Saulos Çilima təyyarə qəzasında dünyasını dəyişib
Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə “The Sun” Afrika ölkəsinin Prezident Administrasiyasına istinadən məlumat yayıb.
“Vitse-prezident, hörmətli doktor Saulos Klaus Çilimanı daşıyan təyyarə bu gün səhər Çikanqava meşəsində tapıldı. Təəssüf ki, qəza nəticəsində təyyarədə olan hər kəs həlak olub”, - deyə Administrasiyadan bildirilib.
Qeyd olunub ki, Çilima və onu müşayiət edən daha 9 nəfərin olduğu təyyarə Lilonqvedən havaya qalxdıqdan az sonra radarlardan itib.
Təyyarədə Malavinin keçmiş birinci xanımı, ölkənin ikinci Prezidenti Bakili Muluzinin həyat yoldaşı Patrisie Şanile Muluzi də olub.
Malavi Prezidenti Lazarus Çakvera milli matəm elan edib və bu gündən dəfn mərasiminə qədər bütün bayraqların yarıya endirilməsi göstərişini verib.