Koronavirusun yeni “qolu” uzana bilər, lakin...

Aktual

01.02.2021 - 09:18

Həkimlərin tövsiyəsinə görə, hazırda əsas çıxış yolu vaksinasiyadır

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı ötən günlərdə yerli mətbuata açıqlamasında, koronavirusun yeni ştamının (mutasiyaya uğramış formasının, növünün) Azərbaycana gəlməməsinin mümkün olmadığını deyib. Bildiyimiz kimi, ölkəmizdə də vaksinasiya prosesi başlayıb. Sərt karantin günlərinin evdən çıxma qadağası, ictimai-iaşə obyektlərinin bağlanması, iş yerlərində ixtisarlar, ictimai nəqliyyatın həftəsonları işləməməsi səbəbi ilə yaşayışı çətinləşən insanların isə ümidi vaksinasiyanın tez bir zamanda tamamlanmasına, normal yaşayışlarına geri dönəcəkləri günlərədir.

 

Bəs, görəsən, vaksin yeni ştamda da təsirli olacaqmı? Azərbaycan bununla necə mübarizə aparacaq?

 

Həkim Adil Qeybulla AYNA-ya deyib ki, yeni ştamın Azərbaycana gəlməsi realdır: “Qloballaşan dünyada bir yerdə olan ştamın başqa bir ölkəyə transferi mümkündür. Yeni ştamın da Azərbaycana gəlməsi realdır. Sadəcə olaraq, yeni növ vaksinasiyaya tabe olur. Ümumiyyətlə, vaksin “Sars2” virusunun bütün ştamlarını əhatə edir. Ona görə də vaksinasiyaya isti yanaşılmalıdır. Vaksinasiya ilə bağlı anti-təbliğata qoşulmaq lazım deyil. Virusa yoluxub həyatını təhlükə altında qoymaqdansa, vaksinasiya olunmaq daha yaxşıdır”.

 

İnkefsionist həkim İlahə Vəliyeva da AYNA-ya açıqlamasında vaksinasiyanın vacibliyinə diqqət çəkib: “Vaksinasiya çox mühüm faktordur, amma hər şeyi zaman göstərəcək. Həm yoluxma, həm də ağırlaşma, ölüm sayının azalmasında vaksinasiya çox mühüm rola sahibdir”.

 

“Digər tərəfdən, yeni bir ştamın gəlməsi, xüsusilə də onun yeni mutasion variantda olması yeni əlamətlərin meydana çıxmasına səbəb olur. Bu da insanlarda özünü fərqli şəkillərdə göstərir. İnsanların immun sisteminin buna qarşı nə dərəcədə güclü olacağı, necə mübarizə aparacağını zaman göstərəcək. Eyni zamanda, vaksinin də yeni ştamda təsirli olub-olmaması zamanla bilinəcək”, - ekspert vurğulayıb.

Müəllif: Aləmdə Nəsib