Kremlin ukraynalı girovları - Krım tatarları repressiya maşını altında əzilir, xilas yolu isə...

Dünya

19.12.2021 - 10:28

İqor Semivolos: “Təəssüf ki, moskvalıların repressiya üçün praktiki olaraq qeyri-məhdud imkanları var - işğal olunmuş yarımadada hüquq yoxdur”

Dmitri Zolotuxin: “İstənilən yardım, hətta beynəlxalq platformalardakı bəyanatlar da çox faydalı olacaq”

Ukrayna Prezidenti Vladimir Zelenski 2022-ci ilin fevralında Kiyevdə Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə sammit keçirilməsini təklif edib. Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bunu dövlət başçısı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Zelenski xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.

“Bunu nəzərə alaraq, Prezident fevralda Kiyevdə üç dövlətin liderinin iştirakı ilə sammitin keçirilməsini təklif edib”, - Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Ukrayna lideri, həmçinin ölkələr arasında əməkdaşlığın nəqliyyat-logistika potensialına, xüsusilə dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutu üzrə yüklərin tranzitinin həyata keçirilməsi üzrə işlərin intensivləşdirilməsinin zəruriliyinə diqqət çəkib.

Ukrayna Prezidenti “Böyük Tikinti” Milli Proqramı çərçivəsində avtomobil yollarının və nəqliyyat qovşaqlarının tikintisi sahəsində Ukrayna ilə Azərbaycan şirkətləri arasında müsbət əməkdaşlıq təcrübəsinin olduğunu xatırladıb.

“Anadolu” Agentliyi xəbər verir ki, Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi üçün Bakıya təşəkkür edib və Azərbaycanın qanunsuz həbs edilən şəxslərin azad edilməsi prosesinə qoşulması imkanlarından danışıb.

“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir. Bu məsələnin təbliğində mümkün köməyinizə görə minnətdar olaram”, - deyə Zelenski bildirib.

Ümumiyyətlə, Ukrayna Prezidentinin təklif etdiyi Kiyev sammiti lazımlı görüş olardı. Bu, Bakının, üstəlik, Ankaranın Moskvadan asılı olmayan xarici siyasət kursunun növbəti nümayişi olardı.

Bəs Rusiyada dəmir barmaqlıqlar arxasında qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının -  Krım tatarlarının azadlığa buraxılmasına gəlincə, Azərbaycan Prezidenti burada kömək edə biləcəkmi? Əslində, Ərdoğan bu sahədə bir neçə dəfə uğur qazanıb. Bu sualları tanınmış xarici ekspertlər cavablandırıb.

İqor Semivolos, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru (Kiyev):

- Gələn ilin fevralında Kiyevdə üçtərəfli sammitin keçirilməsi ideyası cəlbedicidir. Son illər Türkiyənin imici, məsələn, Ukrayna cəmiyyətində əhəmiyyətli dəyişikliklərə məruz qalıb - “all inklusive” ölkədən “əsas strateji müttəfiqlərdən birinə” çevrilib. Azərbaycan da öz növbəsində İkinci Qarabağ müharibəsindən sonra öz ərazi bütövlüyünü necə qorumağın və heç bir şəraitdə təslim olmamağın nümunəsi oldu.

Son bir neçə ildə məlum şəraitə görə Ukrayna Cənubi Qafqaz ölkələri ilə münasibətlərə az diqqət ayırıb və mənə elə gəlir ki, bu format onlara yeni təkan verə bilər. Belə bir sammitə hazırlaşarkən mütləq nələrə diqqət etməlisiniz. Sammitin formatı önəmlidir, lakin, əməkdaşlığın ekspert səviyyəsi prosesə geniş iştirakçıların - politoloqlardan tutmuş ölkələrimizin müxtəlif mədəniyyət sahələrinin nümayəndələrinə qədər cəlb olunmasını təmin etməsi ondan az əhəmiyyət kəsb etmir. Fikir mübadiləsi, müzakirələr, ümumi maraqların axtarışı və ümumi mədəniyyət sahəsinin formalaşdırılması dövlət başçıları səviyyəsində təşəbbüslərin təşviqinə töhfə verəcək. Başqa sözlə, mədəni diplomatiya eyni dərəcədə vacibdir və orta müddətli perspektivdə potensial olaraq daha məhsuldardır.

İşğal olunmuş Krımda dəmir barmaqlıqlar arxasına atılan Ukraynanın Kreml girovlarına və onların azad olunma ehtimalına gəlincə, vəziyyət ağırdır. Təəssüf ki, moskvalıların repressiya üçün praktiki olaraq qeyri-məhdud imkanları var - işğal olunmuş yarımadada hüquq yoxdur və vətəndaş azadlıqları çoxdan Ukrayna dövrlərinin xatirəsinə çevrilib.

Cəzaverici işğalçı orqanlar hamının düşdüyü repressiya çarxını fırladır - Ukraynaya sadiq qalan ukraynalılar, Krım-Tatar Xalq Məclisinin üzvləri, müsəlmanlar və xristian dissidentlər əziyyət çəkirlər. Zaman keçdikcə, ittihamlar absurdlaşır və şərtlər bir o qədər ağırlaşır. Ədalət üçün yer yoxdur və buna görə də həyəcanlı bir vəziyyət təcili müdaxilə tələb edir.

Təsəvvür etmək çətindir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin həllinə birbaşa necə kömək edə bilər, amma bizim Ukrayna tərəfdən bunu qaldırmağın mənası var. Nə qədər çox siyasətçi iştirak etsə, bu girovların işgəncə və ya zorakılığa məruz qalmamaq şansını bir o qədər çoxaldır. Belə bir humanitar məqam çox vacibdir. Türkiyə Prezidenti vaxtilə Ukrayna vətəndaşlarını Moskva əsarətindən azad etməyə nail olub, buna görə ona son dərəcə minnətdarıq. Amma biz onu da başa düşürük ki, bu, Putinin xoş niyyəti ilə deyil, mübadilə nəticəsində baş verib. Bizim ölkələrdə, Moskvadan fərqli olaraq, girov götürmək adət deyil. Bütün bunlar bütövlükdə çətin vəziyyət yaradır və buna görə də insanların həyatını Moskva əsarətindən xilas etmək üçün istənilən yardım Kreml imperiyasını bərpa etmək cəhdlərinə qarşı bizim ümumi mübarizəmizdir.

Dmitri Zolotuxin, Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi:

- Ukraynanın Türkiyə və Azərbaycanla münasibətləri Kiyev hakimiyyəti üçün çox mühüm xarici siyasət yoludur. Onu infrastruktur, logistika və digər layihələr şəklində konkret və konstruktiv məzmunla doldurmaq istəyi hadisələrin təbii gedişatıdır. İqtisadiyyat, biznes, hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı inkişaf potensialı hələ də tam qiymətləndirilməyib. Ona görə də görüş şübhəsiz ki, ciddi perspektivlərə start verə bilər.

Təəssüf ki, bu kontekstdə humanitar məsələlərdən yan keçmək olmur. Söhbət beynəlxalq normaların və cəza funksiyaları ilə qurulmuş siyasi rejimin pozulmasının qurbanına çevrilmiş konkret insanların həyatından gedir.

Krım tatarlarının işğal altındakı yarımadada vəziyyəti hər gün pisləşir. İnsanlar təqib olunur. Bir çoxları qanunsuz həbs olundu. Onların xilası məsələsi beynəlxalq münasibətlər müstəvisindədir, ona görə də.

Müəllif: Rauf Orucov