ON DÖRD CANAVAR

Elçin Şıxlı

17.07.2019 - 14:15

Dostum İskəndər Şəkinskiyə minnətdarlıqla

 

“Ayazlı, şaxtalı bir qış axşamı,

Yeddi yoldaş olub, yola düzəldik”

 

Səməd Vurğun

 

Bu yazıda söhbət nə Yusif Səmədoğlunun “Yeddi oğul istərəm”indən, nə böyük Akira Kurosavanın “Yeddi samuray”ından, nə də Hollivud incisi “Möhtəşəm yeddilik”dən gedir. Söhbət on dörd canavardan gedir…

 

Yelloustoun Milli Parkı (Yellowstone National Park – ing.) 1872-ci ildə ABŞ Prezidenti Uliss S. Qrant (Ulysses S. Grant – ing.) tərəfindən qorunan təbii ərazi haqqında imzalanmış qanuna əsasən milli park elan edilib. Dünyanın və ABŞ-ın ilk milli parkı olan Yelloustoun Vayominq (Wyoming – ing.), Montana və Aydaho (İdaho – ing.) ştatlarının ərazisində yerləşir.

 

Ərazisi 898,3 min hektardır. Çoxsaylı geyzerləri, zəngin flora və faunası, əsrarəngiz təbiəti ilə məşhurdur. 1976-cı ildə Yelloustoun beynəlxalq biosfer qoruq elan olunub, 1978-ci ildə isə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilib.

 

Hal-hazırda Yelloustounda 60-dan çox məməli, o cümlədən canavar, vaşaq, qrizli, dağ aslanı, bizon yaşayır. Maralların sayı isə 30 mindən çoxdur.

 

Ötən əsrin əvvəlində isə vəziyyət tam başqa cür idi. O zamanlar maralları qorumaq məqsədi ilə canavarlara qarşı amansız mübarizə aparılırdı. Və nəhayət 1926-cı ildə insan övladı istədiyinə nail oldu – Yelloustounda canavarların kökünü kəsdi və meydan xırda gəmiricilərdən başqa heç nəyi ovlamağa qadir olmayan yerli çaqqallara – koyotlara qaldı…

 

Artıq marallar rahat otlaya və arta bilərdilər. Elə belə də oldu. Amma…

 

Onlar çoxaldıqca həm bitkiləri yeyərək tükədir, həm də təbii düşmənləri olmadığından, yəni sanitar-canavarlarsız zəifləyir, xəstələnir və cılızlaşırdı. Və bu marallar Yelloustounu başlarına almışdı. Artıq o iri, pərri-budaqlı buynuzlu marallardan da əsər-əlamət qalmamışdı.

 

İnsanlar nə qədər çalışsalar da, cılızlaşmış maralların sayını azalda bilmirdilər. Milli Parkda flora və fauna arasında insanın nadanlığı üzündən tarazlıq pozulmuş, disbalans yaranmışdı. Nəhayət, 1973-cü ildə ABŞ Konqresi nəsli kəsilməkdə olan heyvanların qorunması barədə xüsusi Akt qəbul etməli olur. Xoşbəxtlikdən həmin siyahıya canavarların da adı düşür…

 

1995-ci ildə Yelloustuna 14 canavar buraxılır və az sonra, əziz oxucu, görün nələr baş verir.

 

70 il canavar ayağı dəyməyən yerlərdə ekosistem kökündən dəyişməyə başlayır. Təbii ki, 14 canavar bütün maralları yeyə bilməzdi. Sadəcə marallar daha əvvəlki kimi rahat bəslənə bilmirdi – daha təhlükəsiz otlaq yerləri seçir, bəzi ərazilərdənsə, tamamilə uzaq dururdu.

Elçin Şıxlı