İmkan verin, kəndimizə gələk – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

15.06.2020 - 10:53

Operativ Qərargahdakı yetkililər dəyişməlidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

İndi diqqətə çatdıracaqlarımla, ola bilər ki, kimsə razılaşmasın. Amma bir çox sahələrdə kənar baxış deyilən bir anlayş var ki, bu anlayış hansısa prosesə qıraqdan baxıb daha dəqiq qiymət vermək imkanı verir. Mənə elə gəlir ki, bizim Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibi də bir müddətdən bir dəyişməlidir. Ki, kənardan baxış daha çevik və məntiqli qərarların verilməsinə gətirib çıxarsın. Çünki, bəzi addımlar doğrudan da, məntiqdən kənar görünür. Axı niyə belə düşünürəm? İzah edim.

 

Mənim bu kişilərin ölkəmizi bürüyən koronavirusla mübarizə aparmaq üçün əllərindən gələni etdiklərinə heç bir şübhəm yoxdur, amma elə bil ki, koronavirus bütün cəhdlərə baxmayaraq, öz qurbanlarının sayını çoxaltdıqca, Operativ Qərargahın işçiləri eyni metodlara əl atır və sanki, yeni qərar verməkdən çəkinirlər.

 

Xeyr, söhbət artıq “Facebook”da məsxərə obyektinə çevrilmiş “ev heyvanlarına gəzmək olar, insanlara yox” tipli qərardan getmir. Mən ötən həftənin cümə günü sosial şəbəkələri bürüyən şəhərdən çıxmaq istəyən əhalinin geri qaytarılmasından, daha sonra Bakını torpaq yolla tərk etmək cəhdlərindən danışıram.

 

Artıq Daxili İşlər Nazirliyi də avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, həmin görüntülər ötən gün (13 iyun – red.) Bakı-Quba yolunda qeydə alınıb. “Paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ torpaq yolla şəhərdən çıxmaq istəyiblər. Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb”, - Zahidov vurğulayıb.

 

Mənə elə gəlir ki, Operativ Qərargah sərt karantin rejimi, evdən çıxmamaq barədə qərar qəbul edəndə, rayonlara getmək imkanı olan insanların çıxmasına şərait yaratmalı(idi)dır. Təbii ki, insanların istirahət mərkəzlərinə getməsindən söhbət getmir. Amma kimin rayonlarda evi, qohumu-filan varsa, buraxın, getsin. Onsuz da bu koronavirusun ən çox yayıldığı yer Bakı, Sumqayıt, bir sözlə, böyük şəhərlərdir. Yəni, rayona gediş-gəliş insanları sərt karantin rejimindən bir gün əvvəl market və banklardakı basabasdan, ictimai nəqliyyatdakı sıxlıqdan qoruya bilər.

 

Axı, insanların rayonlara getməsi, şəhərin boşalması - sıxlığın aradan qalxması, kütlənin bir-biri ilə daha az təmasda olması və yoluxma riskinin azalması deməkdir. Zatən, Operativ Qərargahın tətbiq etdiyi karantinin əsas məqsədi də bu deyilmi? Razılaşın ki, rayonlarda sosial məsafəni saxlamaq üçün şərait daha yaxşıdır, elə əhalinin sıxlığı da daha azdır.

 

Elə bu düşüncələrdəykən, saytların birində deputat Aqil Abbasın fikirlərini oxudum. O, Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını deyir: “Açığını deyim ki, bu təklifi Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar”.

Aqil Abbas: "Olimpiya kompleksleri varlilarin mekanina cevrilib"

“Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzunmüddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və ya başqa bölgədə evi və ya qohumlarının evi ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər. Belə olan təqdirdə, rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq”, - deputat bildirir.

 

Aqil Abbas əlavə edir ki, əgər koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: “Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz. Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam”.

 

Bəlkə, bir bunu da yoxlayaq? Onsuz da insanımız qanunun imkan verdiyi və vermədiyi yollarla paytaxtı tərk edir. Əgər mən düşündüklərimi, hansısa bir formada deputatın da dilindən eşidirəmsə, deməli, dediklərim ən azı sərsəmləmı yox, yaşamaq haqqı olan bir variantdır. Bəlkə, cəhd edək?

 

Axı, təmiz hava və təmiz qida - hansı ki, rayonlarımızda var - insanın immunitetini gücləndirir. Koronavirusa qarşı hələ ki, vaksin-filan yoxdur. Ümid ancaq Allahın mükəmməl yaratdığı insan orqanizmini qoruyan immunitetədir. Gəlin, onun gücləndirilməsinə xidmət edək. Çünki, bu virus, israilli alimlərin gəldikləri nəticəyə görə, cəmiyyətdə “sürü immuntiteti” yaranana qədər insanları yoluxduracaq.

 

Odur ki, imkan verin, kəndimizə gələk - ən azı, koronavirus qarşısında “silahsız” olmamaq üçün. Bəlkə, elə bu məqam, bu düşüncə, bu yanaşma naminə Operativ Qərargaha yeni baxışı olan insanlar lazımdır...

Müəllif: Yoldaş Mircəfər