Politoloq: “Ərdoğanın bəyanatı ona işarə idi ki, Ankara Tehranla müzakirələr apara, bu problem aradan qalxa bilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı mesajlar verib. Qardaş ölkə lideri bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: "Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram və buna ümid edirəm".
Türkiyə rəhbərinin bu açıqlamasının rəsmi Tehrana mesaj olduğunu qeyd edən ekspertlər bildirirlər ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişikliyin olacağı ehtimalı artır.
Politoloq Amid Əliyev AYNA-ya bildirib ki, Türkiyə liderinin İranı günahlandırması təsadüf deyil: “İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan lideri tərəfindən Zəngəzur dəhlizi məsələsi gündəmə gətirildi. Bundan sonra dəhlizə qarşı aktiv fəaliyyəti məhz İran həyata keçirdi. İran dəhlizin açılmasını özünün “qırmızı xətti” elan etdi. Bundan sonra İranın həm siyasi hakimiyyət, həm də dini radikal hakimiyyət tərəfindən Azərbaycana qarşı təhdidlər başladı. Biz bunu çıxışlarda, bəyanatlarda, mesajlarda gördük. Eyni zamanda, təlimlərlə güc göstərməyə çalışdılar. Türkiyə Prezidenti bunların hamısını müşahidə etmiş, məlumatlı şəxsdir və Tehranı günahlandırması əbəs deyil”.
“Məlumdur ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən razılıqlar əldə edilib. Bir neçə gün öncə Rusiya Baş nazirinin müavini Overçuk da bildirdi ki, artıq dəhlizin keçəcəyi yer, gömrük məsələləri dəqiqləşdirilib. Həmçinin dəhlizin dəmiryolu layihəsi Azərbaycan tərəfindən çəkilib. Belə olan şəraitdə İran narahatdır. Tehran anlayır ki, yaxın vaxtlarda Zəngəzur dəhlizi reallaşacaq. Çünki hər iki tərəfin ortada siyasi iradəsi var”, - deyə analitik vurğulayıb.
A.Əliyev Türkiyə tərəfinin narahatlığının da təbii olduğunu deyib: “Çünki İrandan Azərbaycana qarşı təzyiq, təhdid həm də Türkiyəyə qarşıdır. Unutmaq olmaz ki, Şuşa Bəyannaməsinə əsasən, Azərbaycanın milli təhlükəsizliyinə və milli maraqlarına təhdidlər Türkiyənin təhlükəsizliyinə, maraqlarına təhdiddir. Belə olan halda Türkiyə rəhbərliyinin sərt bəyanatları, mesajları təbiidir”.
“Onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi nəinki Azərbaycan üçün, eyni zamanda, bölgədə iqtisadi dvidentlər əldə etmək istəyən dövlətlərin hər biri üçün vacibdir. Azərbaycan, Türkiyə, Ermənistan, hətta bölgədən kənarda olan Çin və Avropanın marağındadır. Hesab edirəm ki, İran siyasi hakimiyyəti bunu nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır. Ərdoğan bəyanatında İranın bunu başa düşəcəyinə ümid etdiyini vurğuladı. Bu bəyanat ona işarə idi ki, Ankara Tehranla müzakirələr apara, bu problem aradan qalxa bilər”.