Azərbaycan Prezidenti Macarıstanın Baş nazirinə və ZSerbiyanın Prezidentinə məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərib.
AYNA-nın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz koalisiyanın yenidən qələbə qazanması münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız daha da genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə də təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.