İxtisas seçmək hüququ olan abituriyent 20-dək ixtisas kodunu qeyd edə bilər
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Rəqs müəllimliyi” ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçimi 29 sentyabrdan 2 oktyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi“nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.