türk dövlətləri liderləri bir araya gəldi və əməkdaşlıq formatı Liderlərin Zirvəsi adlandı. Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ondan sonra isə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı inkişaf etdirdik. İndi dördüncü mərhələyə doğru gedirik. Bu, Türk İttifaqıdır. Tokayevin Bakıya səfərinə təkcə ikitərəfli münasibətlər çərçivəsində baxmamalıyıq. Eyni zamanda, bu səfərə, danışıqlara Türk Dövlətləri Təşkilatı çərçivəsində davam edən proses, “2040: Türk Dünyası Vizion Sənədi”nin yerinə yetirilməsində bir addım kimi baxmalıyıq. Belə səfərləri, müzakirələri Türk İttifaqına doğru gedən yolda qarşılıqlı addımların atılması  kimi qiymətləndirmək lazımdır.  

Müəllif: Anar Bayramoğlu