DSX: əməliyyat-istintaq tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər çərçivəsində külli miqdarda tütün məmulatının ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıblar.
DSX-nin Mətbuat Mərkəzindən AYNA-ya bildirilib ki, fevralın 26-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkarlanaraq götürülüb.
Fevralın 27-də saat 23:30 radələrində “Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara - AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış keçirilərkən lokomotivin sürücüsü, Astara rayon sakini 1989-cu il təvəllüdlü Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon sakini 1978-ci il təvəllüdlü Kazımov Bəxtiyar Qulaməli oğlu tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar edilib. Aşkarlanan siqaretlər Astara dəmir yolu gömrük postuna təhvil verilib.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.