“Kiçik”lərin arxasında gizlənən “böyük”lər və talanan büdcə

Cəmiyyət

30.12.2021 - 15:13

Hüquqşünas: “Ədalət Vəliyev bu qədər pulu hardan qazana bilər ki?!”

Əmlak eksperti: “Onların ölkədə və ölkədən kənarda hansı miqyasda sərvətə, əmlaka sahib olduqları bəllidir”

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağı Ədalət Vəliyevin müsadirə edilən əmlaklarının siyahısı yayılıb. Məlum olub ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan hər iki şəxsin məhkəmənin hökmü ilə müsadirə edilən ümumi əmlakları 50 milyon manat civarındadır.

Nəzərə alsaq ki, adıçəkilən şəxslər çox da yüksək vəzifələrdə təmsil olunmayıblar və bundan öncə bəzi iri ranqlı məmurların da daha böyük məbləğdə əmlakları müsadirə olunub, bu xüsusda dövlət büdcəsinin məmurlar tərəfindən soyğunçuluğa məruz qaldığı tam çılpaqlığı ilə ortaya çıxır. Əhalinin əksər hissəsinin sadəcə ailəsini dolandırmaq, minimal ehtiyaclarını təmin etmək məqsədilə çalışdığı hazırkı şəraitdə məmurlar tərəfindən dövlət büdcəsinin “sağmal inək” təki sağılması cəmiyyətdə ciddi etirazlara səbəb olub.

Məmurlar dövlət büdcəsini necə belə asanlıqla talaya bilirlər? Nəyə görə həbs olunandan sonra bu cinayətkar əməlləri ortaya çıxır? Müvafiq qurumlar vaxtında niyə bu kimi halların qarşısını almır? AYNA aktual olan və cəmiyyəti düşündürən bu suallara ekspertlərdən cavab almağa çalışıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev düşünür ki, dövlət idarəçiliyində şəffaflıq olmadığı müddətdə bu kimi hallar davam edəcək: “Çox maraqlı məqamdır. Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə əmlakı müsadirə olunan Ədalət Vəliyev bu qədər pulu hardan qazanıb ki?! Qeyd olunduğu kimi, adıçəkilən şəxs Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağıdır. Hüquqi baxımdan burada Əli Həsənovun məsuliyyəti olmasa da, hər kəsə bəllidir ki, bu pullar ona məxsusdur. Çünki Azərbaycanda məmurlar daşınmaz və daşınar əmlaklarını öz qohumlarının, yaxınlarının adlarına rəsmiləşdirirlər. Hətta Mənzil Tikinti Kooperativlərində (MTK) “qurbanlıq” direktorların təyinatından geniş istifadə olunur. Deməli, payçıları aldadan, bir mənzili bir neçə nəfərə satan MTK-ların real sahibləri qalır bir kənarda, onların yerinə “qurbanlıq direktorlar” ittiham olunurlar”.

“Bütün bunlar ondan qaynaqlanır ki, Azərbaycanda məmurlar illik gəlir deklorasiyası doldurmurlar. Demək olar ki, bütün qonşu dövlətlərdə buna keçid edilib - Türkiyədə, Gürcüstanda və s. Lakin bizdə bu, baş vermir. Bununla bağlı qanunun qəbul olunmasına imkan vermirlər. Əslində nəinki məmurlar, bütün vətəndaşlar gəlir deklorasiyası doldurmalıdırlar. Bu, vahid statistik bazanın formalaşmasına, şəffaflığın təmin olunmasına gətirib çıxarar. Bundan sonra saxta yollarla sosial müavinət alanlar da olmaz. Necə ki, dəhşətli ehtiyac içərisində yaşayan insanlar olduğu halda, bəzən maddi imkanları yüksək olan şəxslər onların yerinə sosial müavinətlər alırlar”, - deyə həmsöhbətimiz bildirib.

Vəkil gəlir deklorasiyası təqdim etməyin bir mədəniyyət olduğunu söyləyib: “Nəhayət, gec də olsa, Azərbaycan buna keçid etməlidir. Yalnız “qırmızı xətt”i keçən, özlərinə lazım olduğu halda cəzalandırılan məmurların əmlakları ilə bağlı məlumatlar tirajlanır. Bu isə heç kimə lazım deyil. Bəllidir ki, burada məqsəd cəmiyyətə hesabatlılıq yox, onları ifşa etməkdir”.

Mustafayev əlavə edib ki, hökumət bu sahədə ciddi islahatlar aparmalıdır: “Bu islahatlar artıq günün tələbidir. İnsanlar var ki, elementar maddi ehtiyaclarını ödəyə bilmirlər. Lakin məmurlar və onların övladları bahalı villalarda, lüks avtomobillərdə gəzirlər. Axı məmur sahibkar deyil və o, dövlətdən yalnız məvacib rəsmi alır. Necə olur ki, onlar qısa müddətdə varlana, milyonçuya, milyarderə çevrilə bilirlər?! Bu kimi neqativ hallara birmənalı son qoyulmalıdır”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının da sözlərinə görə, əksər hallarda bu cür əmlakların real sahibləri sahibkarlar deyil, yüksək rütbəli məmurlar olurlar: “Bütün dünyada qəbul edilmiş müvafiq standartlar mövcuddur. Əslində bu qədər əmlak ixtiraçılarda və sahibkarlarda olmalıdır. Lakin Azərbaycanda əksər hallarda məmurlara məxsus olur. Bu, təbii ki, çox ciddi problemdir və uzun illərdir cəmiyyəti narahat edir”.

“Təkcə Vüqar Səfərli və Əli Həsənovun bacanağının yox, həbs edilən və edilməyən digər məmurların da büdcəni necə taladıqları, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda hansı miqyasda əmlaklara sahib olduqları heç kimə sirr deyil. Təəssüflər olsun ki, ictimai nəzarət mexanizmi və bu kimi digər yollarla bu problemi tənzimləmək mümkün deyil”, - deyə müsahibimiz qeyd edib.

O vurğulayıb ki, bunun üçün ortaya ciddi siyasi iradə qoyulmalıdır: “Prezident İlham Əliyev dəfələrlə bununla bağlı məmurlara xəbərdarlıq edib. Lakin göründüyü kimi, bəzi məmurlar bu köhnə şakərlərindən qurtula bilmirlər. Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, əksər dövlət qurumlarının idarəçiliyinin bu Holdinqə verilməsi aydın şəkildə ortaya qoyur ki, dövlət bu problemin qalmasında maraqlı deyil”.

“Lakin bunun üçün zamana ehtiyac var və hesab edirəm ki, zamanla bu məsələlər öz həllini tapacaq. Qiymətləndirmə şirkəti olaraq bizim də bununla bağlı məlumatlarımız var. Gerçəklik ondan ibarətdir ki, bu cür əmlakların mütləq əksəriyyəti oliqarx-məmurlara, onların yaxınlarına məxsusdur. Hesab edirəm ki, hüquqi yollarla müdaxilə, qəti siyasi mübarizə tədbirləri ilə bu kimi neqativ halların qarşısını almaq olar”, - deyə Osmanlı fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə