Türkiyə hərbi birliklərini Tripoliyə göndərəcək

Siyasət

02.01.2020 - 22:25

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, anti-Türkiyə qüvvələri ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar

 

Türkiyə parlamenti 325 lehinə, 184 lehinə olmaqla hərbi qüvvələrin Liviyaya müdaxiləsinə icazə verdi. Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir. Müxalif general Xaftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Xaftar Liviyanın tamamına nəzarəti ələ keçirəcək.

 

Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan anti-Türkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə əlavə güc lazımdır.

 

Beləliklə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcbur qalıb. Cumhuriyyət Xalq Partiyası Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, “türk hərbçilərinin Suriyada və Liviyada nə işi var”. Əlbəttə, Türkiyədə bu arqumenti dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, anti-Türkiyə qüvvələri ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güclər, demək olar ki, yoxdur.

 

Siyasətdə bunlar da var. Ünal Çeviköz Türkiyənin Azərbaycanda səfiri olanda Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini əsaslandırırdı. Bunu səfir vəzifəsi ondan tələb edirdi. Bu gün Ünal Çeviköz müxalifətdəki Cumhuriyyət Xalq Partiyasının əsas simalarından biridir və bu gün Böyük Millət Məclisində partiyası adına çıxış edərək eyni sualı verib: “Bizim Liviyada nə işimiz var?”

Müəllif: Elxan Şahinoğlu, politoloq