“Neft Fondunun ehtiyatları bizi 1 il ayaqda saxlayacaq, sonra isə...”

İqtisadiyyat

21.04.2020 - 16:38

Natiq Cəfərli: “Həddindən artıq doldurulmuş çənlər neft bazarının tez bir zamanda bərpa olunmasına imkan verməyəcək”

 

Ötən gecə Amerikan WTI markalı neftinin qiymətindəki rekord enişin (-1 dollar) ardınca Rusiyanın “Urals” markalı nefti də dəyər itirdi. Bunu iqtisadiyyat xəbərləri sübut edir. “Urals”ın bir barelinin qiyməti -2 dollara satılır.

 

Baş verənləri AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, OPEC+ istehsalın azaldılmasına razılıq verdi, ancaq satışa heç bir məhdudiyyət qoyulmadı: “Neft hasil edən ölkələr ehtiyatlarına çoxlu miqdarda neft yığıb və hasilatın azalmasından sonra da öz ehtiyatlarından neft sata bilər. Bazarlar da bunu çox yaxşı başa düşür. Demək olar ki, bütün ölkələrin ehtiyatları artıq doludur və bu da qiymətlərin formalaşmasına müəyyən təzyiq göstərir. Bu, gözlənilən idi, çünki dünyada tələbat yoxdur və neftin qiyməti yalnız eniş etməkdədir. Neftə olan tələbat gündəlik 30 milyon barel azalıb”.

 

“Bəzi neft istehsalçıları birjada təklif olunan qiymətlərdən daha çox endirim etdilər və üstəlik ödəniş tələb etməkdə də tələsmirlər. Neft şirkətləri 2 aylıq ödəniş etməklə gözləməyə hazır olduqlarını bəyan edirlər. Bütün dünyada neft istehlakı yenilənməyincə və bunun üçün ölkələr karantindən çıxmayınca, neft qiymətləri çox aşağı səviyyədə saxlanılacaq. Problem ondadır ki, OPEC+ hasilatın azaldılmasına dair razılaşmaya uyğun olsa da, karantin və pandemiyadan sonra da neft istehlakı dərhal bərpa olunmayacaq”, - Cəfərli bildirib.

Natiq Cəfərli: “Venesuella neft istehsalı həcmini artıra bilər”

Ekspertin fikrincə, həddindən artıq doldurulmuş çənlər neft bazarının tez bir zamanda bərpa olunmasına imkan verməyəcək: “Neft artıqlığı bazardan yalnız ilin sonunda çıxa və qiymət artımı baş verə bilər. Buna görə də, neft bazarı uzun müddət atəş içində yanacaq və istehsal edən ölkələr buna uyğunlaşmalıdırlar, çünki hasilatı gündə 200 milyon barel azalda biləcək texnologiyalar hələ də yoxdur”.

 

Neftin aşağı qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəldikdə, iqtisadçı qeyd edib ki, neftdən bu qədər asılı vəziyyətə düşməyimizin günahı özümüzdədir: “İqtisadiyyatımızı tamamilə təmin edə biləcək addımlar atmamışıq. Neft Fondunun ehtiyatları bu il ayaqda qalmağımıza imkan verəcək. 2021-2022-ci illərdə qiymətlərin 40 dollar civarında olacağı proqnozlaşdırılır ki, bu da bizim üçün çox kiçik rəqəmdir. O zaman artıq böyük problemlər başlayacaq və Neft Fondu pulunu daha sürətlə xərcləyəcək. Təəssüf ki, bu puldan başqa kürəyimizi söykəyəcəyimiz dayağımız yoxdur. Və "təhlükəsizlik yastığı" kimi bizim də iqtisadiyyatın real sektoruna sahib ola bilmək imkanımız ola bilərdi”.

 

Bu şərtlər daxilində Azərbaycanın Ukraynaya 300 milyon dollar kredit ayırmasının nə dərəcədə məntiqli olması barədə suallar yaranır. Buna cavabında N.Cəfərli bildirib ki, bu addım geoiqtisadiyyat deyil, geosiyasət kontekstində nəzərə alınmalıdır: “Ukraynaya 300 milyon dollar kredit ayrılması iqtisadi məsələ deyil, daha çox geosiyasi məsələdir. Biz postsovet məkanında Rusiyanın təzyiq göstərdiyi ölkələrə kömək etdik. Beləliklə, Belarusla, Gürcüstanla olduğu kimi, indi Ukrayna ilə də eyni cür davranırıq. Bu, iqtisadiyyatdan daha çox geosiyasətdir. Beləliklə, Azərbaycan Qərbdə və postsovet məkanında müəyyən dairələrə ölkənin nəinki özünü saxlaya bilmək bacarığını, eyni zamanda da kredit xətlərinin açılması ilə bağlı mesajını da verməyə çalışır. Kreditin qaytarılmasına gəldikdə isə, Ukrayna bu pulu geri qaytara bilər, çünki bu, onlar üçün bu kiçik bir məbləğdir”.

Müəllif: Nicat Hacıyev