Lider TV-də maliyyə böhranı: Telekanal işçilərini məcburi məzuniyyətə göndərdi

Cəmiyyət

11.05.2020 - 16:02

Jurnalist: “İşçilərin maaşının 20 faizi  ödənilirdi, bəzən heç bu da verilmirdi”

 

Ölkə teleməkanında ən çox problem yaşayan, rəqabətdən uzaq televiziya kanalı Lider TV-dir. İllərdir telekanalın maliyyə durumu, işçilərinin maaş problemi əsas xəbərlər kimi qarşıya çıxır. AYNA xəbər verir ki, artıq Lider TV-nin vəziyyəti maliyyə səbəbindən ən gərgin həddə çatıb.

 

Rəhbərlik kanalın həm texniki, həm də yaradıcı heyəti arasında ixtisarlar aparmaqla yanaşı, onların özlərinin könüllü  ərizə yazaraq məzuniyyətə çıxmalarını tələb edib. Mediada kanalın bir neçə günə bağlanacağı proqnozu da səslənir.

 

AYNA məsələ ilə bağlı kanal əməkdaşları ilə əlaqə qurmağa çalışıb.

Lider TV əməkdaşı, adının çəkilməsini istəməyən jurnalistin sözlərinə görə, telekanal üç ildən çoxdur ki, bu gərginliyi yaşayır:

 

“Bəzən medianı kanal barədə tənqidi məlumatlar yazdıqları üçün qınayırlar. Amma mövcud durum mətbuata çıxmazdan qabaq da pis idi. İşçilərin maaşının 20 faizi  ödənilirdi, bəzən heç bu da verilmirdi. Son olaraq kanalın 50-55 faiz işçisi öz hesabına 3 aylıq məzuniyyətə göndərilib, verilişlərin 85 faizi bağlanıb. Xəbər buraxılışı, ictimai-siyasi verilişlərin demək olar ki, çoxu dayanıb. Bir vaxtlar xəbər buraxılışı efirdə saatbaşı olurdusa, indi bir buraxılış saxlanılıb. Məqsəd 3 aylıq maliyyə yükündən qurtulmaqdır. Amma bunun kanalı qurtaracağına inam yoxdur. Çünki telekanalda vəziyyət göründüyündən də dərindir”, deyə kanalın işçisi bildirib.

Müəllif: Raminə Eyvazqızı