Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş”

Dünya

06.05.2022 - 10:20

BMTM sədri: “Ukrayna münaqişəsinin tezliklə bitəcəyini ehtimal etmirəm, bu, yalnız o halda mümkündür ki...”

ABŞ Prezidenti Co Bayden Alabama ştatında Ukrayna üçün raket kompleksləri istehsal edən zavoda səfəri zamanı Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. Ağ Evin rəhbəri deyib ki, bu cür böhranlar təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək, ruslar irəliləməyə davam edəcəkdilər. Bununla bağlı bizdə səhih məlumatlar var. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə Bayden vurğulayıb.

O, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb.

Lakin ABŞ-ın demokratiya mövzusunda səmimi olmadığını, yalnız öz maraqları tələb etdiyi zaman “demokratiya silahı”na sarıldığını iddia edənlər də var. Onların qənaətinə görə, ABŞ Avropada itirmiş olduğu mövqeyini bərpa etmək və Çinlə Rusiyanın birləşməsinin qarşısını almaq üçün Ukraynaya dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Kremlin dünyada avtoritarizmin əsas dəstəkçisi olduğunu və bu səbəbdən ona qarşı təzyiqlərin qaçılmaz olduğunu hesab edənlərin sayı da az deyil.

Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev AYNA-ya müsahibəsində Ukrayna ətrafında baş verənlər haqqında danışıb:

- Fərid bəy, ABŞ Prezidenti Ukraynadakı hadisələri demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb. Sizcə, bu, doğrudanmı belədir?

- Təbii ki, Co Baydenin bu fikirlərində həqiqət payı var. Lakin bu, ikinci dərəcəli məsələdir və əsas diqqət Rusiyanın Ukraynaya qarşı ərazi iddialarına yönəlib. ABŞ və Qərb Rusiyanın imperiya iddialarından və bərpa planlarından ciddi şəkildə narahatdır. O ki qaldı Baydenin Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırmasına, bu bəyanatda müxtəlif təzahürləri müşahidə etmək mümkündür. Məlumdur ki, Ukraynanın daxili siyasətində də müəyyən problemlər mövcuddur. Rusiya qonşuluqda Qərbə inteqrasiya edən və müstəqil qərarlar verən bir ölkənin olmasını istəmir. Ukraynaya hərbi müdaxilənin əsas səbəblərindən biri elə budur. Moskva onun sərhədləri yaxınlığında Qərbin güclənməsinə hər vəchlə mane olmağa çalışır. Bundan narahatlığını gizlətmir. Amerikada və Qərbdə hesab edirlər ki, bu, demokratiya ilə avtokratiya arasında döyüşdür. Moskvada isə bunu Qərbin Rusiyaya qarşı yönələn təzyiqi kimi qiymətləndirirlər. Təbii ki, hər bir tərəfin öz arqumenti var və hər kəs öz mövqeyində haqlı olduğunu iddia edir.

- İddialar mövcuddur ki, ABŞ Avropada itirmiş olduğu mövqelərini bərpa etmək və Çinlə Rusiyanın yaxınlaşmasına mane olmaq üçün Ukraynaya dəstək verir...

- Burada Çin amili bir o qədər də mühüm rol oynamır. Daha çox Rusiya ilə birbaşa mübarizədən söhbət gedir. Söylədiyim kimi, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın imperiya səylərindən narahatdır. ABŞ-ın Avropada itirmiş mövqelərinin bərpasına gəldikdə isə, Ukraynaya qarşı təcavüz siyasəti ilə Rusiya imkan verib ki, ABŞ Avropada güclənsin. Buna görə kimisə ittiham etməyə də dəyməz. Əgər həqiqətən Moskva buna imkan vermək istəmirdisə, bu halda Ukraynaya qarşı müharibəyə başlamamalı idi.

- Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni münaqişəyə ikili standartlardan yanaşmaqda ittiham edib. Maraqlıdır, o, niyə belə bir açıqlama ilə çıxış edib?

- Yəqin ki, Zelenski psixoloji cəhətdən yorulub və belə bəyanatlar səsləndirir. Biz görürük ki, Ukrayna rəsmiləri, eləcə də Zelenski təkcə Türkiyəni deyil, Qərbi də ittiham edir. Görünür, təcavüz və onun doğurduğu nəticələr, dinc əhaliyə qarşı zorakılıq Zelenskini psixoloji baxımdan yorub. İnanmıram ki, bunun arxasında ciddi səbəblər dayanır və Zelenski Türkiyə ilə bağlı hər hansı addım atacaq. O, sadəcə psixoloji yorğunluqdan dolayı bu cür fikirlər səsləndirib, məhz elə buna görə də, rəsmi Ankara məsələyə hər hansı münasibət bildirməyib. Yəqin onlar da başa düşürlər ki, Zelenski gərgindir və güzəşt yolunu tutublar.

- Məlumatlar yayılır ki, Ukrayna münaqişəsi başa çatandan sonra Qərb Türkiyə və Macarıstana təzyiqləri artıracaq. Bu iddiaların həqiqət yükü varmı?

- Türkiyə və Macarıstana qarşı post-müharibə dövründə ciddi təzyiqlər gözlənilmir. Çünki Qərb üçün ön planda bu ölkələr deyil. Rusiya ilə olan münaqişə bir daha göstərdi ki, Türkiyə çox vacib bir müttəfiqdir. Şübhəsiz ki, onu itirmək istəməyəcəklər. Düzdür, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin hərbi baxımdan çox vacib müttəfiqdir. Türkiyə müharibə dövründə Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və bunu rəsmi Kiyevdə də etiraf edirlər. Qərbin əsas diqqəti Rusiya ilə yanaşı, əsas geosiyasi oyunçulara - Çin, Hindistan və digər dövlətlərə yönəlib. Onlar xüsusən Hindistandan sanksiyalara qoşulmağı gözləyirdilər. Şübhəsiz ki, müəyyən təzyiqlər vasitəsilə buna nail olmağa səy göstərəcəklər.

- Dünya gündəmini məşğul edən əsas mövzu Ukraynadır. Sizcə, Ukrayna böhranı nə zamana qədər davam edəcək?

- Açığını desəm, münaqişənin tezliklə bitəcəyini ehtimal etmirəm. Bu, yalnız bir halda mümkündür - Rusiyanın daxilində köklü dəyişikliklər baş verərsə, atəşkəs əldə oluna bilər. Əks halda münaqişənin tezliklə başa çatacağını söyləmək mümkün deyil. Məlumdur ki, ABŞ və Qərbin əsas məqsədi Rusiya iqtidarını zəiflətməkdir və bunu gizlətmirlər də. Görünən odur ki, onlar bu iddialarından geri çəkilmək niyyətində deyillər, belə bir həssas şəraitdə Kreml də geri addım atmayacaq. Bu baxımdan Rusiyanın rəhbərliyində ciddi dəyişikliklər baş verməyənə qədər müharibənin, münaqişənin davam edəcəyini söyləmək olar.

Müəllif: Azər Niftiyev