Kadırovun nümayəndəsi narkotiklə saxlanılıb

Dünya

27.10.2021 - 12:58

Çeçenistan rəhbərinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Xizriyev Sankt-Peterburqda tutulub

Sankt-Peterburqun yol polisi Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Şimal-Qərb Federal Dairəsindəki nümayəndəliyinin rəhbəri İslam Xizriyevdə narkotik açkarlayıb. AYNA xəbər verir ki, bu barədə “47news” portalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 26-da yol polisi əməkdaşları Xizriyevin idarə etdiyi dəbdəbəli “Porsche Cayenne Turbo” markalı avtomobili saxlayıblar. Onun kifayət qədər adekvat vəziyyətdə olmadığını dəqiqləşdirən polis işçiləri yoxlama aparmağa başlayıblar. Nəticədə Xizriyevin avtomobilində 3 qram narkotik psixotrop maddə aşkarlanıb.

Tibbi müayinə zamanı Kadırovun nümayəndəsinin qanında narkotik qalıqları aşkar edilib. O, iki sutkalıq həbs edilib.

İstintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi (“külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması”) ilə cinayət işi açıb.

Qeyd edək ki, bundan əvvəl Kadırovun şəriki, Qroznıdakı “Sever” alayının keçmiş komandiri Rəhman Abdulqədirov Moskvada narkotikin təsiri altında olduğu üçün saxlanılmışdı.

Müəllif: Ayna.az