“Onlar deport olunmaqla canlarını qurtara bilməyəcəklər”

Cəmiyyət

01.03.2022 - 18:27

Azər Allahverənov: “Son illər ərzində ilk dəfədir ki, belə bir şəbəkə müəyyən edilir”

“Harada doğulmusansa, orada da işə yarayırsan” ifadəsi çoxdan aktuallığını itirib. Hər kəs imkanlarının daha çox olacağı yerdə yaşamaq istəyir. Azərbaycandan isə ən asan yol qonşu ölkələrə, yəni Rusiya və Türkiyəyə getməkdir. Bir çox insan Avropada, ABŞ-da, Kanadada məskunlaşmaq istəyir, lakin oraya çatmaq çətindir, daimi qalmaq daha çətindir.

Koronavirus pandemiyası zamanı bir çox ölkələrlə sərhədlərin bağlanması və giriş şərtlərinin sərtləşdirilməsi səbəbindən hərəkət etmək xeyli çətinləşib. Miqrasiya prosesi mürəkkəbdir və çoxlu bürokratik prosedurları və yüksək imtina ehtimalını ehtiva edir. Bu, xüsusilə ümidsiz insanları qeyri-qanuni miqrasiyaya sövq edir, baxmayaraq ki, bu addım risklərlə doludur – pulsuz və azadlıqsız qalmaq riski var. Buna baxmayaraq, risk etmək istəyənlər də az deyil, nəticədə bu istəkdən pul qazananlar ortaya çıxır.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun mətbuata verdiyi məlumata görə, son vaxtlar respublikada qanunsuz miqrasiyanın təşkili və saxta sənədlərlə vizaların verilməsi ilə bağlı cinayət işləri başlanıb. Yeddi nəfər barəsində cinayət işi başlanıb, on nəfər axtarışa verilib. Axtarışlar zamanı 97 ədəd saxta möhür aşkar edilib. Prokurorluq xaricdən qayıdan şəxsləri də dindirib.

Miqrant kimi xarici ölkələrə səfər etmək üçün qanunsuz sənədlər aşkar edilərsə, şəxs cinayət məsuliyyətinə cəlb olunur. Eyni zamanda, sənədlərin saxtalaşdırılması ilə məşğul olan şəxslər də məsuliyyətə cəlb olunurlar. Bu sahədə Baş Prokurorluğun İstintaq İdarəsi Dövlət Miqrasiya Xidməti (DMX) ilə sıx əməkdaşlıq edir. Belə cinayətləri törətmiş şəxslər Cinayət Məcəlləsinin 318-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunurlar.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov AYNA-ya qeyri-qanuni miqrasiyadan danışarkən xatırladıb ki, 90-cı illərin sonu, 2000-cü illərin əvvəllərində onun təşkilində iştirak edən mərkəzlərin aşkarlanması ilə bağlı məlumatlara tez-tez yerli mətbuat orqanlarında rast gəlinirdi: “Hazırda Avropa İttifaqı ölkələrində qeyri-qanuni yaşayan miqrantların əksəriyyəti oraya saxta sənədlərlə keçə bilib. Saxta sənədlərdən istifadə etməklə siyasi səbəblərdən qaçqın statusu almaq üçün çoxlu sayda müraciətlər olub. Tutaq ki, bir nəfər özünü hansısa müxalifət partiyasının fəalı kimi təqdim edib. Müvafiq strukturlar tərəfindən vaxtaşırı bu sahədə monitorinqlər aparılıb, belə faktlar aşkar edilib və bu prosesdə iştirak edən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib”.

“Lakin son bir neçə il ərzində ilk dəfədir ki, belə bir şəbəkə müəyyən edilir. Buna bənzər hal, təxminən 5 il əvvəl də olmuşdu,  lakin o zaman diqqət miqrasiya aspektinə deyildi. Sonda layiqli cəzasını alan qrup saxta sənədlərlə məşğul olurdu ki, onların arasında bu və ya digər müxalifət partiyasına mənsubiyyətlə bağlı saxta sənədlər də var idi. İndi belə hallar nadirdir, lakin onların sayını daha da azaltmaq üçün vətəndaşlarımızın onların fəsadları barədə məlumatlandırılması son dərəcə vacibdir”, - deyə həmsöhbətimiz söyləyib.

Onun fikrincə, bəlkə də, 20 il əvvəl sənədlərin saxtalaşdırılması cəhdləri daha uğurlu olub: “O zaman sistem o qədər də yaxşı qurulmamışdı və mərkəzləşdirilmiş məlumat toplanması yox idi. Amma indi belə variantlar keçmir. Miqrasiya sahəsində əsas qayda və prosedurların, xüsusən də onun qanunvericilik hissəsinin təmin edilməsi ilə məşğul olan strukturlar sənəd dövriyyəsi sistemini o qədər təkmilləşdirib ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur”.

“Miqrasiya qanunvericiliyinin təmin edilməsində iştirak edən yüksək texnologiyalı sistem yaxşı işləyir. Qeyri-qanuni miqrasiyanı təşkil edənlər, birmənalı olaraq bu sahə haqqında məlumatı olmayan insanları hədəfə alırlar. Belə bir ölkəyə səyahət etmək istəyən hər bir şəxs qanun çərçivəsində hərəkət etməli, bütün sənədləri qanuni şəkildə hazırlamalı, qanundan yayınmağa çalışmamalıdır ki, saxtakarlıq gec-tez üzə çıxacaq. Sonra bu şəxslərə qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Yalnız deportasiya ilə canlarını qurtarmayacaqlar, onları cinayət cəzası gözləyir”, - deyə Allahverənov fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya