Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirə olunub: “Gələn il də əhəmiyyətli artımlar gözlənilir”
Bu gün Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Toplantıda maliyyə naziri Samir Şərifov da iştirak edib. Müzakirə zamanı deputatlar təkliflərini səsləndiriblər.
Nazir: “Qarşımızda böyük vəzifələr var”
Çıxışı zamanı nazir S.Şərifov qeyd edib ki, neft gəlirlərinin azalması prosesi getməkdədir. Nazir bunun səbəblərini iki faktorla bağlayıb: “Biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması proseləridir. Bunlar büdcə gəlirlərinə mənfi tərsir göstərir. Təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımla neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir”.
“Qarşımızda böyük vəzifələr var. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, onların iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır. Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir”, - deyə Şərifov əlavə edib.
Deputatdan təklif: “Onların maaşları artırılsın”
Deputat Siyavuş Novruzov hərbçilərin kirayə pulunun, minaaxtaranların maaşının və büdcədə Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını təklif edib: “Hərbçilər bir yerdən başqa yerə gedir. Hesab edirəm, onlara kirayə üçün verilən məbləğlər artırılmalıdır. Xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, onlara verilən kirayə pulu da artırılmalıdır. Həmçinin minaaxtaranların maaşları da artırılması vacibdir. Minatəmizləyənlər bilmir səhər çıxanda axşam qayıda biləcəklərmi. Bu səbəbdən azad olunmuş ərazilərdə minaaxtaranların maaşı artırılmalıdır”.
“Məktəblərdə qidalanmanı dövlət nəzarətinə götürməlidir”, - deyən deputat İltizam Yusifov xatırladıb ki, yaxınlarda məktəblilər dönərdən kütləvi zəhərlənib: “B,u cəmiyyətdə sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kiçik siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunmalıdır. Bunu icbari tibbi sığorta kimi ilk olaraq pilot layihə kimi bir neçə rayon və şəhərdə başlayıb, sonradan ölkənin bütün məktəblərinə tətbiq edə bilərik”.
“Bələdiyyələr vergi yığsınlar”
“Bədədiyyələr üçün 12,5 milyon manat dotaisya nəzərdə tutulub. Amma bu dotasiya heç də bələdiyyələrin maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil”.
Deputat Azay Quliyev isə təklif edib ki, vergi yığımları bələdiyyələrə həvalə olunmalıdır: “Yaxşı olar ki, bələdiyyələrin bütün dünyada mövcud olan vergi yığma praktikasına və maliyyə mənbələrinin müxtəlif vergilərdən toplanması praktikasına yenidən qayıdaq. Təklif edərdim ki, fiziki şəxslərə məxsus avtomobil vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin”.
Nazir deputatlara cavab verdi: “Emin Əmrullayev geniş məlumat verəcək”
Bir neçə deputat elm sahəsinə vəsaitin artırılmalı olduğu fikrini səsləndiriblər. Deputatların təkliflərinə münasibət bildirən nazir S.Şərifov deyib ki, elm sahəsində islahatlar nəzərdə tutulub: “Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq elm sahəsində genişmiqyaslı islahatlar həyata keçiriləcək. Deputatlar çıxışında elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsini təklif edirlər. Bununla bağlı əməkhaqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi kimi məsələlər qaldırıldı. Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq bu sahədə genişmiqyaslı islahatlar həyata keçiriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev qarşıdakı iclaslarda geniş məlumat verəcək. Eyni zamanda, deputatlar müxtəlif rayonlarda və bölgələrdə məktəb tikintisi, qəzalı məktəblərin bərpası ilə bağlı məsələni də qaldırıb. Bununla bağlı da Emin Əmrullayev geniş məlumat verəcək".
“Vergi və azadolmaların tətbiq edilməsi müvafiq olaraq büdcə gəlirlərinin azalmasına gətirib çıxarır. Bu baxımdan azalan gəlirlərin hansı mənbə hesabına bərpa edilməsinə də baxıb cavab tapmalıyıq. Sözsüz ki, vergi azaldılmaları və azadolmaları ölkə iqtisadiyyatına uzunmüddətli potensial və faydalar gətirir, bu da dəyərləndirilməlidir. Ona görə hökumət tərəfindən Vergi Məcəlləsinə müvafiq düzəlişlərin edilməsi təklif edilir”, - deyə nazir vurğulayıb.
Müzakirələrdən sonra gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisin ikinci oxunuşunda qəbul olunub.