İmperator öldü, yaşasın yeni imperator!

Aktual

23.01.2021 - 22:11

İmperiyalar bir halda humanist olur…

 

İmperiyalarda rəhbər, yaxud idarəçilik şəklinin dəyişməsi böyük fərq yaratmır: Qədim Roma (Senat və ya imperator hakimiyyəti); Xilafət (Əməvilər və ya Abbasilər); İran (Pəhləvi şovinizmi və ya teokratik şovinizm); Rusiya (Romanovlar və ya SSRİ) və s. və i.

 

Bunların heç birində niyyət – hökm ehtirası dəyişməyib. Daxilə yönəlik “müraciət tərzi” fərqli olub zaman-zaman, lakin nə daxilə, nə xaricə ünvanlanan mesaj dəyişib - əz və hökm elə! Çünki imperiyanın adı (qabağında "demokratik respublika" olsa belə) onun mahiyyətini dəyişmir - başqa millətlər, dövlətlər, torpaqlar üzərində zorən hakimiyyət, istila, istismar!

 

Bu gün şimal qonşumuzda yaşananlar imperiya əleyhinə etiraz deyil, imperiyanın hegemon xalqının özünə daha yaxşı həyat tələbidir (bu tələb imperiyanın "əyalət" xalqlarının arzularının üzərində qurulsun, fərq etməz onlar üçün).

 

İmperator/Prezident Putin - imperiyanın mövcud idarəçisi, keçici siması (dünən üçün Çar 1-ci Aleksandr Romanov, sabah üçün Prezident Aleksey Navalnı) - hər kimsə, gedəcək. Bu gün olmasa da, sabah... ya da o biri günlərin birində. Amma imperiyanın mahiyyətində nəsə dəyişəcəkmi?

 

Navalnı - biriləri üçün sabahkı imperator, digərləri üçün bugünkü imperatorun "laxlamış taxtının yapışdırıcısı". Hələ o düşüncələri buraxaq bir kənara ki, Navalnı Putinin taxtını bərkidir, hazırkı etirazlar rus cəmiyyətinin içində illərlə sıxılıb qalmış qazın çıxması üçün bir "deşikdir" (qaz çıxsın, sancı yatsın deyə), yaxud Aleksey babat bazarlıq məhsuludur...

 

Belə uzaqgörən yorumları qoyaq qırağa və təsəvvür edək: Sabahın imperatoru 69 yaşlı Vladimir Vladimiroviç Putin deyil, 45 yaşlı Aleksey Anatolyeviç Navalnıdır... Və? İmperiya öz ambisiyalarından imtina edəcək, qınına çəkiləcək, "müstəmləkə"lərin yaxasından əl çəkəcək?

 

Ya da başqa bir ehtimala beynimizi yoraq. Deyək ki, Aleksey idxal-ixrac məhsuludur - Rusiyadan alınıb, Qərbdə "tərbiyələndirilib" (demokratlaşdırılıb, liberallaşdırılıb, şəffaflaşdırılıb və s.) və təkrar ölkəsinə geri göndərilib ki, "get, o zülməti aydınlat". Amma burda da Ayətullah Xomeyni köməyimizə çatır...

 

O da Qərb (Fransa) "eyitiminin" məhsulu hesab olunurdu - ilk işi də elə Qərblə körpüləri yandırmaq oldu. Qərblə körpüləri bir yana, İranda elə bir sistem qurdu ki, öncəki imperialist idarəçilik sistemlərinin olan-qalan ümid işartılarını da qapatdı - daha qatı, içə daha qapanıq, çölə daha acgöz bir quruluşun əsasını qoydu.

 

Beləcə dönürük dönəmimizə - dövrümüzün imperiyasına - bu günün Putin, sabahın navalnılar çarlığına. Bu qıt ağlımla düşünürəm ki, Kremldə deyil şovinist Vladimir, faşist-liberal Aleksey olsun... "Sverdlovskiy oblast"ın çöllərindən bir İvan tapıb taxta əyləşdirin - dönüb Qroznı olacaq, Pyotr gətirin - Romanov olacaq, bir qadın düşünün - Yekaterina olacaq.

 

Nəticə nədir? İmperiya quduz dişlərini qıcamaqdan, iştahını itiləməkdən, həris nəzərlərini ora-bura zilləməkdən və onun-bunun məhrəminə soxulmaqdan vazmı keçəcək? "Humanistləşəcəkmi", "zəriflənəcəkmi" yoxsa?

 

Çətin ağlımız kəssin, heç kəsməsin! Çünki imperiyalar bir halda humanist olur - dağılanda, bir halda zərif olur - olmayanda!

Müəllif: Tural Talehoğlu