“Şəxsən mənimlə görüş xahişinin yeganə izahı o ola bilər ki, belə bir görüş onlar üçün şəxsi şantaj baxımından dəyərlidir”
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri, milyarder Bidzina İvanişvili ABŞ-ın Gürcüstandakı səfiri ilə görüşdən imtina etdiyini təsdiqləyib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.
İvanişvili diplomata alternativ olaraq Baş nazir İrakli Kobaxidze ilə görüş təklif edib, amma səfir bu görüşdə maraqlı olmayıb.
İvanişvilinin yaydığı bəyanatda deyilir: "İmtina ilə yanaşı, biz səfirə Gürcüstanın Baş naziri ilə görüşməyi təklif etdik. Baş nazir heç bir rəsmi və ya qeyri-rəsmi sanksiyalara məruz qalmayıb və ona görə də şəxsi şantajla bağlı hər hansı kompleksə malik ola bilməz. Lakin səfir bundan imtina etdi və bu da bizim fikrimizcə, şəxsi şantajı Gürcüstan tərəfi ilə bağlı dövlət maraqlarının mümkün qərarlarının qəbul edilməsində aparıcı amil hesab etdikləri barədə fikirlərimizi təsdiqləyir. Deyə bilərlər ki, mənim iqtidar partiyasının təsisçisi və fəxri sədri kimi qərarların qəbul edilməsində xüsusi təsirim var. Ancaq sizi əmin edirəm ki, hakim partiyada heç bir fundamental qərar komandanın, ilk növbədə, Baş nazirin iştirakı olmadan qəbul edilmir. Şəxsən mənimlə görüş xahişinin yeganə izahı o ola bilər ki, belə bir görüş onlar üçün şəxsi şantaj baxımından dəyərlidir ".
İvanişvilinin sözlərinə görə, ona qarşı rəsmi və qeyri-rəsmi sanksiyalar mövzuları, o cümlədən "bloklanmış məbləğ" şantaj predmeti kimi istifadə oluna bilər. Eyni zamanda, İvanişvili iddia edir ki, Gürcüstanla münasibətləri normallaşdırmaq naminə pul xərcləməyə hazır deyil.
Sonda İvanişvili bəyan edib ki, o Gürcüstan-Amerika münasibətlərinin yenidən qurulmasını təklif edən Gürcüstan hökumətini dəstəkləyir - “sıfırdan və konkret yol xəritəsi ilə”.