Məntiq dərsindən “iki” alanların operativ qərarı - <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

08.06.2020 - 10:20

Bu dəfə yoluxmaların artmasına Operativ Qərargahın qərarı səbəb ola bilər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Rəhmətlik məntiq müəllimimiz deyərdi ki, məntiq elminə görə, bu dünyada hər bir şeyin, hər bir addımın bir niyəsi olmalıdı ki, bu niyənin də cavabı elə həmin o məntiqlə izah olunsun. İndi haqqında sözü gedən situasiyaya verdiyim qiymət yəqin ki, bir çoxlarının, xüsusən də Nazirlər Kabineti yanında Operativ Qərargahın əməkdaşlarının xoşuna gəlməyəcək, amma deyəcəm: mənə elə gəlir ki, başda TƏBİB-in rəhbəri Ramin Bayramlı olmaqla, onların bir çoxu öz ixtisaslarını yaxşı bilsələr də, ali məktəbdə məntiqdən “qeyri-kafi”, yaxşı halda, “kafi” qiymət alıblar. Yəni, onların bir çox, hətta əhalini koronavirusdan qorumaq üçün qəbul etdikləri qərarları belə, məntiqi cəhətdən axsadığı üçün, realizasiyası zamanı absurd, bəzən isə ziyanlı nətciələr ortaya çıxır. Axı niyə düşünürəm ki, onlar məntiqdən iki alıblar? İzah edim.

 

Artıq bu rubrikanın daimi oxucuları bilirlər ki, çalışmışam, həmişə qoyduğum “Axı niyə” suallarının cavabları subyektivlikdən uzaq olsun. Cavablar – insanın nə düşündüyü, çoxluğun sosial sifarişi əsasında formalaşır. Çünki, mən də hamımızın üzvü sayıldığımız toplumdan biriyəm. Mənim nə Ramin Bayramlı ilə, nə də Operativ Qərargahda olan digər insanlarla şəxsi qərəzim var və hətta, onların şənbə-bazar hamının evdə oturması ilə bağlı verdikləri qərarı da dəstəkləyirəm. Amma...

 

Qərarın qüvvəyə minməsindən bir gün əvvəl insanlara günorta saat ikidən gecə saat 12-yə qədər vaxt verildi ki, gedib özlərinə azuqə alsınlar, digər işlərini həll etsinlər və iki gün qalsınlar evdə. Nəticə nə oldu? İnsanlar cümə axşamından başladılar marketləri silib-süpürməyə. Düz iki gün marketlərdə satılmayan nə vardısa, hamısı satıldı. Bankların qabağında növbələr də öz yerində. Təbii ki, sosial şəbəkələri dolduran videolardan da göründüyü kimi, nə sosial məsafə qorundu, nə maskalar taxıldı. Belə olan halda isə yoluxmaların sayı da çoxalacaq, üstəlik, bu yoluxmalarda Opertiv Qərargahın məlum əsas səbəbə çevriləcək.

Ərzaq mağazalarında uzun növbələr - Piştaxtalarda çörək qalmayıb

Deyəcəksiniz ki, məsələn, qonşu Türkiyədə də belə qərar verilmişdi - Ərdoğan camaatı neçə həftəsonu komendant saatı elan etməklə evdən çıxmağa qoymadı. Xeyr! Türkiyədə yaşayan qohumlarımdan öyrəndim hər şeyi yerli-yataqlı: İstanbulda evdən çıxmamaq qadağası olan əhaliyə marketlər daşıma xidməti göstərdi. Yəni aptek və marketlərin qapıları bağlı idi əhali üçün, amma işçiləri ərzağı, dərmanı əhaliyə onlayn sifarişlə çatdırırdılar. Ona görə də bizdəki ajiotaj orada bu səviyyədə olmadı. Məqsədə - yoluxmaların azalmasına nail olundu.

 

Bizim əhali isə sifariş çatdırılma sisteminə öyrəşməyib, üstəgəl, çölə çıxmamaq qadağası marketçilərə də aid edildiyindən, nəhəng növbələr yarandı. Nəticə: evdə qalmaqla yoluxmanın qarşısını almağa yönəlik qərarın icrasından sonra yoluxmaların sayı artacaq. Belə qərarın məntiqini Ramin Bayramlı izah etsəydi, biz də başa düşərdik.

 

İkinci məntiqsizlik - koronavirusla mübarizə aparan həkimlərin belə, işə çıxmasını mümkünsüz edən qadağa. Tutaq ki, həkim onlayn qaydada qeydiyyatdan keçib, amma onun öz avtomobili ilə işə gəlməsinə qadağa var. İctimai nəqliyyat da işləmir. Neynəməlidir bu həkim? Təcili yardım maşını çağırmalıdır ki, işə çıxsın? Yəni səhiyyə sistemində indiki vaxtda o qədər təcili yardım maşını boşluğudur ki, onlar qapı-qapı gəzib, həkimləri işə daşısınlar?

 

Bilirsiniz, məsələ necədir, Ramin müəllim (doktor)? Belə şəraitdə koronavirusa yoluxan xəstələrin müalicəsi üçün həkim və tibbi personal qıtlığı yarana bilər. Çox güman ki, elə yaranıb da. Xahiş edirəm, efirə çıxıb, bunun belə olmadığını, situasiyanın nəzarət altında olduğunu deməyin. Biz də, siz də, Ayda yaşamırıq. Elə həmin İstanbulda həkim işləyən tanışımdan soruşdum ki, “evdən çıxmamaq qadağası vaxtı nə etdin?” Dedi ki, “biz həkimləri rahat şəkildə işə çatdırırdılar, hətta, öz maşını olmayanları polis maşınları ilə”.

 

Çünki, Türkiyədə pandemiyanın qarşısının alınmasından məsul olanlar, yəqin ki, məntiq dərsindən minimum “yaxşı” alıblar və onların da müəllimi izah edib ki, bala, hər bir şeyin bir niyəsi olmalıdır...

Müəllif: Yoldaş Mircəfər