Artemis fırtınası

İbrahim Nəbioğlu

12.12.2023 - 11:27

NASA-nın “Ay koloniyası” qurma planları hansı missiyalardan ibarətdir?

Artemis (Artemida) yunan mifologiyasında ov, səhra, vəhşi heyvanlar, təbiət, bitki örtüyü, doğuş, uşaq baxımı və iffət Tanrısıdır. O, Ay ilahələri Selene və Hekate ilə sıx şəkildə eyniləşdirildiyi üçün mifologiyada ən mühüm Ay Tanrılarından biri hesab olunur.

Artemida Zevs və Letonun qızı, Apollonun isə bacısıdır.

ABŞ-ın 1969-da başlayan ilk Ay missiyalarının adı Apollo idi. Məlumdur ki, Aya indiyə kimi ancaq kişilər ayaq basıb.

Aradakı 50 illik fasilədən sonra Aya ilk dəfə qadın enəcəkdir.

Bu səbəbdən də missiyaya Apollonun bacısı Artemisin adı verilib.

Qadınla bərabər Aya bir afro-amerikalının da ayağı dəyəcək.

4 nəfərlik heyət Ay səthini araşdırmağa başlayacaq, Marsa astronavt göndərilməsinin əsasını qoyacaqlar.

Artemis proqramı NASA tərəfindən idarə olunacaq bir neçə Ay missiyasından ibarətdir. Bu missiyalardan biri artıq tamamlanıb.

2022-ci ilin dekabrında Artemis-1 missiyası Orion kosmik gəmisini pilotsuz sınaq rejimində Aya göndərmişdi. Orion bir neçə həftə kosmosda dövr edib uğurla Yerə qayıtmışdı.

Növbəti missiyalar isə hazırlıq mərhələsindədir:

–Artemis-2 insan oğlunu kosmosun indiyə qədər gedilməyən ən uzaq nöqtəsinə aparacaq. Bu, Aydan kənara ekipajlı bir missiya olacaq və astronavtlar Ay səthinə enməyəcəklər. İlkin planlamaya görə Artemis-2 missiyası 2024-cü ilin noyabrından tez baş tutmayacaq;

-Artemis3 1972-ci ildəki Apollo 17-dən sonra Ay səthinə enəcək ilk insanlı missiya olacaq. Hədəf 53 il sonra Aya astronavtlar endirmək və onları Yerə qayıtmadan əvvəl bir həftə Ayda elmi arşdırmalar aparmağa imkan yaratmaqdır;

– Artemis-4 "Gateway" adlı yeni bir Ay modulunu Ayətrafı orbitə yerləşdirəcək və Ayın səthinə daha iki astronavt endirəcək;

–Artemis-5 “Gateway” daha bir əsas modul əlavə edərək sayca 3-cü ekipajı Ay səthinə endirəcək. Bu astronavtlar "Aydan Marsa" planı çərçivəsində Ayın orbitində yeni kosmik stansiyanın qurulmasını təmin edərək, buradan Marsa uçuşlar üçün uzun müddət yaşana biləcək Ay bazasının yaradılmasına start verəcəklər.

NASA-nın insan oğlunu Marsa daşımaq və bu yolda planetlərarası uzunmüddətli səyahətlər üçün “Ay koloniyası” qurma planları qısaca bu missiyalardan ibarətdir.

Müəllif: İbrahim Nəbioğlu