Misir Ukrayna taxılını Avropa vasitəsilə almağa davam etməyi planlaşdırır
Misir Rusiyanın Ukrayna taxılının ixracı təşəbbüsündən çəkilməsini tənqid edib və “Taxıl sazişi”nin ləğvindən sonra da Ukrayna taxılını idxal etməyə davam edəcəyini açıqlayıb.
AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bu bəyanatla Misirin təchizat naziri Əli əl-Museyihi deyib. Nazir Rusiyanı “Taxıl sazişi” ilə bağlı qərarına yenidən baxmağa çağırıb.
Əli əl-Museyihi həmçinin qeyd edib ki, dünyanın ən böyük buğda idxalçılarından biri olan Misir Ukrayna buğdasını Avropa vasitəsilə qəbul etməyə davam etməyi planlaşdırır.
“Rusiyanın BMT-nin taxıl ixracı ilə bağlı sazişindən çıxmasından narazıyıq”, - deyən nazir ötən il Rusiyanın Ukraynaya təcavüzündən sonra Misir iqtisadiyyatının taxılın qiymətinin qalxmasından zərər çəkdiyini vurğulayıb.
Misir hökuməti həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə taxılın alınmasına kömək etmək üçün 400 milyon dollar maliyyə yardımı üçün danışıqlar aparır.