Spikerlər münasibətlərin normallaşması, Ermənistanla Azərbaycan arasında sülh prosesindəki son vəziyyəti müzakirə ediblər
Cenevrədə Ermənistan Parlamentinin sədri Alen Simonyan ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş arasında görüş keçirilib. AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan Milli Assambleyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Departamentinin məlumatına görə, tərəflər Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dair geniş müzakirə aparıblar.
Simonyan Kurtulmuşa Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesindəki son vəziyyətlə bağlı məlumat verib və Ermənistan tərəfinin sazişi imzalamağa hazır olduğunu təsdiqləyib.
Simonyan türkiyəli həmkarına Ermənistan hökumətinin təşəbbüsü ilə hazırlanan “Sülhün kəsişməsi” layihəsini də təqdim edib.
Görüşün yekununda tərəflər təmasların davam etdirilməsi barədə razılığa gəliblər.