October, Ekim, Oktyabr...

Yazarlar

04.10.2023 - 11:18

Oktyabr həm də rənglərin, sonbahar rənglərinin insanı bihuş edən aydır

İngilis dilində 10-cu ay olan “October” adını latın dilindən götürüb. “Octo” latınca “səkkiz” deməkdir və qədim Roma təqvimində oktyabr ayı ilin 8-ci ayı idi. Çünki Yuli Sezarın təqvim islahatına qədər il mart ayından başlayırdı.

Oktyabr 31 gündən ibarət 7 aydan biridir. Cənub yarımkürəsində bahar, Şimal yarımkürəsində isə payız ayıdır. Qış saatına keçən ölkələrdə oktyabr ayı ilin ən uzun ayıdır – 745 saat.

Osmanlı İmperiyasında 10-cu ayın adı “Teşrin-i evvel” idi. “Teşrin” kəlməsi Sumer-Babil-İvrit-Assuriya dillərindəki “Tişri”dən gəlir. Cumhuriyyətin qurulması ilə “Teşrin-i evvel” nisbətən türkcələşdirildi, ona “İlk Teşrin” və ya “Birinci Teşrin” deməyə başladılar.

1945-ci ildə isə “Birinci Teşrin” dəyişdirilərək “Ekim” ayı oldu. “Ekim” adı türk dilindəki “ekme” (əkmə, əkmək) sözündən yarandı, tarlaların əkildiyi ay anlamına gəlir.

Türk ədəbiyyatında “Ekim” ayı “Eylül” qədər şanslı deyil. Sentyabr ayına yazılan şeir və mahnıların sayı oktyabra yazılanlardan xeyli çoxdur. Ekim ayı Eylül qədər şanslı olmasa belə onun adına da tez-tez rastlamaq mümkündür.

Vazgeçtim sen Ekim'de gel,

Eylül'de herkes geliyormuş  -

yazır Cahit Zarifoğlu.

Turgut Uyar isə “damardan” deyir bir az:

Ekim de geldi sen gelmedin.

Eylül toparlanıp gitti işte

Ekim de gider bu gidişle...

Bənzər bir duyğu yükü Mustafa Kutluda hiss edilir:

İğde kokusuna tutunmuş gidiyorum.

Ekim'e yakın,

Eylül'ün bilmem kaçı...

və ya Ceyhun Yılmaz:

Eylül'ün son günü. Gitsin zaten...

Ekim bana daha iyi gelir.

Emre Koçak da bənzər hisslərə kökləyir bizi: 

Ve Eylül bitti...

Ekim daha soğuk olacak.

Ve ikimizde üşüyeceğiz.

Türk poeziyasının Turançı şairi isə belə ifadə edir son bahar hüznünü:

Sonbahardı...

Seninle geçiyorduk o yoldan;

Topraklardan, havadan bir hüzün taşıyordu.

Bize yaklaşıyordu...

Sentyabr vuslat, yəni qovuşma ayıdırsa, oktyabr bir az da həsrət ayıdır, anidən basan payız yağışlarının, buğlanan pəncərə şüşələrinin, pəncərələrə çəkilən ümidlərin ayıdır. Oktyabr həm də rənglərin, sonbahar rənglərinin insanı bihuş edən aydır. Və bir az cavabsız sualların artdığı bir vaxtdır yəqin. Edip Canseverin bir şeirində ifadə etdiyi kimi:

Neyse ki, biz Ekim'dik.

Bitmezdik resimlerde.

Sırasız, dengesiz, yapraksız öyle.

Hem vardık, hem de yoktuk.

Biz sahi nereliydik?...

Mənim uşaqlığımın oktyabr ayları hafizəmdə ailəmizin bir masa arxasında limonlu çay söhbətləri, közlənmiş şabalıd yeyərək atamın doyumsuz söhbətlərini dinləməklərimizlə, anamın mətbəxdə zoğal mürəbbəsi tədarük etməsilə qalıb. Onlar həyatımın ən gözəl günləriymiş məgərsə.

Mərhum anam sentyabr və oktyabr aylarını çox sevərdi. Səbəbini soruşanda belə deyirdi: “Çünki səni oktyabrda dünyaya gətirmişəm, Rəşadı sentyabrda”. Bir dəfə ən çox hansını sevirsən soruşanda, “oktyabr” demiş və əlavə etmişdi: “Sən bizim ilkimiz, böyük oğlumuzsan”.

Məni əzizləmək üçün belə demişdi anam. Ən çox son beşiyini sevər çünki analar…

Mənim ayımdır oktyabr.

Müəllif: İbrahim Nəbioğlu