İrəvanın öz əleyhinə və sülhə zərbə siyasəti: Ermənistan uçuruma itələnir

Aktual

09.04.2024 - 14:35

Üzeyir Cəfərov: “Şərti sərhəddə atəşkəsin pozulması, təxribatlar Brüsseldəki danışıqların nəticəsidir”

Dünən saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənilər bu gün saat 10:40 radələrində isə İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, əvvəlki günlərdə də Ermənistan ordusu tərəfindən Naxçıvandakı, Tovuz istiqamətindəki mövqelərimiz atəşə tutulub. Son günlər Ermənistanın atəşkəsi mütəmadi pozması, təxribatlara əl atması şərti sərhəddə toqquşma gözləntisini artırır. Analitiklər hesab edirlər ki, İrəvan sülh sazişini imzalamaqdan boyun qaçırmaq üçün, zaman qazanmaq üçün addımlar atmaqdadır. Bu isə sonra hərbi toqquşmaların baş verməsini qaçılmaz edə bilər.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya bildirib ki, hərbi əməliyyatların keçirilməsi sıradan bir məsələ deyil:

- Hərbi əməliyyat üçün hazırlıqlar, planlar hazırlanır və ona uyğun addımlar atılır. Bu əməliyyatlar barədə isə cəmiyyətə əvvəlcədən məlumat verilmir, verilməməlidir də. Azərbaycanın tələsik addım atmaq niyyəti yoxdur. Biz əsas işimizi görmüşük – Qarabağ işğaldan tam şəkildə azad edilib. Qazaxın 7, Naxçıvanın Kərki kəndi işğalda qalıb ki, onu da rəsmi Bakı normal, sivil, danışıqlarla həll edilməsinin tərəfdarı olduğunu bəyan edib. Azərbaycan Ermənistandan tələb edir ki, kəndlər qansız-qadasız şəkildə təhvil verilsin. Əslində Ermənistan ilkin mərhələdə Qazaxın 4 kəndinin qaytarılmasına razılıq verdiyini bəyan edib. İndi Bakı İrəvandan tələb edir ki, bəyanat əməldə icra olunsun, kəndlər qaytarılsın. Təxminən bir aydır ki, kəndlərin qaytarılması məsələsi müzakirədədir, amma hələ də təhvil verməyiblər.

Bilirsiniz, hər ötən gün Ermənistan üçün yeni imkanlar, fürsətlər yaranır. Zaman qazanmağa çalışan İrəvan buna nail olmaqdadır. Hansısa imkanlar yarananda Ermənistan həvəsə gəlir, kəndləri qaytarmaqdan, sülh sazişini imzalamaqdan boyun qaçırır. Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistana hansı sözü verdilərsə, bir neçə gündür şərti sərhəddə atışkəsi pozmaqla məşğuldurlar.

- Zaman qazanmaq üçün atəşkəsi pozmaları nə qədər məntiqli siyasətdir?

- Birincisi, Ermənistanda məntiq axtarmaq absurddur. İkincisi, Ermənistan sanki revanş istəyindədir. Söhbət erməni müxaliflərindən getmir, Ermənistan hakimiyyətindən gedir. Brüsseldə Qərblə müzakirələrdən, Avropanın bəzi dairələri ilə danışıqlardan sonra Ermənistan sanki bir qədər də cəsarətlənib. Hesab edirəm ki, şərti sərhəddə atəşkəsin pozulması, təxribatlar Brüsseldəki danışıqların nəticəsidir. Baxın, Paşinyan Tavuş bölgəsinə səfər etdi, kəndlilərlə danışdı və verdiyi bəyanatlardan hiss edilirdi ki, 4 kəndi qaytarmağa hazırdır. Amma proses uzanır, müsbət nəticə də yoxdur. Əksinə, şərti sərhəddə atəşkəs pozulur. Bütün bunlar onu deməyə əsas verir ki, İrəvan vaxt uzatmaq siyasətini həyata keçirir. Yəni sülh sazişi imzalanmaq məsələsi ortaya gələndə, kəndlərin qaytarılması məsələsi gündəmə gələndə göstərmək istəyir ki, “baxın, gərginlik var, toqquşma var, bu halda necə sülh sazişi imzalayaq”. Bəziləri iddia edir ki, Ermənistan ordusu daxilində Paşinyana tabe olmayan qüvvələr var, təxribatı da onlar törədirlər. Bu, qeyri-ciddi yanaşmadır. Ölkənin birinci şəxsinin əlində resurslar və imkanlar var ki, ona qarşı olan hərbçiləri sıradan çıxarsın, yerdəyişmələr etsin və s. Ona görə də düşünürəm ki, atəşkəsin pozulması, şərti sərhəddə təxribatlar Paşinyanla razılaşdırılmış addımlardır, birbaşa onun göstərişi ilə həyata keçirilir. Paşinyan bütün proseslərə nəzarət edir və lazımi addımlar atılmasına da göstəriş verir.

- Maraqlıdır ki, Ermənistan atəşkəsi sərhədin müxtəlif istiqamətlərində pozur. Bir gün Naxçıvan, başqa gün Tovuz, sonrakı gün Laçın...

- Məqsəd odur ki, dünyana Ermənistanın bütün şərti sərhəd boyu təhlükədə olduğunu nümayiş etdirsinlər. Atəşkəsi pozurlar, adekvat cavab alırlar və Azərbaycanı atəşi pozan tərəf kimi göstərirlər. Burada da  bir qədər özlərini ifşa edirlər. Məsələn, Qazax istiqamətində “səs” yoxdur. Məntiqlə, Azərbaycan atəşkəsi o tərəfdən pozmalıdır axı. Çünki işğalda qalan kəndlər Qazağın kəndləridir. Rəsmi İrəvan görünür ki, toqquşma marağındadır. Ona görə də mütəmadi atəşkəs pozuntusu Ermənistan rəhbərliyinin göstərişi ilə həyata keçirir. Bəllidir ki, Paşinyan hakimiyyətinə də tapşırıq verilir, bu addımları atmağa həvəsləndirən kənar qüvvələr var. Xüsusilə, Qərbdəki bəzi dairələrdir ki, rəsmi İrəvanı həvəsləndirirlər. Guya ki, toqquşma olsa, müharibə olsa, həmin qüvvələr Ermənistanı dəstəkləyəcəklər, silah-sursatla təmin edəcəklər. Amma Ermənistan anlamalıdır ki, bu siyasət onların ziyanınadır. Ermənistana dəstək də verilsə, bu ölkənin ordusunun Azərbaycan Ordusu ilə qdöyüşmək gücü və qüdrəti yoxdur. Paşinyana tapşırıq verən qüvvələr əslində Ermənistanı uçuruma sürükləyirlər. Baş verənlər sülh sazişinin imzalanması prosesinə də mənfi təsir göstərir. İstər İrəvan, istərsə də havadarları bunu nəzərə almalıdırlar.

- Yeri gəlmişkən, rəsmi İrəvandan bildirilib ki, Azərbaycanın təklif etdiyi sülh paketinə yeni redaktədə cavab verilib. Bu redaktə artıq səkkizincidir. Ermənistan XİN başçısı isə bildirib ki, İrəvanla Bakı arasında bir çox məsələlər razılaşdırılıb, amma razılaşdırılmayan məqamlar var. Atəşkəs pozuntusu fonunda Ermənistanın sülh bəyanatı qəribə deyilmi?

- Ermənistan Azərbaycanla sülh sənədini imzalayacaq, başqa yolu yoxdur. İndi çırpınırlar, amma anlayırlar ki, saziş imzalanacaq. Çünki bu, Bakıdan çox İrəvana lazımdır. İndi yenidən düzəlişlər edib, sənədi göndəriblər. İrəvanın yeni düzəlişləri nədir, biz bundan hələlik məlumatsızıq. Yəqin ki, İrəvanın yeni redaktə ilə göndərdiyi təkliflərdə Bakının qəbul etmədiyi məsələlər yenidən öz əksini tapıb. Güman ki, yaxın günlərdə Ermənistanın düzəlişləri barədə məlumat alacağıq. Ondan sonra fikir bildirmək olar ki, Ermənistan sülhlə bağlı indi nə düşünür. Ola bilsin ki, zaman qazanmaq üçün yenidən axmaq iddialarını sənəddə əks etdiriblər.

Müəllif: Anar Bayramoğlu