Liviyada vəziyyət gərginləşir: Xalq Ordusu etirazçıların tərəfinə keçdi

Dünya

03.07.2022 - 13:48

Baş Komandanlıq nümayişçilərin tərəfinə keçdiyini açıqlayıb

Liviya Xalq Ordusu etirazçılara dəstək verib və onların tərəfinə keçib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ordunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari məlumat yayıb.

“Liviya Xalq Ordusu Baş Komandanlığı xalqın iradəsini və vətəndaşların tələblərini dəstəklədiyini bəyan edir”, - əl-Mismari deyib.

Onun sözlərinə görə, Komandanlıq Liviya böhranı kontekstində qanuni tələbləri ifadə edən xalq hərəkatını dəstəkləyir.

“Liviya Silahlı Qüvvələri xalqı ruhdan salmayacaq və onları şantaj və müdaxiləyə qarşı müdafiəsiz qoymayacaq. Ordunun xalqı xilas və sülh, sabitlik və firavanlıq gələcəyinə keçid planı seçdikləri zaman müdafiə edəcəyinə söz verir”, - deyə əl-Mismari vurğulayıb.

Eyni zamanda, əl-Mismari ölkə vətəndaşlarını dinc yolla nümayişlər keçirməyə çağırıb: “Liviyalılar vətəndaş dövləti quruculuğuna doğru irəliləmək üçün ölkəni acı reallıqdan və mövcud vəziyyətin absurdluğundan xilas etmək üçün yol xəritəsi hazırlamalıdırlar”.

Qeyd edək ki, iyulun 1-də Liviyanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Paytaxt Tripolinin sakinləri küçələrə axışaraq hakimiyyətin buraxılması, ölkədə fövqəladə vəziyyət elan edilməsi, elektrik enerjisi böhranının aradan qaldırılması, prezident və parlament seçkilərinin keçirilməsinin sürətləndirilməsi tələbləri ilə çıxış ediblər. Həmin gün etirazçılar Tobruk şəhərində parlamentin Nümayəndələr Palatasının binasına basqın ediblər. Nümayişçilər ofisləri, qəbul zalları və qonaq evlərini yandırıb, sənədləri məhv ediblər.

Müəllif: Ayna.az