İdman zalında ölən uşaq, mina terroru, “Kərimə dövləti” və... – Milli Məclisdə MÜZAKİRƏ

Aktual

02.05.2023 - 13:56

Parlamentin iclasında 17 məsələ müzakirə olundu: deputatlar irad və təkliflərini səsləndirdilər

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində olan 17 məsələyə baxılıb. Toplantı spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflər veriblər.

Milli Məclis sədri Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Ankarada keçirilən sessiyası haqqında millət vəkillərini məlumatlandırıb. S.Qafarova bildirib ki, sessiya çərçivəsində bir sıra məsələləri qaldırıb: “Ermənistanın mina terrorunu davam etdirdiyini, etnik zəmində qarşıdurmanı təşviq etdiyini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar törətdiyini nəzərə çatdırdım. Eyni zamanda, çıxışlarımda erməni təxribatların qarşısının alınması üçün Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurduğunu və görülən işləri sadaladım. TürkPA-nın növbəti sessiyasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi”.

“Kəlbəcər sakinlərinin öz ata-babalarının məzarlarını ziyarət etməsinə şərait yaradılsın”

Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra yenidənqurma və bərpa işlərinə start verildiyini xatırladan deputat Aqil Məmmədov deyib ki, çox sayda vətəndaşımız azad olunmuş ərazilərdə işlə təmin olunub: "O cümlədən, bir çox qurumlar Kəlbəcərdə fəaliyyətlərini bərpa ediblər. Xüsusən də yay aylarında əhalinin mal-qarasının və arı ailələrinin bölgəyə köçürülməsinə imkan yaradılıb. Yay aylarında ərazidə 10 minə yaxın vətəndaşımız fəaliyyət göstərib. Hesab edirəm ki, onların səhhəti ilə bağlı problemlər yarandıqda lazımi tədbirlərin görülməsi üçün tibb məntəqələrinin yaradılmasına ehtiyac var”.

“Daha bir məsələyə toxunmaq istəyirəm ki, bu, Kəlbəcər sakinlərinin öz ata-babalarının məzarlarını ziyarət etməsinə şərait yaradılması ilə bağlıdır. Təklif edirəm ki, bir sıra həssas qruplara daxil olan ailələr üçün heç olmasa həftədə bir dəfə, təhlükəsizliyə riayət etmək şərtilə gediş-gəliş təşkil olunsun. Onlar öz ata-baba yurdlarını görə bilsinlər”, - deputat təklif edib.

“Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır”

Deputat Kamal Cəfərov isə idman zalında kobud rəftar nəticəsində ölən 7 yaşlı uşaqla bağlı danışıb. Millət vəkili deyib ki, hadisə ilə bağlı idman zalındakı görüntülər sarsıdıcıdır: “Mehman Xəlilov adlı məşqçinin uşaqlara qarşı qəddar davranışını əks etdirən görüntülər yayıldı. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdırlar. Bu, çox ciddi məsələdir”.

“Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Hesab edirəm ki, idman məktəblərində nəzarət gücləndirilməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Uşaqlar da belə hallarla qarşılaşdıqda polisə bildirsinlər. Düşünürəm ki, təcili müzakirələrə başlamalı və idman zallarında bu cür halların yaşanmasının qarşısı alınmalıdır”, - deyə deputat əlavə edib.

Fırıldaqçı tikinti şirkətləri və Stalinqrad döyüşünü xatırladan yol... – Deputat narazılıq etdi

Deputat Rüfət Quliyev isə çıxışında vətəndaşları aldadan tikinti şirkətlərindən danışıb. Millət vəkilinin sözlərinə görə, MTK-lardan şikayətlər son dövrlər hədsiz dərəcədə artıb: “Belə şirkətlər insanların vəsaitlərini alıb, onlara cavab vermirlər. Məsələn,  “Bakı İnşaat” MMC neçə vaxtdır ki, vətəndaşların pullarını alıb, cavab vermir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Mənim köməkçim həmin şirkətin rəhbəri Zahir Əsgərovla əlaqə saxlamağa çalışsa da, o, danışmadı. Hesab edirəm ki, belə şirkətlərə qarşı tədbirlər görülməlidir”.

Deputat yol məsələsini də qaldırıb: “Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür, avtomobil yollarımız dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır. Ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur. Mən dəfələrlə xahiş etmişəm ki, həmin yola radarlar quraşdırılsın. Düzdür, işıqforlar qoyublar, amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl orada iki uşağı avtomobil vurub, hazırda reanimasiyadadırlar. Problemlə bağlı Lənkəran Şəhər Polis İdarəsinin rəisinə də müraciət etmişəm, sağ olsun, kömək edir. Ancaq radar olmasa, insanların yenə qəzaya düşməsi halları davam edəcək”.  

Ermənistanın mina terroru: konkret faktlar var, amma...

İclasda deputatlar Ermənistanın mina terrorundan da danışıblar. Deputat Azay Quliyev çıxışında xatırladıb ki, aprelin 28-də daha 3 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub: “Mina terroru ilə bağlı Azərbaycanın QHT-ləri beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar. Lakin beynəlxalq təşkilatlar növbətçi bəyanatlar verməklə məsulliyyətlərini məhdudlaşdırmamalıdırlar. Ortada konkret faktlar var. Ermənistan Üçtərəfli Birgə Bəyanatdan sonra belə, Azərbaycan ərazilərində minalar basdırıb. Azərbaycanın ictimai təşkilatları ATƏT və digər qurumların Ermənistanın mina terroruna açıq reaksiya verməsini tələb edirlər. Ermənistan isə mina terroru ilə Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtma hüquqlarını əllərindən alır”.

“Onu da bildirim ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı heç kim Azərbaycana irad bildirə bilməz. Çünki bu məntəqə Qarabağa qanunsuz silahların, minaların da daşınmasının qarşısını alır”, - deyə deputat vurğulayıb.

“Beynəlxalq instansiyalar susmağa üstünlük verirlər”

“Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub”, deyən deputat Elşad Mirbəşir isə söyləyib ki, təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub: “Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıq ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər. Bu da Ermənistanı özünü cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir”.

“Ermənistan beynəlxalq hüquq normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verirlər. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ona görə də hesab edirəm ki, Ermənistana ciddi təzyiqlər göstərməlidirlər”,- deyə deputat bildirib.

““Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir”

Deputat Ceyhun Məmmədov isə çıxışında bildirib ki, Azərbaycan daxilində radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir: “Əslində son günlər hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atırlar. Hesab edirəm ki, bu, davamlı olmalıdır. Çünki reallıq ondan ibarətdir ki, belə adamların sayı on minlərlərdir”.

“Bununla yanaşı, düşünürəm ki, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir və biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir. Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”, - deputat əlavə edib.

Millət vəkili onu da bildirib ki, İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir: “Yenə deyirəm, dinin siyasiləşdirilməsi yönündə cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdırlar”.

Bundan sonra deputatlar iclasın gündəliyindəki məsələlərin müzakirəsinə keçiblər. Ümumilikdə, 17 məsələyə baxılıb, qanunlarda dəyişikliklər edilib.

Müəllif: Anar Bayramoğlu