Korsika və Şuşadakı etirazlar Milli Məclisin gündəmində - Deputatlar çağırış etdilər

Aktual

20.12.2022 - 14:25

“Fransa insan haqlarını, beynəlxalq hüququ tapdalayır və Ermənistanın timsalında terroru müdafiə edir”

Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdə olan 60 məsələnin müzakirəsindən əvvəl deputatlar gündəmlə bağlı fikirlərini səsləndiriblər. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda Fransa ilə bağlı tənqidlər səsləndirilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, hər zaman Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, insan haqları ilə bağlı dünyaya dərs keçmək iddiasında olan Fransa öz daxilində bu dəyərləri kobud şəkildə pozur: “Heç kimin ixtiyarı yoxdur ümumbəşəri məsələləri özəlləşdirsin, demokratiya və insan haqları haqqında təkbaşına dərs keçsin. İnsan haqları, elementar qanun aliliyi ilə bağlı hədləri aşan Fransa Korsikada insanların hüquqlarını tələb etməsinə sərt cəza tədbirləri ilə cavab verir. Korsikada insanlar öz dilində danışa bilmir. Halbuki insanlar öz dilində danışmaq istəyir”.

Komitə sədri: “Fransa kimi dövlətlər bilməlidir ki, biz sözümüzü deyəcəyik...”

“Fransa insanları həbsxanalara doldurur, işgəncə verir. İnsanların demokratik istəklərini boğur, rəqiblərini həbsxanalarda öldürürlər. Hazırda bu işlərlə bağlı istintaq da gedir. Odur ki, Fransanın Azərbaycanın içindəki separatçı qüvvələri dəstəkləməyə və öz daxilində insan haqlarını pozmağa haqqı yoxdur”, - Seyidov əlavə edib.

Deputat Fransaya Korsikada insan haqlarını qorumağa çağırış edib: “Bu məsələni bütün beynəlxalq təşkilatlarda, eləcə də BMT-də qaldırmaq lazımdır. Çünki Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür”.

“Artıq Azərbaycan fəqli ölkədir. Biz illər boyu görürdük ki, ikili standartlarla, subyektiv yanaşma ilə hansı iddialar irəli sürürlər. Bu gün fərqli Azərbaycan var. Güclənən, torpaqlarını işğaldan azad edən Azərbaycan mövcuddur. Bu gün dünyaya güclü Azərbaycan lazımdır. Fransa kimi dövlətlər bilməlidir ki, biz sözümüzü deyəcəyik, hər bir azərbaycanlı olaraq səsimizi qaldıracağıq. Bundan heç kəsin şübhəsi olmasın”, - millət vəkili vurğulayıb.

“Fransa ordu göndərdi, Korsikanı işğal etdi”

“Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmamalıdır. Korsika xalqının haqları var. Ən azı elementar hüquqlarını həyata keçirmək üçün onlar mübarizə aparırılar. 2014-cü ildən sonra Korsikanın azadlığı uğrunda mübarizə aparanlar bildirdilər ki, artıq sivil qaydada öz mübarizələrini etməyə başlayıblar”. Bu sözləri çıxışında deputat Azay Quliyev deyib.

Millət vəkili bildirib ki, korsikalılar çox sadə tələb irəli sürürlər: “Öz dillərinin ikinci dil kimi qəbul olunmasını istəyirlər. Onlar mülkiyyət haqqının tanınmasını istədiyi halda Fransa ordu göndərdi, Korsikanı işğal etdi”.

Deputat Musa Qasımlı isə qeyd edib ki, bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransanın insan haqlarından, demokratiyadan azadlıq və bərabərlikdən danışmağa qətiyyən mənəvi haqqı yoxdur. Fransanın kiməsə dərs verməyə haqqı çatmır: “Bu istiqamətdə danışmaq hüququ olan sonuncu ölkə Fransadır. Fransa bu gün özünün ərazilərinə baxsın. Minlərlə kilometr əraziləri əhatə edən müstəmləkələr saxlayır. Onlardan biri də Korsikadır. Onlar dil və mədəniyyət istəyirlər. Fransa isə onları top və tüfənglə qarşılayır”.

“Fransa bununla beynəlxalq hüququ tapdalayır və Ermənistanın timsalında terroru müdafiə edir. Ona görə də Fransa qınanmalıdır. Heç kəsin Azərbaycanla zor dilində danışmağa haqqı yoxdur. Azərbaycan özü öyrədən bir ölkədir”, - deyə M.Qasımlı vurğulayıb.

“Korsikaya faktaraşdırıcı missiya göndərilməlidir”

“Fransa üçün Azad Korsika Partiyasının dil və mədəniyyət uğrunda mübarizə apardığına görə pis terrorçu, Araik Arutunyan isə yaxşı terrorçudur”, - deyən deputat Elman Nəsirov əlavə edib ki, Fransa terrorçu Araikə dəstək verir, Korsika xalqı uğrunda mübarizə aparan liderləri isə həbsə atır: "Terrorun Ermənistanın dövlət səviyyəsində siyasət formasını almasını Fransa dəstəkləyir. Fransanın belə siyasəti dünya üçün problem yaradır. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq onlar qarşısında tələblər qoyulmalıdır”.

“Birincisi, Fransa hökuməti Korsikada beynəlxalq hüququ pozmasını dayandırmalı, insan hüquqlarına hörmətlə yanaşmalıdır. İkincisi, Avropa Şurası prosesə obyektiv yanaşmalı və Korsikaya faktaraşdırıcı missiya göndərməlidir”, - millət vəkili deyib.

Deputat: “Üçtərəfli Birgə Bəyanatın maddələri yerinə yetirilməyəcəksə, etirazlar davam etməlidir”

Deputat Mahir Abbaszadə isə Qarabağla bağlı son vəziyyət, azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyalar barədə fikirlərini səsləndirib. Millət vəkili deyib ki, ötən iki il müddətində Üçtərəfli Birgə Bəyanatın maddələrinin icra edilmədiyinin şahidi olmuşuq: “Bu, sülhün və təhlükəsizliyin təhdidi kimi qiymətləndirilməlidir. Bu gün Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan ekologiyasına zərər vurulması, təbii sərvətlərin daşınması, Qarabağda fəaliyyət göstərən hərbi xuntanın Ermənistan tərəfindən maliyyə vəsaiti ilə təmin edilməsi beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirilməlidir. Bunlar dünyanın gözü qarşısında baş verir”.

"Monitorinqlərə şərait yaradılmaması göstərir ki, Rusiya sülhməramlıları öz missiyalarını layiqincə yerinə yetirə bilmirlər. Hesab edirəm ki, bundan sonrakı müddətdə Üçtərəfli Birgə Bəyanatın maddələri yerinə yetirilməyəcəksə, etirazlar davam etməli, Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır", - deyə M.Abbaszadə vurğulayıb.

“Qarabağdakı sərvətlərin talan edilməsi mexanizmi qurulmuşdu və bundan Avropa Parlamentinin deputatları da yararlanırdı”

Deputat Tural Gəncəliyev isə bildirib ki, son vaxtlar Qarabağda baş verən hadisələr, Azərbaycanı sevməyən ölkələrin buna münasibəti bəllidir: “Biz əvvəldən bilirdik ki, Fransa, Yunanıstan kimi ölkələr bu məsələyə qərəzli yanaşacaqlar. Bu gün Avropa Parlamentində baş verən proseslərdən, xüsusilə, korrupsiya biabırçılığından danışmaq istəyirəm. Mən daima Avropa Parlamentində oluram, orada hər zaman Azərbaycana qarşı mövqe tutan, qətnamələr qəbul edən deputatlar erməni iş adamlarından pul alaraq sənədlərin qəbulunda fəallıq edirlər. Bu, biabırçılıq Avropa Parlamentinə böyük ləkədir”.

“Avropa Parlamentinin yunanıstanlı vitse-spikeri həbs edilib və bu əslində erməni dostluq qrupuna yaxın çevrədir. Azərbaycanlı ekofəallar Qarabağda ekoloji durumla bağlı etiraz aksiyaları keçirirlər. Amma Avropa Parlamentində hay-küy salırlar, deyirlər ki, yol bağlanıb. Buna səbəb həmin deputatların gəlir yolunun bağlanmasıdır. Qarabağdakı mədənlərin qanunsuz istismarı, bu sərvətlərin talan edilməsi mexanizmi qurulmuşdu və bundan Avropa Parlamentinin deputatları da yararlanırdı. İndi həmin gəlir yolu və yeri bağlanıb”, - Gəncəliyev əlavə edib.

Millət vəkili qeyd edib ki, dəfərlər erməni iş adamlarının – Karapetyan və digərlərinin Avropa Parlamentinin binasında əyləşərək avropalı deputatları korrupsiya prosesinə cəlb etməsi müşahidə olunub: “Onların gözündə Qarabağda etiraz aksiyası keçirən ekofəallar başqa, Avropadakı ekofəallar isə başqa cür görünürsə, bu, bizim yox,  onların problemidir”.

Müəllif: Anar Bayramoğlu