İlham İsmayıl müsahibə

Siyasət

22.07.2020 - 21:00

Ermənistan silahlı qüvvələri tərəfindən sərhədin Tovuz istiqamətində törədilən hərbi təxribat və bir həftəyə qədər davam edən mövqe döyüşləri gündəmin müzakirə mövzusudur. Artıq Tovuz döyüşləri ətrafında beynəlxalq mediada, xüsusən də Rusiya mətbuatında müxtəlif fikirləri özündə əks etdirən məqalələr yazılır. Xüsusən də, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti səviyyəsində Metsamor AES-in vurulması məsələsi ilə bağlı açıqlama müəyyən ajiotaj yaradıb. Ermənistan mediası və Rusiya informasiya resurslarında çalışan ermənilər, ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı təbliğat aparılır.

 

Ermənilər Metsamor AES-lə bağlı açıqlamanı əlində “bayraq” edərək, dünyaya car çəkir ki, rəsmi Bakı regionu təhlükə altında qoymaq niyyətindədir. Azərbaycanda yerli mütəxəssislər isə hesab edirlər ki, Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən bu cür məsuliyyətsiz açıqlama verilərkən düşünülməli idi ki, bu bizim haqlı mübarizəmizə zərbə vuracaq. Necə deyərlər, haqlı olduğumuz halda, xırda olsa da, kobudluğu ilə seçilən səhv nəticəsində haqsız duruma düşürük. Ekspertlərin qənaətincə, Tovuz döyüşləri məsələsində yenə də Azərbaycan informasiya müharibəsində axsadı, təbliğat beynəlxalq aləmdə düzgün qurulmadı.

 

AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl maraqlı məqamlara toxunub. Onun fikrincə, Metsamor AES-lə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidməti rəhbərinin emosional şəkildə dediyi söz idi və bu kökündən səhv fikir idi...

 

- Bunu sosial şəbəkələrdə kimlərsə yaza bilər, yazıldı da. Ermənilər tərəfindən də zaman-zaman Mingəçevir SES-i vurmaqla bağlı fikirlər səsləndirilib. Onların keçmiş Müdafiə nazirindən tutmuş, ehtiyatda olan digər generallarına, zabitlərinə kimi, dəfələrlə Mingəçeviri vurmaq haqqında bəyanatları olub. Amma onlar rəsmi dövlət adamları deyillər, sabiqlərdir. Ona görə də, bizimkilər bu məsələni çox qabartmayıblar. Məsələ budur ki, Metsamor AES-in vurulması ilə bağlı fikri bizim hansısa sıravi çəxsimiz yox, nazirlik rəsmisi deyir. Buna mən məsuliyyətsizlik deyirəm, başqa adı yoxdur. İndi ermənilər bunu əllərində “bayraq” ediblər. Düşmənin əlinə fürsət düşüb, bu vasitə ilə əks-təbliğat aparırlar. Təbii ki, Xarici İşlər Nazirliyi tərəfindən də, Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən də məsələ ilə bağlı açıqlama verildi, fikir bildirildi. Mən hesab edirəm ki, Azərbaycan tərəfi faktlarla sübut etməlidir ki, ermənilər tərəfindən dəfələrlə Mingəçevir SES-in vurulması haqqında danışılıb. Hətta araşdırsan Ermənistan rəsmilərinin də belə fikirlərinə rast gəlmək olar. Bunu tapmaq mümkündür. Əks-təbliğat kimi bildirmək olar ki, Ermənistanın təxribat törətdiyi, döyüşlər getdiyi, əsgər, zabit itirdiyimiz bir vaxtda Müdafiə Nazirliyi rəsmisinin belə açıqlama verməsi, emosional davranışdır. Çox təəssüf ki, bizimkilər məsələnin bu istiqamətində təbliğatını apara bilmirlər. Yəni informasiya mənbələri ilə, Rusiya, Avropa, ABŞ mətbuatı ilə işləyə bilmirlər. Halbuki, bu fikirləri ermənilərin təbliğat vasitəsinə çevirməsinin qarşısını almaq olardı.

 

-Bunu hansı formada etmək mümkün idi?

 

-Məsələn əks-təbliğat olaraq bildirilməli idi ki, Metsamor AES-in vurulması Azərbaycana daha çox ziyandır, nəinki Ermənistana. Metsamor AES hava yolu ilə Sədərəkdən 30 kilometr aralıdır. Türkiyəyə, İrana daha yaxındır. Eyni zamanda, Metsamor AES-in xüsusiyyətləri haqqında ortaya sənədlər qoyulmalıdır, Çernobil AES-dən fərqi izah olunmalıdır. Çernobil AES-də 4, Metsamor AES-də 2 enerji bloku var, Metsamor AES-in əhatə dairəsi neçə kilometrdir, çirklənmə ərazisi nə qədərdir və s. Bildirmək lazımdır ki, Metsamor AES-in zəhər vermə gücü təxminən 200 min kvadrat kilometri əhatə edə bilər ki, bu da Azərbaycanın ərazisindən iki dəfə böyükdür. Ortaya qoyulmalıdır ki, belədirsə, Azərbaycan bunu necə vura bilər? Yəni deyilməlidir ki, gərginlik nəticəsində verilən bir bəyanatı bu qədər şişirtməyə ehtiyac yoxdur.

 

-Bunu bəs rəsmilərimiz niyə etmirlər?

 

-Bu sualın cavabı mənim üçün də maraqlıdır. Ümumiyyətlə, bizim informasiya müharibəmiz, çox pisdir. Azərbaycanın informasiya savaşı daxilə yönəlib, xaricə yox. Tovuz döyüşləri barəsində informasiyalar olsun, insanların Azərbaycan Ordusuna dəstək aksiyası ilə bağlı informasiyalar olsun, bunlar daxilə yönəlib. Amma bu informasiyaları xaricə yönəltməklə daha çox effekt əldə etmək olardı. Mən beynəlxalq mətbuatı izləyirəm, haqqımızdakı xəbərləri, məqalələri oxuyuram. Məsələn, ABŞ mətbuatında Tovuz döyüşləri haqqında xülasədə, “Azərbaycan çoxlu itkilər verib, general şəhid edilib, cəmiyyətdə çaşqınlıq var, XİN başçısı işdən çıxarılıb, Silahlı Qüvvələrin Baş qərargah rəisinin istefası haqqında söz-söhbət gəzir, müxalif fikirli insanlar həbs edilir, ölkədə pandemiya dövründə xaos yaşanır” və s. bu kimi məqalələr dərc olunur. Çünki biz informasiya təbliğatını çölə yox, içəri yönəltmişik.

 

-Necə edilməlidir ki, informasiya xaricə yönəldilsin, bunun mexanizmi nədir?

 

-Bunun mexanizmi çoxdur. Məsələn, bu hadisələr başlamazdan əvvəl “beyin mərkəzləri” yaratmaq lazım idi. Dövlət qurumlarının mətbuat xidmətlərinin saytında 3 dildə informasiya qoyması yetərli deyil. Bir neçə qurumda, Müdafiə Nazirliyinin, XİN-in, DTX-nın “beyin mərkəzləri” yaratmaları vacibdir. Oraya mütəxəssisləri cəlb edirsən, otururlar belə məsələlərlə məşğul olur, xaricə yönəlik informasiyalar hazırlayırlar. Çox təəssüf ki, bizdə belə mərkəzlər yoxdur.  Bütün hallarda, informasiya məkanında təbliğatımız çox zəifdir.

 

-Belə məqamlarda jurnalistlərə deyilir ki, yalnız rəsmi məlumatları dərc edin. Cəmiyyətə də bildirilir ki, yalnız rəsmi məlumatlara inanın. Rəsmi məlumatlar isə çox zaman gecikir, dezinformasiyalar meydana çıxır. Sonra da deyirik ki, peşəkar mətbuat dezinformasiyanın qarşısını ala bilmədi. Bu məsələdə də sanki bir çaşqınlıq, yolsuzluq var...

 

-O rəsmi informasiya inandırıcı olsa, jurnalistlər də cəmiyyət də ikinci mənbə axtarmayacaq. Yəni ki, hər şeyi rəsmi şəkildə dəqiqliklə, inandırıcı formada versələr, o zaman cəmiyyət də nəyin necə olduğunu biləcək. Amma, istər jurnalistin, istərsə də sosial şəbəkə istifadəçilərinin əlində hansısa dəqiq informasiya var və baxır ki, əlində olan informasiya ilə rəsmi informasiya arasında böyük zidiyyət yaranır. O zaman təbii ki, rəsmi məlumata inam olmayacaq. Əvvəla, rəsmi xəbərlərdə müntəzəmlik, operativlik yoxdur. Xüsusən də, döyüş vaxtı az qala bir, iki saatdan bir xəbər verilirdi. Amma informasiya tez-tez verilməlidir, hadisələr yerindən işıqlandırılmalıdır. İnformasiyanın təşkili məsələsi var ki, Müdafiə Nazirliyi hərbdən yazan jurnalistləri yığır, deyir gəlin buradan informasiya verin. Orda rəsmilər də olub, jurnalistlərlə birgə işləməlidir. Jurnalist çəkdiyini, gördüyünü dəqiqləşdirib, xəbəri ötürməlidir. Baxın, biz bu gün də general-mayor Polad Həşimovun hansı şəraitdə, harada, saat neçədə şəhid olduğunu bilmirik. Biri deyir sanitar maşınında olub, biri deyir adi UAZ maşınında olub, biri deyir əməliyyat qərargahında olub. Bax, hadisədən 10 gün keçib, hələ də rəsmi açıqlama yoxdur ki, biz generalımızı necə, hansı şəraitdə itirmişik.

 

-Açıqlanmayanda da, şaiyələr baş alıb gedir...

 

-Əlbəttə ki, dezinformasiyalar, şaiyələr yayılacaq. Bu gün ordunun Baş qərargah rəisi Nəcməddin Sadıkovun qardaşının ötən əsrin 80-ci illərində vəfat etdiyi haqqında rəsmi açıqlama verilir, amma generalın hansı şəraitdə şəhid olduğu haqqında heç nə açıqlanmır. Sərhəd döyüşlərindən başı çıxmayanlar da yazır ki, general düşmənlə qarşı-qarşıya döyüşüb. Ay qardaş, bu quru qoşunları deyil ki, tank gedə, öndə də general ola. Burada mövqe döyüşləri gedir, artilleriyadan atəş açılıb. Bunu çıxıb rəsmi şəkildə açıqlamırlar. Ona görə də, hərə ağlına gələni deyir, başı çıxan, çıxmayan, hər kəs danışır. Çünki real informasiya yoxdur. Bu bizim ağrılı yerimizdir. Tovuzdan gedib reportaj hazırlayırlar, yerli əhali, kənd insanları da deyir, biz bir qarış torpaq vermədik. Rəsmilər də bunlara qoşulub deyirlər ki, torpaq verməmişik. Biri çıxıb insanlara anlatmır ki, erməni bizdən torpaq almaq üçün təxribat törətmədi, nə də biz onlardan torpaq almaq üçün döyüşdük. Bu, sadəcə mövqe döyüşləri idi. Bizim itkilərimiz çox oldu, general, zabitlər, əsgər itirdik. Bunu demirlər.

 

-Ermənilərin də çox itki verdiyi haqqında məlumatlar var. Fikirlər var ki, bizim hərbçilər qeydiyyatdadır, amma Ermənistanda əsasən muzdlular döyüşür. Onlar da qeydiyyatda olmadığı üçün rəsmi İrəvan gizlədə bilir...

 

-Bu Azərbaycanın təbliğatıdır. Ermənistanda Baş Nazir Nikol Paşinyana müxalif olan qüvvələr var ki, dörd gözlə baxırlar. İstəyirlər ki, ölən hərbçi sayı çox olsun, hakimiyyətin əleyhinə istifadə etsinlər. Muzdlular deyirsiz, bir misal çəkim. Rusiyanın məşhur “Vagner” dəstəsi var, muzdlulardır. Hansı ki, Suriyada, Liviyada döyüşürlər. Suriyada ölən “Vagner”in üzvündən yazmırlar, xəbəri vermirlər? Türkiyə mətbuatından tutmuş, ABŞ mətbuatına kimi, bütün dünya mediasında adına kimi yazırlar. Ermənistanda təkcə erməni mətbuatı yoxdu ki, onlar da yazmasınlar. Orada Rusiya, Avropa KİV-lərinin bürosu var. O muzdluların öləndə yaxını, qohumu çıxıb deməz ki, filan yerdə ölüb, gətiriblər meyitini? Bununla hansısa uğursuzluğa bəraət qazandırmaq düzgün deyil. Ermənistan açıqlayır ki, 4 nəfər ölüb, 30 nəfər yaralanıb, bunlardan 5-i ağır yaralıdır, o 5 nəfərin içindən biri xüsusilə ağır yaralıdır. Reallıq budur, bunu da cəmiyyətə açıq şəkildə demək lazımdır. Yaxşı, necə oldu ki, ermənilərin “nayomnik”lərinin kimliyini müəyyənləşdirə bilmədik? Serbiyadan Ermənistana gətirilən silahlar haqqında məlumat əldə edə bilirik, amma onların muzdlularının kimliyini müəyyənləşdirə bilmirik?!

 

-Serbiyadan silah demişkən, bu məsələnin arxasında nə dayanır?

 

-Bu məsələnin başqa tərəfləri var. O silahlar ermənilərin işinə çox da yarayan deyil. Köhnə minomyotlardı ki, onlar da keyfiyyətsiz silahlardır. Söhbət ondan gedir ki, Serbiya Kosova məsələsinə görə Azərbaycanın haqlı Qarabağ mövqeyini dəstəkləyir. Serbiya ilə Azərbaycan müttəfiqdirlər, biri-birilərini beynəlxalq arenada müdafiə edirlər. Ermənistanın da niyyəti bu münasibətləri pozmaqdır. Ermənistan o qədər hiyləgərdir ki, bir həmlə ilə Azərbaycanın iki dövlətlə münasibətini pozmağa çalışır. Ermənilər minomyotların Serbiyadan alınıb Gürcüstan üzərindən gətirilməsi informasiyasının açıq şəkildə yayılmasında maraqlıdır. Ermənistana yol Gürcüstandan gəlir, başqa hardan yol var ki? Nüvə silahı deyilsə, bu yükü Gürcüstan buraxmalıdır. Yəni burada qeyri-adi nə var? Ermənistan bizimlə Gürcüstanın da arasını vurmaq istəyir ki, buna müəyyən dərəcədə də nail olub. Eyni zamanda da, Serbiya ilə münasibətlərimizi korlamağa çalışır. Serbiya zamanında o qədər silah istehsal edib ki, onu ucuz qiymətə satmaqla məşğuldur. Ermənistandan qabaq Serbiya silahları terrorçu İŞİD qüvvələrinə satıb. Bu ölkə kasıb ölkədir, köhnə, yararsız silahları kimə gəldi ucuz qiymətə satır. Hamı yazır ki, Serbiya Ermənistana minomyot satıb. Minomyot nə silahdır ki? Bunu kustar üsulla da düzəltmək olur. Biz o vaxt Çaykənd ətrafında vuruşanda minomyot düzəldirdik. Bu nə silah-sursatdır ki, belə şişirdilir?! Ermənistanın pulu hardandır ki, köhnə, yararsız silahlara pul xərcləsin? Dünyada ən ucuz silah satan ölkə Serbiyadır. Erməni də cüzi məbləğ qarşılığında minomyot alıb. Ermənistan yaxşı bilir ki, o silahlar yararsızdır. Sadəcə bununla da bir təbliğat apardı, dediyim kimi, Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərini korlamağa çalışdı. Təəssüf ki, Ermənistanın bu hiyləgər gedişini çox insanımız anlamadı. Düşünmək lazımdır ki, Ermənistanın “İsgəndər” raketi kimi silahı varsa, minomyot nəyinə lazımdır?

 

-Dediklərinizdən belə anladım ki, biz yenə də təbliğat baxımından, informasiya savaşı baxımından düşmənə uduzduq...

 

-Əlbəttə ki, uduzduq. Bircə məsələdə uduzmadıq, o da erməniləri qorxuya salmaq baxımından. Ümumiyyətlə, neçə ki hərbi gərginlik var, Dağlıq Qarabağdakı ermənilər rahat olmurlar, qorxu içərisində qalırlar. Gərginlik olanda, ermənilər özlərinə sual verirlər ki, “görəsən mən nə qədər belə yaşayacam”. Azərbaycana atəşkəsin pozulması lazımdır, amma yaxşı pozulması, tutarlı pozulması lazımdı. Mən ermənilərlə 8 il işləmişəm, onların xarakterini bilirəm. Onlar üçün harada çörək və duz varsa, ora vətənləridir. Bu onların xalq məsəlidir. İstər Argentinadakı, Amerikadakı, Fransadakı erməni olsun, istərsə də Dağlıq Qarabağdakı, yaxşı yaşamağa can atırlar. Qarabağda ermənilər bir xəstə ideologiyanın əsasında dayanıblar. Biz səksəkədə saxlasaq, onlar Qarabağı tərk edəcəklər. Aprel döyüşlərindən sonra o qədər erməni Qarabağdan getdi ki...Tovuz döyüşlərindən sonra sərhəddəki ermənilər yavaş-yavaş köçüb gedəcəklər. Onlar qorxaq millətdir, ölməkdən çox qorxurlar. Bu döyüşlərin Azərbaycana bir bəhrəsi var ki, döyüşün necə nəticələnməsindən asılı olmayaraq, onlar belə yaşamaq, qorxu içində yaşamaq istəmirlər. Biz azərbaycanlıların getməyə başqa yeri yoxdur, amma erməni dünyanın harasına getsə orada yaşaya bilər. Çünki lobbiləri var, həm də dediyim kimi, yeməyə çörək tapdıqları yeri vətən sayırlar. Ona görə də, hesab edirəm ki, onları psixoloji təsirdə saxlamalıyıq.

Müəllif: Anar Bayramoğlu