Miller: “ABŞ-ın məqsədi Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır”

Aktual

11.10.2023 - 16:07

Dövlət Departamentinin sözçüsü Lavrovun iddialarını rədd edib

“ABŞ-ın Cənubi Qafqazda məqsədi Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması, eləcə də Qarabağ əhalisinin hüquqlarının qorunmasını təmin etməkdir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi ambisiyalarının olması ilə bağlı açıqlamaları ilə razılaşmır: “Bu, qətiyyən belə deyil. ABŞ-ın Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsi və təbii ki, Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdir”.

Miller ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə Azərbaycan rəsmiləri arasında bu günlərdə Bakıda baş tutan görüşünün təfərrüatlarını açıqlamayıb.

Müəllif: Ayna.az