“Onlara sübut etdim ki, hər şey mümkündür”

Mədəniyyət

01.05.2021 - 23:10

Cavid Ələkbərli: “Əvvəl elə bilirdim ki, yalnız azərbaycanlı tələbələr tənbəldir”

 

Son bir ildə sənətini Türkiyədə davam etdirən klassik gitara ifaçısı Cavid Ələkbərli AYNA-ya müsahibəsində hazırkı fəaliyyətindən və planlarından danışıb. Beləliklə:

 

- Cavid Ələkbərli illərlə musiqi sənətində çəkdiyi zəhmətdən sonra istədiyi zirvədədir?

 

- İstədiyim zirvəyə heç də yaxın deyiləm. Düzü, piano ifa etməyə başlayanda heç bir arzum yox idi. Amma gitara simli alətini çalmağı öyrənməyə başlayanda artıq məqsədlər qoymuşdum qarşıma. Amma o arzulara, o məqsədlərə nə qədər çatacağını insan bilmir. Gitara çalmağa başlayanda arzulayırdım ki, 30 yaşımda İspaniyaya gedib klassik gitaranın vətənini gəzim. Amma 23 yaşım olanda artıq 3 dəfə İspaniyaya səyahət etmiş oldum. Bu qədər tez arzumun reallaşacağını düşünə də bilməzdim. Daha sonra Türkiyəyə konsertlərə dəvət aldım.

 

Odur ki, bilmirsən, bu zirvəyə nə vaxt və nə qədər qalxa biləcəksən. Bir musiqiçi ancaq və ancaq inkişaf etməlidir ki, o zirvəyə qalxsın. Mən də ancaq bunu edirəm. Fransız bəstəkarı Alexandre Cesar Leopold Bizet o zaman yazdığı “Karmen” baletindən pul qazanmayıb. Amma həmin əsər bu gün dünyanın ən məşhur baletlərindən biridir və bəstəkarın adını əbədi yaşadır. Bunun özü də bir uğurdur və hər musiqiçiyə qismət olmur. Mən də daha ciddi əsərlər yazıb, dünyada konsertlərdə yazdığım əsərləri səsləndirmək istəyirəm. Arzular çoxdur, görək, nə qədəri qismətimiz olacaq.

 

- İstədiyin səviyyəyə çatmaq üçün nələrin gerçəkləşməsi lazımdır?

 

- Əsas istək və məqsəddir. Əvvəllər valideynlərim də bu işə ciddi yanaşmırdılar, ətrafım da həmçinin inanmırdı. Düşünürdülər ki, gitaradan pul qazanmaq mümkün olmayacaq. Mən isə səbrlə onlara sübut etdim ki, hər şey mümkündür. Daha sonra həm ailəm, həm  dostlarım məni dəstəkləməyə başladılar.

 

- Niyə piano yox, klassik gitaraya marağınız yarandı? Necə oldu?

 

- Pianoya başlayanda 5 yaşım var idi. Bu, anamın arzusu olub. Anamın arzusunu gerçəkləşdirmək üçün bu musiqi alətini öyrənməyə başladım. Müəllimlərimin sərt olması da məni sıxırdı və bu musiqi alətinə bağlana bilmədim. 14 yaşında isə ispan musiqiçinin klassik gitara ifasını izlədim. O zaman anladım ki, gitarada solo ifa etmək olur. O vaxta kimi elə bilirdim ki, gitarada ancaq müşayət etmək olur. Həmin gün qərar verdim ki, mən gitaraçı olmaq istəyirəm, həm də solo ifaçı.

 

- Amma bir müddətdir, Türkiyəyə köçmüsünüz. Buna səbəb nədir?

 

- Həyat yoldaşım Türkiyədə ali təhsil alır. Ona görə də təhsil müddəti ərzində burada qalacağıq.

 

- Türkiyədə musiqi sahəsi üzrə işləmək rahatdır, yoxsa Azərbaycanda?

 

- Akademik səviyyədə Türkiyədə işləmək rahatdır. Çünki orada əməkhaqları yüksəkdir. Həm aylıq xərci çıxara bilirsən, həm də gələcək üçün kənara pul ata bilirsən. Özəl olaraq tələbələrə gitara dərsi demək də sərf edir. Azərbaycandan daha çox qazanmaq olur. Amma sənətçi kimi inkişaf etmək üçün Azərbaycanda təhsil daha güclüdür.

 

- Azərbaycanlı tələbələrlə işləmək asandır, yoxsa xaricilərlə?

 

- Mən əvvəl elə bilirdim ki, yalnız azərbaycanlı tələbələr tənbəldirlər. Amma elə deyilmiş. Texnologiyanın inkişafı insanların fikirlərini dağıdıb. Mütləq şəkildə müəllim əyləncəli olmalıdır. Əks halda tələbəyə dərs sıxıcı gələcək və qaçacaq. Bir sözlə, indiki dövrdə tələbələrə dərs demək daha çətindir.

 

- Səhv etmirəmsə, siz Azərbaycan musiqilərini klassik gitara üçün nota çevirirsiniz…

 

- Bəli. 2018-ci ildə mənim ilk kitabım nəşr olundu. O kitabda 20 ədəd xalq və bəstəkar musiqisi var. Bu yaxınlarda yeni kitabım nəşr olunacaq. Bu kitabda 40 əsər olacaq. Bizim musiqilər çətin yazıldığından hər tələbə Azərbaycan musiqisini öyrənə bilmir. Amma aralarında çox istedadlıları da var ki, onlar özləri könüllü şəkildə Azərbaycan musiqilərini öyrənmək istəyirlər. Türkiyədə ən çox “Sarı gəlin”, “Nazəndə sevgilim”, Cahangir cahangirovun “Ay qız” əsəri populyardır. Həmçinin özüm də gitarada musiqilər bəstələyirəm. Son Şur muğamının üzərində işlədiyim kompazisiyadır.

 

- Musiqiçilər təhsil ilə yanaşı həm də məclislərdən, konsertlərdən pul qazanırlar. Bəs siz?

 

- Mənim qazanc mənbəyim müəllimlik olub. Bu, mənim şəxsi xarakterimdən irəli gələn bir şeydir. Bazar yox, özüm istədiyim musiqini ifa etməyə üstünlük verdiyim üçün belə məclislərdə ifa etməkdən qaçmışam.

 

- Konsertlər necə?

 

- Konsertlər gəlirdən çox xərc tələb edir. Məqsəd pul qazanmaq yox, tanınmaqdır. Ansambl üzvü olmaq məsələsinə gəlincə isə, hələlik mənə görə təklif yoxdur. Gələcəkdə ola bilər. Ümid edirəm ki, məqsədlərimə qarşıdan gələn illərdə çatacağam.

Müəllif: Təranə Xudabaxşiyeva