Ermənistan XİN başçısı MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçiriləcək iclasında iştirak edəcək
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçiriləcək iclasında iştirak edəcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə, Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Oktyabrın 7-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib. Tədbir MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində baş tutacaq”, - məlumatda bildirilib.
MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, görüş zamanı nazirlər beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Geniş tərkibdə nazirlər bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair bəyanatı müzakirə edəcəklər. Həmçinin 2025-ci il üçün Nazirliklərarası Məsləhətləşmələr Planı, Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün tədbirlər, habelə Aşqabadın yeni idman şəhəri elan edilməsinə həsr olunmuş 2024-2025-ci illər üçün tədbirlər planı haqqında qərarlar qəbul ediləcək.
Bundan əlavə, iclasda vəkillik, media və könüllülük sahələrində dörd yeni baza təşkilatının yaradılması təsdiqlənəcək.
Qeyd edək ki, sözügedən toplantıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da iştirak edəcək. Artıq nazir tədbirdə iştirak etmək üçün Moskvaya gedib.