Köçəryan saxlanılıb

Dünya

17.05.2022 - 12:32

“Məni polis şöbəsinə gətirdilər"

Ermənistanın sabiq Prezidenti, Xocalı cəlladı Robert Köçəryanın oğlu Levon Köçəryan İrəvandakı itaətsizlik aksiyası zamanı saxlanılıb. 

AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Köçəryan sosial şəbəkə hesabında yazıb. 

“Məni polis şöbəsinə gətirdilər. Ruhdan düşməyin, geri çəkilmirik, davam edirik”, - L.Köçəryan qeyd edib.

Xatırladaq ki, Ermənistan Müqavimət Hərəkatı bu gün səhər saatlarından İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyalarını davam etdirib. Paytaxtın müxtəlif yerlərində küçələr, Maştots prospektindən Zvartnots Hava Limanına gedən yol bağlanıb. Polis hərəkəti bərpa etməyə çalışıb. 

“155 vətəndaş İrəvanın müxtəlif yerlərində saxlanılaraq polis şöbələrinə aparılıb”, - deyə polisdən bildirilib.

Saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin (polis əməkdaşının və ya polis əməkdaşlarının qanuni tələbinə tabe olmama) tələblərini pozduqlarına görə məsuliyyətə cəlb ediliblər.

Xatırladaq ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az