Körpü tikintisinə icazə verilir, Şuşa “paytaxt” elan edilir - <font color=red> BƏS SONRA?</font>

Siyasət

21.05.2020 - 15:14

İlham İsmayıl: “Xarici İşlər və Müdafiə nazirlikləri birgə bəyanat verib, atəşkəsin pozulacağını və bütün məsuliyyətin Ermənistanın üzərində qalacağını bildirsəydi, bəlkə də nəyəsə nail olmaq olardı”

 

Məlum olduğu kimi, bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nda separatçı rejimin rəhbəri Araik Arutyunyanın “andiçmə mərasimi” keçiriləcək və Şuşa şəhəri separatçı rejimin “paytaxtı” elan ediləcək. Tədbirdə Cıdır düzündə hazırlanmış xüsusi toplar vasitəsilə atəşfəşanlıq olacaq.

 

Qeyd edək ki, son zamanlar Ermənistan Azərbaycana qarşı psixoloji üstünlüyü ələ almağa çalışır. Dağlıq Qarabağdakı son “seçkilər”, Xankəndində Ermənistanın Baş Naziri Nikol Paşinyanın sərt çıxışları, Ağdamın Ermənistanın təhlükəsizlik zonası, və nəhayət, Şuşanın separatçı rejimin “paytaxtı” elan edilməsi bu prosesin tərkib hissəsidir. Təəssüf ki, hər dəfə düşmənin “meydan oxumasına” Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi bəyanatlarla cavab verir. Bu dəfə olduğu kimi: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir”.

 

Mövzu ətrafında AYNA-nın suallarını keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb:

Sanki hardansa bomba düşürdü...` - İlham İsmayıl

- İlham müəllim, bildiyiniz kimi, bu gün Şuşa separatçı rejimin “paytaxtı” elan ediləcək. Və rəsmi Bakının cavabı da hər zamankı şablon bəyanatdan irəli getmir...

 

- 30 ilə yaxındır ki, Qarabağ işğal altındadır. Bu 30 il ərzində Azərbaycan tərəfindən aparılan hərbi və diplomatik gedişlərin hər biri uğursuzluqla nəticələnib. Ermənistan tərəfi isə addım-addım 100 illik istəyinə çatmaqdadır. Sözügedən mərasimi də bu gün Şuşada keçirmələri xüsusi əhəmiyyət kəsb edir. Daha dəqiq desək, Qüds Fələstin üçün hansı mənanı ehtiva edirsə, Şuşa da Azərbaycan üçün o mənanı ifadə edir. Şuşa bizim mədəni və mənəvi mərkəzimizdir. Onlar da bunu çox yaxşı bilirlər və bildiklərinə görə də bu mərasimi işğal etdikləri topraqların heç birində yox, məhz Şuşada keçirməklə bizi bir daha sındırmaq, zəif olduğumuzu sübut etmək və təhkimçiliyə sürükləmək istəyirlər. Təəssüf ki, düşmənin bu fikirlərini biz düşməndən daha yaxşı bilirik və bilə-bilə heç bir müdaxilə etmirik. Müdaxiləmiz yalnız Xarici İşlər nazirinin mənasız bəyanatlarından ibarətdir. Lakin bu bəyanatı Xarici İşlər Nazirliyi 5 gün əvvəl Müdafiə Nazirliyi ilə birgə versəydi, belə bir tədbirin baş tutacağı təqdirdə, atəşkəsin pozulacağını və bütün məsuliyyətin Ermənistanın üzərində qalacağını bildirsəydi, bəlkə də nəyəsə nail olmaq olardı. Bütün bunlar da edilmədiyinə, nə hərbi, nə də diplomatik addım atıldığına görə, bu gün bu tədbir baş tutmaq üzrədir. Nəzərə almalıyıq ki, andiçmə mərasimi çox böyük və əhəmiyyətli ritualdır. Çünki burada dövlət qurmaq, müqəddəs kitaba and içmək, yeni sistemə keçmək və təsdiqlənmək məsələsi var. Bütün bunların da Şuşada keçirilməsi Ermənistanın bizə növbəti zərbəsidir.

 

- Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq prosesə sərt müdaxilə edə bilərmi?

 

- BMT-nin Nizamnaməsində qeyd olunur ki, torpaqları işğal olunan ölkənin torpaqlarını müharibə yolu ilə geri qaytarmaq hüququ var. Lakin Ermənistan bizə hücum edəndə, torpaqlarımızı işğal edəndə BMT-nin hansı bəndinə, hüquq normalarına əsaslanıb etmişdi ki, biz də eyni qaydada cavab verək? Sadəcə, güc kimdədirsə, hüquq da ondadır. Baxmayaraq ki, bizim həm maddi-texniki, həm də təbii resurslarımız onlara nisbətən daha çoxdur, beynəlxalq hüquq bizim tərəfimizdədir, amma görünən odur ki, biz daha zəifik.

 

- Fikrinizcə, bizim adekvat cavabımız necə olmalı idi?

 

- Bununla bağlı ilkin bəyanat olmalı idi və dünyaya bildirilməli idi ki, əks cavab veriləcək. Əgər, düşmən fikrindən yenə də çəkilməsəydi, artıq atəşkəs pozulmalı idi. Belə ki, düşmənin hədəfləri vurulmalı və gərginliyə düçar edilməli idi. Bir sözlə, düşmənə göstərmək lazım idi ki, biz bununla razılaşmırıq. Bunu düşmən də görəcəkdi, biz də. Nəticədə düşməndə bədbinlik, bizdə isə əlavə ruh yüksəkliyi yaranacaqdı və psixoloji üstünlük bizdə olacaqdı. Lakin Azərbaycan nə bundan istifadə edə, nə də prosesi öz xeyrinə çevirə bildi. 

 

- Artıq neçənci dəfədir ki, buna oxşar hadisələr baş verir. Sonuncu dəfə isə Ermənistan Ağdam şəhərini özünün təhlükəsizlik zonası elan etmişdi. İndi də Şuşanın paytaxt elan edilməsinə hazırlıq görülür. Bu proseslər nə vaxta qədər davam edəcək? 

 

- Düzdür, Ağdamın öz dəyəri var, Şuşanın öz dəyəri. Vətən torpağının hər bir qarışı əzizdir və hər iki şəhər onsuz da işğal atındadır. Lakin burada əsas məsələ dəyərdən ibarətdir və Şuşanın bizim üçün mənəvi dəyəri daha böyükdür. Lakin bu dəyərlər gözlənilmədi. Cavab verilmədikcə də hadisələr bu şəkildə də davam edəcək. Hətta, bir də gördünüz ki, ermənilər Araz çayı üzərində körpülərin tikintisinə icazə verdiyimiz kimi, buna da icazə veridiyimizlə bağlı bəyanat yaydılar.

Müəllif: Mərahim Nəsib