MAQATE: Rusiya tərəfindən ələ keçirilən Zaporojye AES tamamilə nəzarətdən çıxıb

Dünya

03.08.2022 - 12:38

MAQATE-nin baş direktoru bildirib ki, nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub

“Rusiyanın ələ keçirdiyi Zaporojye AES-də vəziyyət hər gün daha da ağırlaşır”. AYNA-nın xəbərinə görə, bu sözləri “Sky News”a Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

"Bütün nüvə təhlükəsizliyi prinsipləri pozulub. Son dərəcə ciddi və təhlükəli vəziyyət yaranıb ", - Qrossi bildirib.

MAQATE baş direktoru müharibənin əvvəlində stansiyanın yaxınlığında baş verən atışmaların ziyanlı olduğunu söyləyib.

Qeyd edək ki, AES hazırda Rusiyanın nəzarətindədir. Ukraynalı personalın orada saxlanılması zorakılıq iddialarını artırır.

Qrossi əlavə edib ki, MAQATE-nin işçi heyəti ilə müəyyən əlaqəsi var, lakin bu, tam deyil: “AES-də avadanlıq və ehtiyat hissələrinin tədarükü zənciri qırılıb. Ona görə də biz zavodun ehtiyac duyduğu hər şeyi aldığına əmin deyilik”.

Xatırladaq ki, martın 4-dən etibarən Zaporojye AES-i Rusiyanın nəzarətindədir. “Enerqoatom”un məlumatına görə, ruslar Zaporojye AES-i hərbi bazaya çevirib və ondan qalxan kimi istifadə edirlər. Onlar AES-də ağır artilleriya batareyalarını yerləşdirdilər. Bununla yanaşı, suyu altı atom elektrik stansiyasının reaktorunu soyudan su anbarının sahilləri boyunca piyada əleyhinə minalar yerləşdiriblər.

İyulun 21-də “Enerqoatom” bildirib ki, işğalçılar Zaporojye AES-in enerji blokunun maşın otağına da hərbi texnika və silahlar yerləşdiriblər.

Müəllif: Ayna.az