Marneulidə gərginlik: Rusiyayönümlü radikal qrup azərbaycanlı fəalı təhdid edir

Dünya

17.03.2022 - 21:14

Samirə Bayramova: "İki gün ərzində onların istəklərini həyata keçirməsəm, Marneulidə xoşagəlməz hadisələrin olacağını söyləyiblər"

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Samirə Bayramova rusiyayönümlü qrup tərəfindən təhdid edilir. Belə ki, S.Bayramova martın 14-də Borçalıda, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda “Alt-İnfo”nun təsis etdiyi "Mühafizəkar hərəkat" Partiyasının ofisinin açılışına etiraz edib. İctimai fəal ofisin fasadına Ukrayna və Avropa İttifaqının bayraqlarının şəklini çəkərək Rusiyanın ideoloji mərkəzi rolunu oynayan təşkilatın fəaliyyətinə sivil etirazını bildirib. Bundan sonra "Mühafizəkar hərəkat" Partiyasının radikal üzvləri sosial şəbəkələrdə soydaşımıza qarşı zorakılıq çağırışları və təhdid edirlər. martın 

Qrupun radikal üzvləri Bayramovaya qarşı zorakılıq çağırışı edilən videomüraciətdə ictimai fəalın partiya simvollarını, dini simvol olan xaçın təhqir olunduğunu, etirazın rusiyayönümlü partiyaya qarşı deyil, xristianlığa qarşı olduğunu iddia ediblər. 

Qeyd edək ki, radikalların təhdidi ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu gəlmək) maddəsi ilə araşdırma aparılır. Amma S.Bayramova hesab edir ki, radikallar təhdidlərində davam etməkdədirlər. 

Azərbaycanlı fəal hadisənin necə baş verdiyi ilə bağlı AYNA-ya açıqlamasında təfərrüatları danışıb. S.Bayramova qeyd edib ki, Rusiya tərəfindən maliyyələşdirilən Mühafizəkarlar Partiyası Marneulidə ofis açıb: "İki il bundan əvvəl də Rusiya tərəfindən maliyyələşdirilən "Gürcü marşı" adlı hərəkat yaradıb, ofis açmışdılar. "Mühafizəkar hərəkat" Partiyası həmin "Gürcü marşı"nın üzvlərindən ibarətdir. Sadəcə adlarını dəyişiblər. Onların bu fəaliyyətinə etiraz olaraq ofislərinin önünə getdim, Ukrayna və Avropa Birliyinin bayraqlarını ofisin divarına çəkdim. Bununla həm Rusiyanın Ukraynadakı işğalına etirazımı bildirdim, həm də demək istədim ki, Gürcüstan artıq Avropaya inteqrasiya yolunu seçib, bundan sonra Rusiyaya qayıtmayacağıq. Bundan sonra həmin partiyanın fəalları mənə təhdid dolu mesajlar göndərməyə başlayıblar". 

Bayramova vurğulayıb ki, bu təhdidlərlə bağlı polisə müraciət edib: "Artıq cinayət işi də açılıb. Martın 16-da isə həmin partiyanın aktivistləri böyük komanda şəklində Marneuliyə gəliblər və mənə, Marneuli sankinlərinə ultimatum göndərirlər. Mənə xəbərdarlıq edirlər ki, onların ofislərinə vurduğum zərəri ödəyim. Təbii ki, mən cinayət etməmişəm, dağıntı törətməmişəm. Söz azadlığından istifadə edərək Ukraynada baş verənlərə münasibətimi bildirmişəm. Eyni zamanda, Gürcüstanın Avropaya inteqrasiya siyasətinə dəstəyimi göstərmişəm". 

"Marneuliyə gələn partiya radikal qrupları mənə iki gün vaxt veriblər. İki gün ərzində onların istəklərini həyata keçirməsəm Marneulidə xoşagəlməz hadisələrin olacağını söyləyiblər. Və mənə qarşı hansısa planları olduğunu deyiblər", - S.Bayramova əlavə edib. 

İctimai fəal qeyd edib ki, Gürcüstanın bütün mərkəzi təşkilatları, hüquq müdafiəçiləri, mediası 3 gündür ona bütün dəstəklərini göstərir, həmrəyliklərini bildirirlər: "Bir çox təşkilatlar hüquqlarımı müdafiə edirlər. Gürcüstanın daxili işlər naziri Gürcüstan Parlamentində "Nazir saatı"nda hesabat verirdi. Gürcüstan Parlamentinin vəkilləri Teona Akubardia və Nino Tsilosani nazirə mənim məsələmlə bağlı müraciət ediblər, mənim məsələmin, Marneulidə baş verənlərin diqqətdə saxlanılmasını tələb ediblər. Çünki məni təhdid edən qrupların nə dərəcədə radikal və destruktiv olduğu aydındır və bu nazirin diqqətinə çatdırılıb. Ümid edirəm ki, məsələnin üzərinə ciddi gediləcək". 

"Bu qruplar həbs olunmalıdırlar. Çünki onlar 4-5 ildir ki, Marneulidə belə təxribatlarla məşğuldurlar. Onlar etnik zəmində problemlər yaratmağa çalışırlar. Dmanisidə svanlarla baş verən hadisələrdə də (azərbaycanlılarla svanlar arasındakı dava) bunların əli var idi. Həmin vaxt da mənə təhdidlər var idi. Ümumiyyətlə, bu qruplar cəmiyyət üçün təhlükədirlər. Bu partiya Gürcüstanda olan etnik və dini azlıqları qəbul etmirlər. Rusiya dövləti tərəfindən maliyyələşən bu qruplar etnik münaqişələrin yaranmasında, eyni zamanda, Gürcüstanın Rusiyanın bir quberniyasına çevrilməsində maraqlıdırlar", - deyə ictimai fəal fikirlərini tamamlayıb. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” Partiyasının fəaliyyətinə qarşı etiraz etməyə başlayıb. Etirazlar fonunda rusiyameyilli partiyanın Acarıstanda açılmış iki ofisi bağlanmağa məcbur olub. “Mühafizəkar hərəkat” Partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Siyasi təşkilatın təsisçisi “Alt-İnfo” onlayn media resursudur.

Müəllif: Anar Bayramoğlu