Əhməd İsmayılov: “Dünya təcrübəsini nəzərə almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edirik”
“Çap mediasının qarşılaşdığı problemlər bütün dünyada özünü göstərən, İKT-nin inkişafı nəticəsində informasiyanın əvvəlkindən daha sürətli ötürülməsi ilə müşayiət olunan yeni tendensiyalarla bağlıdır. Biz bütün bu kimi yeni trendləri diqqətlə izləyir və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus dəyərlər sistemi var. Azərbaycan mediası böyük bir tarixi irsin, zəngin təcrübənin daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət dilimizin ədəbi üslubunun ən çevik, rəsmi və publisistik üslublarının isə əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən ciddi fikir tribunasıdır”.
AYNA xəbər verir ki, bu sözləri AzərTac-a müsahibəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmayılov bildirib ki, çap mediasının zəifləməsi bir tərəfdən qlobal tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır: “Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin əksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz”.
“Agentlik dünya təcrübəsini nəzərə almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edir. Belə ki, qeyd olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır. Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Media sahəsində islahatlarla bağlı dövlətin iradəsi və media ictimaiyyətinin istəyi üst-üstə düşür. Məhz bu həmrəyliyə güvənərək təşəbbüslərimizin səmərəli olacağına, Azərbaycan mediasının yeni keyfiyyət mərhələsinə keçidinə dəstək verəcəyinə inanırıq”, - deyə MEDİA Agentliyinin rəhbəri vurğulayıb.