Rusiyadan Qarabağa 20 min erməninin gətirilməsinə hazırlıq görülür

Aktual

28.09.2020 - 15:38

Erməni diasporu Qarabağdakı Azərbaycan Ordusunun hücumunu dəf etməyə hazırlaşarkən, Azərbaycan diasporu səsini çıxarmır

 

Hələ yayda baş verən “ərik müharibəsi” zamanı Rusiya Ermənilər Birliyinin (SAR) prezidenti Ara Abramyan Azərbaycana qarşı bir sıra təxribat xarakterli bəyanatlar vermişdi. Beləliklə, Abramyan Hayasa Mərkəzinə verdiyi müsahibədə “Rusiyadakı azərbaycanlıların ermənilərə hücumlarının” Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunduğunu bildirmiş, hətta, qeyd etmişdi ki, SAR-da azərbaycanlıların hədəflərinə hücum etməyə hazır olan 3,5 min erməni idmançı var.

 

Daha sonra SAR, Azərbaycan rəhbərliyini Xabarovskda anti-Putin mitinqində çıxış edən Rusiya ermənisi Zohrab Davtyanın fəaliyyətini maliyyələşdirməkdə də günahlandırmışdı.

 

İndi Azərbaycan Ordusunun Qarabağdakı əks-hücum əməliyyatının başlaması ilə Abramyanın Azərbaycanofobiyası yenidən güclənib. Rusiyanın “Podyom” nəşrinə verdiyi müsahibəsində Abramyan 20 min Rusiya ermənisinin könüllü olaraq Dağlıq Qarabağa getməyə hazırlaşdığını söyləyib.

 

“İnsanları ora göndərmək üçün hərbi nəqliyyat tələb edəcəyik. Bir neçə yüz nəfər, minə yaxın milliyətcə rus olanlar da kiçik Qarabağı müdafiə etmək üçün könüllü olmağa hazır olduqlarını bəyan ediblər. Ancaq biz onlara təşəkkür edirik”, - o deyib.

 

Abramyanın bu açıqlaması, habelə əvvəllər Azərbaycana qarşı etdiyi hücumlar Rusiyanın müvafiq orqanlarının SAR-ı məhkəməyə verməsi üçün kifayətdir. Bu vəziyyətdə, əsas vəzifəsi erməni xalqının mədəniyyətini, tarixini və dilini təbliğ etmək olan bir ictimai təşkilat olan SAR, Rusiyada etnik nifrəti qızışdırmaq və ictimai təhlükəsizliyi sarsıtmağı qarşısına məqsəd qoyan bir cinayətkar qrup kimi çıxış edir.

 

Rusiyadakı erməni diasporu Qarabağdakı Azərbaycan Ordusunun hücumunu dəf etməyə hazırlaşarkən, Rusiyadakı Azərbaycan diasporu əllini əlinin üstünə qoyub oturub. Diasporumuz heç olmasa, Rusiya ermənilərinə cavab verə bilərdi, amma...

Müəllif: Asif Aydınlı

Ramanada faciə

Dünən, 17:26 Hadisə