Ərəstun Oruclu: “Bəzi diplomatların Şuşa səfərindən imtinası təkcə həmsədrlik institutunun fəaliyyətinin bərpası istəyi ilə əlaqəli deyil”
İkinci Qarabağ müharibəsindən sonra demək olar ki, fəaliyyəti dayanan ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsi məsələsi gündəmə gəlib. Qarabağla bağlı yekun sülhün əldə olunmasına vasitəçilik etməyə can atan Minsk Qrupunun həmsədr dövlətlərindən – Rusiya, ABŞ və Fransa tərəfindən müəyyən mesajlar verilir. Hətta həmsədr ölkələrin səfirlərinin Azərbaycan hökumətinin Şuşaya səfər dəvətindən imtinasının bir səbəbi kimi də bu göstərilir.
Ermənistan tərəfi həmsədrlik institutunun fəaliyyətinin bərpasında maraqlıdır. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığı zamanı sözügedən məsələyə toxunulub. Paşinyan Blinkenə həmsədrlərin fəaliyyətə başlamasının vacibliyini bildirib. ABŞ rəsmisi də Paşinyanla razılaşdığını söyləyib.
Rəsmi Bakı isə həmsədrlik institutunun bərpasında o qədər də maraqlı görünmür. Azərbaycan Minsk Qrupundan tamamilə imtina etdiyini açıqlamasa da, həmsədrlərin yeni, Bakının şərtləri ilə yekun sülhün əldə olunması prosesində iştirakına etiraz etmir.
Minsk Qrupunun fəaliyyətinin bərpası məsələsi ilə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, səfirlərin Şuşa səfərindən imtinasının tək səbəbi Minsk Qrupunun fəaliyyətinə rəsmi Bakının razılıq verməsi məsələsi deyildi:
- Bu, həm də onların çox güman ki, nəzərdə tutduqları status məsələsi ilə bağlıdır. Çünki məhz Şuşaya getməkdən imtina etdilər. Lakin əvvəl işğaldan azad edilmiş digər ərazilərə səfər etmişdilər. Söhbət təkcə həmsədr ölkələrin səfirlərinin imtinasından da getmir. Bu dəfə Almaniya və Böyük Britaniyanın səfirləri də Şuşa səfərində iştirak etmədilər. Bu baxımdan hesab edirəm ki, söhbət həmsədrlik institutunun fəaliyyətinin bərpasından getmir. Görünür, beynəlxalq güclərin niyyəti keçmiş Dağlıq Qarabağ hüdudlarında ermənilərə muxtariyyət verilməsi məsələsini gündəmə gətirməkdir. Bu, təbii ki, Azərbaycan üçün yolverilməzdir.
- Ümumiyyətlə, həmsədrlərin fəaliyyətinin bərpası Azərbaycana lazımdırmı?
- Məncə, Minsk Qrupunun fəaliyyətinin bərpası, bunun bizə lazım olub-olmadığını müzakirə etməyə dəyər. Minsk Qrupunun həmsədrləri üç əsas ölkədən ibarətdir. Onların ikisi – ABŞ və Fransa prosesdən təcrid olunduqca nəzarət Rusiyanın əlinə keçir. Faktiki olaraq Qarabağ məsələsi tamamilə Kremlin nəzarətində görünür. Bu baxımdan mən deyərdim ki, Minsk Qrupu Azərbaycan üçün lazımdır. Amma eyni zamanda, Minsk Qrupu əvvəlki fəaliyyət formatından çıxmalıdır, əvvəlki fəaliyyət prinsiplərindən imtina etməlidir. Bu qurumla o vaxt geniş formatda əməkdaşlıq aparıla bilər ki, Azərbaycanın ilkin şərtlərini qəbul etsinlər. Azərbaycanın əsas şərti isə ərazi bütövlüyü məsələsidir ki, bu, rəsmi Bakı üçün prioritetdir.
Amma görünən odur ki, Minsk Qrupu başqa tendensiyalar ortaya qoyur. Yenidən münaqişənin davam etməsində maraqlılıq, yekun sülhün əldə olunması prosesini uzatmaq, bundan siyasi məqsədlər üçün istifadə etmək, Azərbaycan əraziləri ilə bağlı qeyri müəyyənliyin davam etdirilməsi və bundan geosiyasi məqsədlər üçün yararlanmaq və s. Bu isə bizim üçün əlverişli situasiya deyil. Azərbaycan Minsk Qrupunun fəaliyyətinin bərpasına bir şərtlə razılıq verməlidir ki, münaqişənin həlli ilə bağlı istənilən format yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsi əsas götürülərək qəbul olunsun. Və Minsk Qupu bunu açıq, birmənalı bəyan etməlidir.
Dediyim kimi, həmsədrlər institutunun fəaliyyətinin bərpasına lüzum var. Amma bir şərtlə, fəaliyyət istiqamətlərində dəyişiklik lazımdır. Burada bir rotasiya prinsipləri də olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Minsk Qrupu təkcə Rusiya, ABŞ, Fransadan ibarət deyil. Burada digər üzv dövlətlər də var. Bu baxımdan da, həmsədr dövlətlər rotasiya qaydasında dəyişilsin.
- Məlumdur ki, İkinci Qarabağ müharibəsində, ondan sonrakı proseslərdə Türkiyə aktiv rol oynadı. Həmsədrlik institutu fəaliyyətini bərpa edərsə, Türkiyənin həmsədr olaraq təmsilçiliyi mümkündürmü?
- Türkiyənin həmsədr olaraq təmsilçiliyi indiki formatda qeyri-mümkündür. Yəni ki, sabit, dəyişməyən format var. Bu halda Türkiyənin həmsədr olması mümkünsüz görünür. Amma həmsədrlər rotasiya ilə dəyişərsə, o zaman, əlbəttə, Türkiyə hansısa dövrdə həmsədr rolunu oynaya bilər. Onu da qeyd edim ki, əgər danışıqlar sadəcə həmsədrlər formatında deyil, ümumilikdə Minsk Qrupu formatında aparılarsa, o zaman burada kiminsə həmsədr olmasının əhəmiyyəti olmur. Düşünürəm ki, rəsmi Bakı geniş formatda müzakirələr formatını irəli sürə bilər.
Prinsiplər isə belə olmalıdır:
1. Minsk Qrupu bütün fəaliyyətinin başlıca prioriteti olaraq Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını götürməlidir;
2. Müzakirələr həmsədrlər formatında deyil, ATƏT-in Minsk Qrupuna üzv olan bütün ölkələrin geniş iştirakı ilə aparılmalıdır;
3. Həmsədrlər formatı rotasiya prinsipi ilə qurulmalı, hansısa bir müddətdən sonra həmsədr ölkələr dəyişməlidir.
Sadəcə üç ölkənin daimi həmsədr olmasının nəticəsini biz görmüşük. Bunun heç bir effektiv nəticəsi olmadı. Bunu rəsmi Bakı əsas götürərək qurumun fəaliyyətinin bərpası üçün şərtlərini irəli sürməlidir”.