Kuleba: "Atəşkəslə bağlı razılıq əldə olunmayıb"
Lavrov: "Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında Antalyada keçirilən görüş başa çatıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, görüşdən sonra hər iki XİN başçısı ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi", - deyən Kuleba bildirib ki, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunub. Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.
Nazir bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.
"Müharibəni dayandırmalıyıq. Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq. Mənim təəssüratım odur ki Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq”, - Kuleba qeyd edib.
"Biz bütün məsələlərin həllinə dair danışıqlara hazırıq", - deyən Lavrov isə bildirib ki, Ukrayna tərəfi onların təkliflərini alıb, bunun üzərində çalışıb bir cavab deyəcəklər.
Lavrov qeyd edib ki, Belarus ərazisi danışıqlar üçün alternativsizdir. O, görüşdə humanitar məsələlərin müzakirə edildiyini bildirib: "Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər. Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil".
Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib: “Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.
Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.