İlham Əliyev: “İranda dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq”
“İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq”.
AYNA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır", - dövlət başçısı qeyd edib.
“İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur", - Prezident İlham Əliyev əlavə edib.
Prezident qeyd edib: “Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu...”
Dövlət başçısı deyib ki, bu mövqe Azərbaycan üçün heç cür əhəmiyyətli deyil: “Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən”.