İranın köməyi ilə Azərbaycana hücum planı və ya “bu, bizim üçün fürsət olar”

Siyasət

14.02.2023 - 18:11

Səxavət Məmməd: “İranın təhriki, köməyi ilə də olsa, Azərbaycanın istədiyi Ermənistanın bu səhvi etməyidir”

“Hər bir müharibənin, döyüşün, əməliyyatın bir bəhanəsi olur. əslində regionumuzda vəziyyət o həddə çatıb ki, indi Azərbaycan bir növ bəhanə axtarır”

Ötən həftə Ermənistanın İranla birgə Azərbaycana qarşı yeni hərbi təxribat planı hazırladığına dair məlumatlar yayıldı. Diplomatik mənbələrin məlumatında vurğulanır ki, təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Qeyd edilir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var.

Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Yada salaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir. Hər iki ölkənin Azərbaycana münasibəti nəzərə alınsa, təbii ki, təxribat planı heç bir şübhə doğurmur.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd bildirib ki, əslində uzun müddətdir ki, İranla Azərbaycan arasında gərginlik davam edir:

- Bu gərginlik İkinci Qarabağ müharibəsindən sonra daha aktiv fazaya keçdi. Müharibəyə qədər İran Azərbaycana qarşı hansısa bəyanat verirdi, sözlü təhdid edirdi, amma gərginlik indiki həddə çatmamışdı. Müharibədən sonra İran Araz sahilində iki dəfə genişmiqyaslı təlimlər keçirdi. Təbii ki, öz ərazisidir, iddia edə bilər ki, buna heç bir dövlət qarışa bilməz. Amma İranı tanıyanlar da, Azərbaycan siyasiləri və cəmiyyət də bilirdi ki, bu təlimlər məhz Azərbaycana güc göstərisidir. Azərbaycan tərəfindən bu təlimlərə cavab verildi. Belə ki, İranın ikinci hərbi təlimindən sonra Azərbaycan Araz kənarında daha geniş miqyaslı təlim keçirdi. Xüsusi təyinatlıların, Türkiyədən gələn yüksək rütbəli mütəxəssislərin iştirakı ilə təlimlər baş tutdu. Bütün dairələr anladı ki, Bakı Tehrana bununla cavab verdi. Yəni gərginlik davam edirdi.

- Nəticədə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı terror həyata keçirildi...

- Bəli, bu, pik nöqtə idi. Bütün kadrlardan da görünür ki, terror məqsədli idi. İran dövləti terrorçuya heç bir müdaxilə etmədi. Dolayısı ilə bu, proseslərin kuliminasiya nöqtəsi idi, tehranın Bakıya qarşı mövqeyinin açıq bəyanı idi. Sözüm ondadır ki, İrana etibar yoxdur. Bu dövlət hər an hər şeyi edə bilər. Açığını deyim ki, İranın Azərbaycana birbaşa müdaxiləsi gözlənilən deyil. Tehran Azərbaycanı təhdid etsə də, həzm edə bilməsə də, hücum etmək ürəyindən keçsə də bunu etməz. Çünki İran fürsət gözlədiyi kimi, dünyada da İrana qarşı əməliyyat keçirməyə fürsət axtaran dövlətlər var. Tehranda bunu çox yaxşı başa düşürlər. Amma İran Ermənistanın vasitəsilə təxribat törədə bilər.

- Bunu hansı formada həyata keçirə bilər?

- Ermənistanın istəyi odur ki, ötən ilin sentyabr ayındakı döyüşlərdə itirdikləri mövqeləri geri qaytarsın. Yaxud da ki, digər yerləri də qaytarmaq istəyir. Amma bu arzusunu yerinə yetirəcək gücü yoxdur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hava hücumundan müdafiə sistemləri demək olar ki, sıradan çıxarıldı. Raket kompleksləri sıradan çıxarıldı, şəxsi heyətinin böyük hissəsini Ermənistan itirdi. Ermənistanın ordusu döyüş əzmində deyil. Yəni ki, Ermənistanın Azərbaycana hücum etmək gücü faktiki olaraq yoxdur.

Azərbaycanın isə vəziyyəti tamam başqadır. Müharibə həm də Azərbaycana ordunu daha da gücləndirmək üstünlüyünü verdi. Məsələn, əvvəl Azərbaycan Ordusunun 4 korpusu və Naxçıvan Əlahiddə Qoşunları vardı. İndi isə qoşunların sayı artıb, yeni birliklər formalaşdırılıb. Ermənistan-Azərbaycan sərhədi də, Qarabağ da Azərbaycanın tam nəzarətindədir. Ona görə də Ermənistan yalnız İranın dəstəyi ilə nəsə edə bilər.

- İranın Ermənistana belə bir dəstəyi verməsi nə qədər realdır?

- İran bu potensialda olan bir dövlətdir. Üzdə olmasa da, arxada Ermənistanı cəsarətləndirə, Azərbaycana hücuma təşviq edə bilər.

Əsas sual odur ki, belə halda Azərbaycan nə edə bilər?! Hər bir müharibənin, döyüşün, əməliyyatın bir bəhanəsi olur. əslində regionumuzda vəziyyət o həddə çatıb ki, indi Azərbaycan bir növ bəhanə axtarır. 44 günlük müharibədən əvvəl torpaqlar işğal altındaydı, ortada vasitəçilər vardı, nəticə yox idi. O dönəmlə indikini müqayisə etsək, o dövrdə Azərbaycanın müharibəyə başlaması daha asan idi. Amma indi müharibəyə başlamaq çox çətindir.

- Çətinlik dedikdə nəyi nəzərdə tutursunuz?

- Bölgə çox qarışıqdır. Sülhməramlılar var, Avropa İttifaqının, dolayısı ilə Fransanın Müdafiə Nazirliyinə tabe olan jandarma var. Regionda xüsusi maraqlı ölkələr var. Bu baxımdan, əməliyyata başlamaq çətinliyi mövcuddur. Hesab edirəm ki, Ermənistanın Azərbaycana ən böyük yaxşılığı o olardı ki, hansısa hücuma cəhd edərdi. Bununla da Azərbaycanın nəinki işğalda qalan hansısa bir kiçik ərazini, bütövlükdə qalan ərazilərin hamısını götürmək gücü var. Mən əminəm ki, Ermənistanın ilk təxribatındaca Azərbaycan Ordusunun təxribatın qarşısını sərt şəkildə almaq və Ermənistanı ciddi cəzalandırmaq imkanı var.

Azərbaycanın ilk hücuma keçməsi də mümkündür. Amma bunun üçün Bakı Moskva ilə hansısa danışıqlara getməlidir. Unutmaq olmaz ki, ərazidə sülhməramlılar var. Amma Ermənistan hücum edərsə, Azərbaycanın hansısa ölkə ilə danışıqlara getmək kimi problemi olmayacaq. Məsələ qəliz olduğu qədər də bəsitdir. İranın təhriki, köməyi ilə də olsa, Azərbaycanın istədiyi Ermənistanın bu səhvi etməyidir. Təbii ki, Azərbaycana Ermənistanın hücumu onlar üçün səhv olacaq. Azərbaycanın prosesi tam hazır vəziyyətdədir. Bununla Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etmək gücü var. Həm də bu istək mövcuddur.

Müəllif: Anar Bayramoğlu