Sənin beynində oğurlanası nə var?"/>

Koronavirus və rus "deza"sı - <font color=red> Sənin beynində oğurlanası nə var?</font>

İbrahim Nəbioğlu

11.08.2020 - 00:52

Geniş kütlələrdə yaranan “beyin bulanıqlığının”, kütləvi psixozun, dərin qeyri-müəyyənlik və müxtəlif fobilərin nələrə yol aça biləcəyini artıq siz düşünün…

 

 

- Çarlz Liberin (Charles M.Lieber) və onun həbsi ilə başlayan hadisələr zənciri

 

- “Deutsche Welle”-nin “Pandemiyada Rusiya mənşəli dezinformasiya iddiası” adlı yazısı

 

- Oxford Universitetinin Rusiya mediası ilə bağlı araşdırması

 

- Demokratiyanı zəiflətmə istəyi və intiqam iddiası

 

“Sosial mediada bir yalan “ayaq tutub yerisə” çox da çətin olmayan proqramlar vasitəsilə bu yalanın mənbəyini, onun ilk dəfə kim və ya kimlər tərəfindən “istehsal edilərək” ortaya atıldığını tapmaq çətin məsələ deyil”  - Bu fikri mənə IT mütəxəssisi bir türk tanışım koronavirus bəlasının yayılmağa başladığı ilk həftələrdə söyləmişdi…

 

2020-ci ilin yanvar ayı idi. Virus haqda "Koronavirus və ya Taclı Fəlakət" adlı məqaləmin 1-ci hissəsini bitirib, yayınlayıb-yayınlamamaq haqda düşünürdüm. Tərəddüd edirdim, "korona" kəlməsini eşidən çox az adam vardı. Təsadüfən Hirş (Hirsch) indeksi 108 olan dünya şöhrətli bir alimin, Harvard Universiteti Kimyəvi Biologiya kafedrasının müdiri, professor Çarlz Liberin (Charles M.Lieber) Federal Kəşfiyyat Bürosu (FBI) tərəfindən həbs edilməsi haqda internetdə qısa bir xəbər oxudum. Nanotexnologiyalar üzrə dünyanın ən nüfuzlu aliminin, tibbi radiologiya, farmakologiya, mikrobiologiya, toxuma və yaraların bərpası, peyvənd və zərdabların hazırlanması haqda 400-dən çox elmi işi olan bir superzəkanın başına açılan bu oyunlar nəticədə Çinin Vuhan şəhərindəki laboratoriyaya qədər uzandı. (Bu haqda silsilə məqalələrimdə ətraflı yazmışam)

 

Liberin həbsinə çox üzüldüm. Ancaq onun həbsindən beş-altı gün sonra sosial mediada bir video dolaşmağa başladı. Yanvar ayının sonu idi, hələ nə koronavirus vahiməsi vardı, nə də pandemiya kabusu. Videonun keyfiyyəti, səviyyəli təqdimatı, montaj və səsləndirməsi onun professionallar tərəfindən hazırlandığını göstərirdi. Video rus dilinə dublyaj edilmişdi. Ertəsi gün eyni video türk dilində qarşıma çıxdı. Çox təəccüb etdim, ancaq üzərində çox durmadım.

 

Yanvarın sonu, fevral və martda koronavirus  xəbərləri yavaş-yavaş dünya mediasının əsas xəbərlərindən birinə çevrildi, martın ortasından sonra artıq gündəmin zirvəsindəki sabit yerini tutmuşdu. Vuhandakı karantin dalğa-dalğa Avropa ölkələrində tətbiq olunmağa başladı. Korona haqda çıxan şaiyə, dedi-qodu, qorxu və dəhşət ssenarilərinin, konspiroloji nəzəriyyələrin sürəti tez bir zamanda virusun yayılma sürətini keçdi.

 

Martın sonundan etibarən dövrəyə Bill Qeyts (Gates)  və çip söz-söhbətləri atıldı. Yenə də rus, türk, ərəb dillərinə dublyaj edilmiş "straşilkalar", absurd və səfeh iddialar meydan sulayırdılar. Bill Qeytsin kim olduğunu, çipin nə işə yaradığını bilməyən beyinsizlər ordusu hansısa gizli bir “Dünya Təşkilatı”nın beyinlərini oxuyacaqlarını deyirdilər. Bir ağıllı adam çıxıb demirdi ki, sənin beynində oğurlanası nə var, kimə lazımdır beynindəki parazitlər və nə üçün səni uzaqdan distans bir müdaxilə ilə öldürməlidirlər?...

 

Bu konspiroloji videolar Türkiyədə geniş rəğbət görmədilər. Türk mediası 4-5 ay durmadan, usanmadan xalqı mövhumatçılara, fəlakət dəllallarına inanmağa imkan vermədi, boşluq buraxmadı, ortaya çıxan ən kiçik şübhə və tərəddüdlərə mütəxəssislərin cavabını verdi. Təəssüf ki, Azərbaycanda bunun tam tərsi bir mənzərə yarandı, "Korona yoxdur", "Virus boş şeydir" deyənlər sürətlə artdı. Məhz bu "darqafalı kütlənin" yaydığı kütləvi inamsızlıq dalğasının yaratdığı acı fəsadlar ikinci karantin dönəminin başlamasına gətirib çıxardı.

 

Dəyərli həkim Vasif İsmayıl, dostum, tanınmış jurnalist, araşdırmaçı Elçin Alıoğlu və başqa sərrast aydın yazı və paylaşımları ilə bu qaragüruhla çox mücadilə etdilər. İstanbuldan dünya mətbuatını izləyir, əlimdən gəldiyi qədər Facebook səhifəmdə mən də müxtəlif informasiyalar yayaraq, məqalə və paylaşımlarımda konspiroloji nəzəriyyələrin nə qədər zərərli və təhlükəli olmasını yazmaqdan yorulmadım. Zamanla, yəni yoluxanların sayının və ölüm vaqeələrinin artması ilə "ağıllıların" və "hərşeyşünasların" səsləri də birdən-birə kəsildi, virus qorxulu mövcudiyyəti ilə çox yaxında dolaşırdı çünki.

Bir sonrakı mərhələdə ortaya atılan psevdoelmi konspiroloji marazmların sayı da azalmağa başladı. 5 avqust 2020 tarixində nüfuzlu alman media qurumu “Deutsche Welle” (DW) sensasiyalı bir məqalə ilə konspirologiya tamarzılarına sarsıdıcı bir zərbə vurdu. 30 fərqli dildə radio, tv və internet yayını yapan “DW”-nin bu məqaləsi bomba effekti yaratdı...

 

“Pandemiyada Rusiya mənşəli dezinformasiya iddiası” adlı məqalədə alman kəşfiyyat xidmətlərinin hesabatları əsasında hazırlanıb və burada Rusiyanın koronavirusla bağlı ortaya atdığı yalan xəbərlərdən bəhs edilir.

Собянин надеется на появление вакцины от коронавируса в сентябре ...

- Koronavirus NATO-nun Rusiyanı yıxmaq üçün apardığı bioterrorizm fəaliyyətidir

 

- İtaliyada virusla mübarizə ancaq Rusiyanın yardımı sayəsində mümkün olmuşdur

 

- COVID-19 adi bir qrip dalğasıdır

 

- Koronavirus Bill Qeytsin Dünya hökmranlığı üçün bir plandır

 

- Rusların koronavirusa qarşı peyvəndi çoxdan hazırdır

 

Əttökən və səfeh iddialar rusların yaydıqları yalanların ancaq kiçik bir hissəsidir.

 

Dünyanın korona vahiməsinə və görünməmiş bir qeyri-müəyyənliyə qapıldığı bir vaxtda, başqa bir epidemiya tüğyan eləməyə başladı - İnfodemiya (Enfodomi). Fevral ayında yaranmış bu yeni termin yalan və qeyri-səhih məlumatların cəmiyyətdə yol açdığı qorxu və panikaya verilən addır. İnfodemiya pandemiya ilə mübarizədə dövlətlər qarşısında yeni problemlər yaradaraq cəmiyyətin ruh halını pozur, dərin tibbi-psixoloji fəsadlar yaradır.

 

“Məqsəd Avropa İttifaqını zəiflətməkdir”

 

Avropa İttifaqı Komissiyasının rəsmisi Peter Stanoya görə pandemiya dezinformasiya üçün mükəmməl bir zəmindir. “DW”-yə danışan Stano bu dezinformasiyalarda məqsədin Avropa İttifaqını nüfuzdan salmaq və zəiflətmək olduğunu söyləyir. İttifaq içində yalan xəbər və hibrid təhlükələrlə mübarizə aparan Stanonun rəhbərlik etdiyi qrup mövzu ilə əlaqəli 600 -dən (!!!) çox yalan xəbər seçərək xüsusi data bankına qeyd edib.

 

Digital dezinformasiyanın fərqli metodları var. Ruslar bu metodlarla ölkələrin səhiyyə sistemlərinə inamsızlıq toxumları əkmək, siyasi liderləri gücsüz və səriştəsiz, demokratik təsisatları qabiliyyətsiz, İttifaq içindəki münasibətləri isə pozulmuş kimi göstərməyə çalışıblar. “Rusiya bəzən verilən açıqlamalara başqa anlam qataraq təhrif edir, bəzən də əxlaqsızca və arsızca yalan söyləyir”, - deyə “DW” yazır.

 

Maraqlıdır ki, Rusiyaya yönəldilən bənzər ittihamlar haqda “Financial Times” (İngiltərə) qəzeti hələ 17 mart tarixində yazmışdı. Avropa Xarici Əlaqələr Xidmətinin (European External Action Service, EEAS) daxili istifadə üçün hazırladığı hesabatda Rusiyanın Avropa İttifaqını daxildən parçalamaq üçün apardığı kampaniyada koronavirusdan istifadə etdiyi bildirilir.

 

“Rusların məqsədi Qərb ölkələrinin tibb sisteminə inamı sarsıdıb səhiyyə sistemində böhranı dərinləşdirmək, bununla koronavirus ilə mübarizədəki effektivliyi aradan qaldırmaqdır”, - deyə “Financial Times” yazırdı.

 

Yalan xəbərlərin daha geniş kütləyə yayılması...

 

5G texnologiyasının COVID-19 virusu yaydığı cəfəngiyyatı İngiltərə, Belçika və Niderlandda mobil rabitənin yer stansiyalarına basqınlarına səbəb olmuşdu. Avropanın aparıcı dövlətlərində belə basqınlara nail olanlar bənzər hücumları nisbətən geridə qalmış Balkan ölkələrində də təşkil edirlər. “Rus təbliğatının aktyorları burada inamsızlıq iqlimi yaradaraq bu ölkələrin Avropa İttifaqına üzvlük planlarına mane olmağa çalışırlar”, - deyə Peter Stano bildirir.

2020-2021 Clarendon Scholarships at University of Oxford

Mövzu ilə bağlı Oksford Universitetinin apardığı araşdırma Rusiyanın dövlət TV kanalları ilə mediasının aparıcı rol oynadığını ortaya çıxardır. Araşdırmada maraqlı bir məqam diqqətimi çəkdi. Məgərsə rusların korona ilə bağlı fransız, alman və ispan dillərində yaydıqları yalan xəbərlər “Le Monde”, “Der Spiegel” və “El Pais” kimi xəbər portallarının kontentindən daha çox rəğbət və diqqət görürlər.

 

Oksfordun araşdırmasında üç dildə çıxmış 35 min 856 məqalə incələnmişdir. Araşdırma qrupundan Christian Schwieter belə deyir: “Russia Today kimi media qurumları daha çox ortalığı qarışdıran və sosial etiraz mitinqləri haqda xəbər hazırlayırlar. Xəbərləri emosional şəkildə elə verirlər ki, sosial mediada insanlar provokativ reaksiya göstərirlər”.

 

Amerikadakı “Afro-amerikan” etirazlarının ruslar tərəfindən işıqlandırılması

 

May-iyun aylarında Amerikanı bürümüş “afro-amerikan” etirazlarının ölkəni xaosa çevirməsində də medianın qızışdırıcı rolunu görməmək mümkün deyildi. O gərgin və qarışıq dövrdə Nyu-Yorkda və ətraf şəhərlərdə, koronadan ölüm və yoluxmanın pikə çıxdığı günlərdə Londonda yaşayan dostum, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu ilə telefonda hadisələri müzakirə edirdik. Sosial şəbəkələrdə yayılan rus dilindəki videolarda İllinoys şəhərində on minlərlə insanın karantinə qarşı çıxaraq iş yerlərinin açılması haqda geniş miqyaslı mitinqlərdən danışırdılar.

 

Zülfüqarın israrı ilə eyni hadisələri TV kanallarından da izlədim - İllinoys küçələrində 20-30 insanın əlində plakat boş-boş “sefilləndikləri” görünürdü. Erməni Marqarita Simonyanın rəhbəri olduğu və Rusiya büdcəsini talayan “Russia Today” kanalı hadisələri elə təhrif edirdi ki, pandemiya haqda bildiklərimiz alt-üst olurdu.

 

Küçə yürüyüşləri və etiraz aksiyalarından bir gün keçmədən operativ şəkildə 3-4 dildə yayımlanan videolar, proqram və xəbərlər hazırlamaq ciddi maliyyə dəstəyi olan böyük media şirkətləri olmadan ortaya çıxarmaq mümkün deyil. 5G, çiplər, koronavirus haqda yayılan "straşilka" adlandırılan video və proqramların keyfiyyətinə, səlist dilinə və xüsusən də onların əsasən rus dilində hazırlandıqlarını xatırlayın - necə böyük bir konspiroloji bataqlığa sürükləndiyimizi görəcəksiniz. Geniş kütlələrdə yaranan “beyin bulanıqlığının”, kütləvi psixozun, dərin qeyri-müəyyənlik və müxtəlif fobilərin nələrə yol aça biləcəyini artıq siz düşünün…

 

Oksfordun hesabatına görə Rusiya dövlət mediasında koronaya qarşı etiraz aksiyaları ilə bağlı xəbər və konspiroloji ssenariləri geniş yer tutur. Bu xəbərləri yayan digər mənbələrin arxasında tam olaraq kimlərin durduğu dəqiq bilinmir. ABŞ-ın təxmininə görə “InfoRos”, “InfoBrics.org” və ya “OneWorld.Press” kimi xəbər kanallarının arxasında Rusiya Ordusunun kəşfiyyat qurumu olan GRU durur. Bu kanallarda korona xəbərləri çoxluq təşkil edir. “New York Times” qəzeti ABŞ kəşfiyyatına istinadən bu xəbərlərin müəllifləri GRU ilə əlaqəsi olan iki nəfərdən çıxdığını yazmışdı.

 

Amerika mediası yayılan bu xəbərlərin məqsədinin noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində qarışıqlıq yaratmaq olduğunu yazır və bunun 2016-cı ildəki rus təbliğat taktikası ilə bənzərliyinə diqqət çəkir.

Андрей Архангельский: Петь про любовь – это тоже политика ...

İntiqam istəyi...

 

Rusiyanın media mütəxəssisi Andrey Arxanqelski indiki təbliğat kampaniyalarının Sovetinkindən fərqli olduqlarını söyləyir. Dezinformasiya kampaniyalarının məqsədlərindən birinin korona ilə bağlı aparılan fəaliyyətlərin təsirini və uğurunu azaltmaq olduğunu ifadə edən Arxanqelski sözlərinə belə davam edir: “Hədəf sadəcə demokratiyanı etibarsızlaşdırmaq deyil. Kreml həm də Soveti dağıdan demokratiyadan intiqam alır”. Arxanqelskiyə görə, bu xüsus üzərində bir az düşünsək yalan xəbərlərlə bağlı çox şey daha yaxşı anlaşılacaqdır.

 

Peter Stano insanların beynindəki bu tərəddüdləri ancaq güclü ictimai şüurla aradan qaldırmaq mükündür deyərək, dezinformasiyanın yayılmasının önünü xalqın media mənbələrini diqqətlə seçməsindən və incələməsindən keçdiyinə diqqət çəkir.

 

“Son söz” yerinə…

 

Yazımı bitirmək üzrəydim ki, “Microsoft imperiyası”nın qurucusu Bill Qeytsin “Wired” dərgisinə bir açıqlaması yayıldı. O, korona bəlasının zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın qalan hissəsində isə 2022-ci ilin axırına doğru bitəcəyini təxmin edirdi. Və sosial şəbəkələrdə qaragüruh ona qarşı növbəti ittiham, təhqir və qaralama kompaniyasına başladı.

 

Baxmayaraq ki, elə eyni gün Bill Qeyts və arvadı Melinda ilə qurduğu “Gates” Fondu yoxsul ölkələrdə istifadə ediləcək 100 milyon doza COVID-19 peyvəndi istehsal etmək üçün 150 milyon dollar bağışladığı xəbəri çıxdı. İldə 1 kitab belə oxumayıb, dünyadan bixəbər qaragüruh isə 1994-cü ildən bu yana xeyriyyə işləri üçün 50 milyard dollar xərcləmiş Fondun qurucusunu "şeytan" adlandıraraq onu ağlasığmaz və cəfəng işlərdə ittiham edirlər.

 

Bu oxuduqlarınızdan sonra konspirologiya senarilərinin hardan və nə məqsədlər üçün “istehsal edildiyi” haqda az da olsun məlumatlanmış olduğunuz qənaətindəyəm. Gəlin oxuyub araşdırmadan ağızdan-ağıza dolaşan səfeh və sarsaq fikirləri yaxına buraxmayaq. Çünki, BİLİK SAHİBİ OLMADAN FİKİR SAHİBİ OLUNMAZ!..

Müəllif: İbrahim Nəbioğlu