Moskva ilə Bakı arasında əməkdaşlıq yeniləndi: Bəyannamədə narahatedici məqamlar var, amma...

Siyasət

23.02.2022 - 13:23

Arif Əliyev: “Bəyannamədə Azərbaycanın müstəqlilliyinə mümkün təhdidlər baxımından narahatedici məqamlar mövcuddur”

Ələsgər Məmmədli: “Bizim təsir mexanizmimiz yoxdur və onlar bundan sui-istifadə edirlər”

Fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bəyannamədə Azərbaycan və Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsi, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyətinin artırılması, hər hansı bir tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının qətiyyətli surətdə alınması, milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığın inkişaf etdirilməsi, hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərin gücləndirilməsi, digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinilməsi, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və digər məqamlar öz əksini tapıb.

Bəzi ekspertlər hesab edir ki, 43 bənddən ibarət olan Bəyannamə Azərbaycanla Rusiya arasında münasibətləri gücləndirəcək, Şimaldan gözlənilən təhlükələri neytrallaşdıracaq, regionda yaranmış gərgin geopolitik vəziyyət fonunda ölkəmizi qoruyacaq. 

Lakin bununla yanaşı sözügedən Bəyannamədən sonra Rusiyanın Azərbaycana təsir imkanlarının artacağını söyləyənlər də var. Xüsusən Moskvanın “Donbass Xalq Respublikasının” və “Luqansk Xalq Respublikasının” müstəqilliyini tanıdığı və Rusiya-Ukrayna böhranının kritikləşdiyi bir mərhələdə bundan məyus olanlar da var.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev AYNA-ya açıqlamasında söyləyib ki, Azərbaycanla Rusiya arasında müttəfiqliyi ehtiva edən sənədin imzalanması bir ildir ki, müzakirə mövzusudur: “Bununla bağlı məlumatlar mətbuata da sızdırılırdı. Lakin daha dəqiq anonsu son müsahibələrindən birində Belarus Prezidenti Aleksandr Lukoşenko verdi. O postsovet dövlətlərinin "bir dam altında" yığışması barədə suala cavab olaraq bunun baş verəcəyini bəyan etdi və ardınca bəzi ölkələrin adlarını da çəkdi. Bu sırada Azərbaycan da yer alırdı. O deyirdi ki, Azərbaycan burada xüsusi mövqeyə malikdir və onun artıq başqa müttəfiqləri də mövcuddur. Ona görə də, Azərbaycanla ikitərəfli sazişin imzalana biləcəyinə eyham vurdu. Nəhayət bugünlərdə biz buna şahid olduq və Azərbaycanla Rusiya arasında müttəfiqlik Sazişi imzalandı. Sənədi ilkin olaraq nəzərdən keçirən zaman məlum olur ki, burada yer alan bir çox müddəalar, xüsusən iqtisadi və humanitar məsələlər bundan öncəki sazişlərdə də öz əksini tapıb”.

Onun sözlərinə görə, daha çox diqqəti cəlb edən ilk 15 bənddə yer alan məqamlarla bağlıdır: “Bu bəndlərdə Azərbaycanla Rusiya arasında hərbi və siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Təbii ki, bu Bəyannamədə Azərbaycanın müstəqlilliyinə mümkün təhdidlər baxımından narahatedici məqamlar mövcuddur. Bəlkə də daha böyük təhdidlərdən yan keçmək üçün bu Bəyannamə imzalanıb. Rusiyanın hazırki aqressiv durumunu, son addımlarını, atacağı addımlar barədə ehtimalları, münaqişələri və bu konfliktlərdə məlum davranışını əsas götürsək, məsələyə bu konteksdən də yanaşmaq olar. Əsas narahatlıq doğuran məqam beynəlxalq siyasətdə razılaşdırılmış mövqe nümayiş etdirilməsi ilə bağlı bənddir. Rusiyanın mövqeyi əsas etibarilə beynəlxalq aləmin mövqeyi ilə üst-üstə düşmür və bu, bizə əlavə problemlər yarada bilər. İlkin olaraq gəldiyimiz qənaət ümidverici deyil”.

Əliyev qeyd edir ki, Bəyannaməni çox diqqətlə nəzərdən keçirmək lazımdır: “Bir daha demək istəyirəm ki, orada iqtisadi və humanitar bloka aid bir çox hissələr əvvəlki sazişlərdə də öz əksini tapmışdı. Lakin bu dəfəki Sazişdə yeni münasibətlər sistemi nəzərdə tutulub ki, onları dərindən incələmək lazımdır. Bütün hallarda bu, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycanın imzaladığı ən mühüm sazişdir”.

Hüquqşünas Ələsgər Məmmədli isə AYNA-ya şərhində deyib ki, Rusiya Ukrayna və Qarabağla bağlı üzərinə götürdüyü bir çox öhdəlikləri yerinə yetirməyib: “İstər mülki hüquq, istərsə də dövlətlərarası münasibətlərdə müqavilələr yalnız tərəflər bərabər olduğu təqdirdə etibarlı olur. Məlumdur ki, Azərbaycanla Rusiya bərabər mövqedə qərarlaşan dövlətlər deyil. Rusiya faktiki olaraq iddia edən, Azərbaycan isə geopolitik durumunu qorumaq üçün zaman-zaman müəyyən güzəştlərə məcbur olan tərəfdir. Bu baxımdan, Rusiya ilə bağlanan istənilən sazişdə onun tətbiqinə dair işlək mexanizm yoxdur. Vaxtilə Ukraynanın ərazi bütövlüyünə hörmət göstərməklə bağlı Rusiya öhdəlik götürsə də, sonradan bu öhdəliyini pozdu. Yəni, əsas problem odur ki, hansı şərtlərlə müqavilə bağlamağımızdan asılı olmayaraq, bu müqaviləyə əməl olunmasını təmin etmək üçün heç bir mexanizm yoxdur. Bu çox ciddi problemdir”.

Ekspert qeyd edir ki, Rusiya Qarabağla bağlı üzərinə götürdüyü bir çox öhdəlikləri də yerinə yetirməyib: “10 noyabr Üçtərəfli Birgə Bəyanatının 4-cü bəndində nəzərdə tutulurdu ki, erməni silahlı birləşmələri ərazini tərk etməlidir. Bunu Rusiya tərəfi həyata keçirməli idi, lakin onlar bunu etmədilər. Yaxud da, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, onlar Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı icra etmədilər. Halbuki bunu da Rusiya etməli idi. Reallıq ondan ibarətdir ki, bizim təsir mexanizmimiz yoxdur və onlar bundan sui-istifadə edirlər. O ki qaldı Mokvada imzalanan Bəyannaməyə, burada 43 bənd nəzərdə tutulub və bir çox məqamlar Moskvanın xeyrinədir. Rusiya bu gün beynəlxalq hüquqdan kənara çıxaraq Ukraynaya, Gürcüstana yönəlik aqressiv və işğalçı siyasət yürüdür. Bu xüsusda təminat almaq istəyir ki, beynəlxalq təzyiqlər fonunda Azərbaycan onun tərəfində yer alsın. Əslində bu müqavilənin başlıca şərti budur”, – Məmmədli vurğulayır.

O əlavə edir ki, bu Saziş həm də Rusiyaya qarşı gözlənilən sanksiyalar paketindən Azərbaycanı kənarda qoymaq niyyəti güdür: “Eyni zamanda, birgə iqtisadi əlaqələrlə bağlı məqamlar da nəzərdə tutulub ki, bu da ölkəmizin beynəlxalq əlaqələrinə ciddi əngəl ola bilər. Bəyannamədə Azərbaycanın müstəqilliyinin xüsusi vurğulanması müsbət məqamdır. Lakin bütün hallarda baş verənlər ölkəmizin müstəqil siyasət yürütmək səylərinə ciddi maneə yarada bilər” – deyə hüquqşünas fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev