Nazarbayevdən Bakıya təklif, amma: “Vaxtilə Ukraynanı da çağırmışdılar və müharibə oldu”

Siyasət

14.12.2021 - 23:05

Avrasiya İqtisadi İttifaqına üzvlük Azərbaycana nə vəd edir və Bakı buna necə yanaşacaq?

Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəxri sədri Nursultan Nazarbayev bu Azərbaycanın Aİİ-nin müşahidəçi dövlətləri siyahısına daxil edilməsi üçün Bakı ilə danışıqlar aparmağı təklif edib. Bu barədə “Tengrinews” xəbər verir.

“Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən fikir ayrılıqlarından sonra münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Məncə, hamımız belə düşünürük. Eyni zamanda, əvvəllər səsləndirilən kimi, mən Azərbaycan Respublikasının da müşahidəçi qismində olması üçün onunla danışıqlar aparmağı mümkün hesab edirəm”, - deyə Nazarbayev İttifaqın iclasındakı çıxışı zamanı bildirib.

O, əvvəllər Aİİ-də müşahidəçi statusu almış Daşkəndi misal çəkib: “Özbəkistanın nümunəsi ruhlandırmalıdır. Fikrimcə, Özbəkistan Respublikası çox şey qazanıb”.

Qazaxıstanın birinci Prezidenti qeyd edib ki, Aİİ mövcud olduğu müddətdə birliyin üzvlərinin etibarlı tərəfdaşlar, bir-birinə səmərəli kömək edən əməkdaşlar olduğunu təsdiqləyib: “Bu gün, COVID-19 pandemiyasının yaratdığı qlobal çağırışlar fonunda bizim daha çox əməkdaşlığa ehtiyacımız var”.

Yaxşı, bu əməkdaşlıq tələb olunursa, əməkdaşlığnızı edin – bunun bimizlə  nə əlaqəsi var? Axı, MDB var ki, onun çərçivəsində üç onillikdə malların sərhədlərdən keçirilməsini mümkün qədər asanlaşdırmaq, bütün gömrük və digər məhdudlaşdırıcı qaydaları sadələşdirmək üçün tonlarla mütərəqqi sazişlər qəbul edilib. Azərbaycan və bütün mövcud Aİİ ölkələri MDB-nin üzvüdür və əməkdaşlığın nəticələri nədən ibarətdir? Bəs mahiyyətcə Aİİ, Gömrük İttifaqı, ŞƏT nədir? Bəli, mahiyyətcə eyni olan təşkilatlar: çox parlaq perspektivlər, yüksək səsli bəyanatlar və praktikada sıfır nəticə.

Bu, Azərbaycana lazımdırmı? Belə görünür ki, Azərbaycan vətəndaşlarının ən azı yarısının fikrincə, buna heç ehtiyac da yoxdur. Üstəlik, bu strukturların ümumi siyasi istiqaməti Azərbaycanın uzun müddət üzvü olduğu Şərq Tərəfdaşlığı və GUAM kimi qərbyönümlü birliklərlə açıq şəkildə ziddiyyət təşkil edir. Bundan əlavə, Ermənistan Aİİ-nin üzvüdür, lakin ölkəmizin yaxın regional tərəfdaşı olan Gürcüstan haqlı olaraq belə formatlardan yayınır.

Bir sözlə, 44 günlük müharibədən dərhal sonra bu barədə söz-söhbətlər nəzərəçarpacaq dərəcədə artsa da, Azərbaycanın bu struktura qoşulmaq perspektivi o qədər də çox deyil. Mövcud olduğu 6 il ərzində Aİİ heç kimə nəzərəçarpacaq iqtisadi fayda gətirməsə də, ilk gündən bu günə kimi hazırkı Kreml rejiminin tərəfdarı olan ölkələrin bir növ siyasi birliyi rolunu açıq şəkildə oynayır. Belə mehribanlıq, necə deyərlər, bizə heç havayı da lazım deyil.

Niyə Azərbaycan belə bir strukturun iclaslarında, hətta müşahidəçi qismində də iştirak etsin? Çox güman ki, Moskvanın özünün təklifi ilə Nazarbayev “qəfildən” ölkəmizi öz orbitinə çəkmək mövzusunu gündəmə gətirmək qərarına gəlib. Kremlyönlü media vasitəsilə yayımlanan, ölkəmizin Aİİ-yə qoşulmasının arzuolunan olması ilə bağlı səslənən eyhamlara lazımi münasibət göstərmək üçün Azərbaycan hakimiyyətinin kifayət qədər ayıqlığa və sayıqlığa malik olacağına ümid etmək qalır.

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Nazarbayevin təklifinə müstəsna mənasız bəyanat kontekstində baxmaq lazımdır. O mənada ki, hətta Qazaxıstanda da çox yaxşı bilirlər ki, Aİİ özü ilə xüsusilə müsbət şeylər gətirmir. Axı vaxtilə Ukraynanı da Aİİ və Gömrük İttifaqına çağırmışdılar və bunların axırı necə oldu? Rusiya ilə elan olunmamış müharibə başladı və qeyd etmək lazımdır ki, Qazaxıstan bundan sonra ancaq bu təşkilatların ruhuna zidd siyasət nümayiş etdirməyə başladı. O, ordunu belə bir ssenariyə hazırlamağa, milli şüuru yüksəltməyə, hətta dil islahatı aparmağa başladı. Astana çox gözəl başa düşür ki, Moskvada Donbass və Krıma baxdıqları kimi Şimali Qazaxıstana da baxan qüvvələr var. Ona görə də bu sözləri Nazarbayev sırf fikir yayındırmaq üçün deyib.

Biz açıq şəkildə görürük ki, Qazaxıstan daha çox Türkiyəyə baxır. Bunu Rusiya üçün ağrılı olan hərbi-sənaye kompleksi çərçivəsində bağlanan müqavilələr də sübut edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xatırlamaq olar. Bu isə təbii ki, Rusiyanı xüsusilə Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsindən sonra narahat edir. Rusiya mediasına nəzər salsanız, görə bilərsiniz ki, onlar artıq Türkiyə təsirinin Qafqaz, Asiya və s.-dən Rusiya sərhədlərinə doğru necə irəliləməsindən danışırlar.

Ona görə də Bakının necə reaksiya verəcəyinə şübhə yoxdur - həmişə olduğu kimi. Bu məsələdə neytral olmaq və etibarlı müttəfiqləriniz və tərəfdaşlarınızla işləməyə davam etmək. Axı bu yanaşma Azərbaycanın təkcə müharibədə qələbə çalması çərçivəsində deyil, həm də iqtisadi və siyasi əlaqələrin qurulmasında uğurlarının açarlarından birinə çevrildi. Ən əsası isə bu, Bakının müstəqil olaraq qalmasına və Moskvaya doğru baxmamasına şərait yaradır”.

Gürcüstan Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, siyasi analitik Tengiz Pxaladze:

“Şübhə yoxdur ki, Azərbaycan Aİİ üçün maraqlıdır və Azərbaycanın uğurları ilə yanaşı, bu marağın artması təbiidir. Bununla belə, bunun Azərbaycan üçün nə dərəcədə faydalı olması ilə bağlı şübhələrlə tam razıyam, çünki Moskvanın lider olduğu formatlarda (və bu təşkilatda da belədir) risk həmişə artır.

Deyə bilərəm ki, Azərbaycanda postsovet məkanını çox yaxşı bilən, burada mövcud olan riskləri bilən, Avrasiya İttifaqı ilə bağlı müsbət və mənfi cəhətləri qabaqcadan görüb, tədbir görə bilən kifayət qədər müdrik rəhbərlik var. Ona görə də bircə onu deyə bilərəm ki, müəyyən tədbirlər Azərbaycan Respublikasına uğur və daha da tərəqqi gətirəcəksə, mən həmişə buna şad olacağam. Konkret bu birliyə gəlincə, yenə deyirəm ki, Azərbaycan xalqının riskləri qabaqcadan görə bilən müdrik rəhbərliyi var”.

Azərbaycanlı politoloq, Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Rövşən İbrahimov:

“Çoxları Nazarbayevin dediklərini reallıqla qarışdırırlar. Nazarbayev Azərbaycana müşahidəçi statusu təklif edib. Bunun mənası nədir? Müşahidəçi iclaslarda iştirak edən və baş verənləri kənardan izləyən dövlətdir. Yəni heç bir strukturda fəal iştirak etmir.

Avrasiya İqtisadi İttifaqının fəaliyyət göstərməyən təşkilat olmasına gəlincə, bu, tam əksinədir. MDB və ŞƏT-dən fərqli olaraq bu, çox aktiv və gərgin strukturdur. Onun üzvləri  müəyyən öhdəliklər, təşkilatın xeyrinə bir sıra suveren hüquqlardan imtina etməlidir. Bu, millətlərüstü təşkilatdır və üzv dövlətlər özlərinin siyasi, iqtisadi suverenliklərini məhdudlaşdırırlar. Gələcəkdə ümumi bazar yaratmağı planlaşdırırlar. Yəni bu, ciddi təşkilatdır, burada hər zaman fəaliyyət baxımından müsbət və mənfi cəhətləri dəyərləndirmək lazımdır.

Müşahidəçi statusuna gəlincə, prinsipcə, bu fikir birinci dəfə deyil ki, səslənir. Bu, mütəmadi olaraq Avrasiya İqtisadi İttifaqı çərçivəsində, eləcə də onun ayrı-ayrı üzvləri tərəfindən danışıqlar masasına qoyulur. Amma hazırda Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük kimi vəzifəsi yoxdur.

Əvvəllər ŞƏT çərçivəsində edildiyi kimi, müşahidəçi statusu məsələsinə baxıla bilər. Bu, Azərbaycana heç bir öhdəlik və məhdudiyyət gətirməyəcək. Amma bir daha təkrar edirəm, Azərbaycan bu təşkilatda heç müşahidəçi statusuna əldə etməyi belə, öz qarşısına vəzifə qoymayıb. Yəni, indiyə qədər baş verənlərin hamısı sadəcə olaraq daxili monoloq və ya Avrasiya İqtisadi İttifaqı iclasında olan dialoqdur. Nazarbayev danışdı və bununla da bitdi.

Azərbaycanın digər təşkilatlarda, məsələn, GUAM (yeri gəlmişkən, özü də çox qeyri-funksionaldır) və ya Şərq Tərəfdaşlığında iştirakına gəlincə, bu, onun heç bir təşkilatda müşahidəçi statusu almasına qətiyyən mane olmur. Amma bir daha deyirəm, Aİİ-yə üzvlük məsələsinə ümumiyyətlə baxılmır və bu, Azərbaycanın maraqları çərçivəsinə daxil deyil”.

Müəllif: Rauf Orucov